Deputatlar: Əli Nağıyev və Vilayət Eyvazov vəzifələrinin öhdəsindən yüksək peşəkarlıqla gəliblər

Baxılıb:492
Deputatlar: Əli Nağıyev və Vilayət Eyvazov vəzifələrinin öhdəsindən yüksək peşəkarlıqla gəliblər

Bu gün general-polkovnik Əli Nağıyevin Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi və general-polkovnik Vilayət Eyvazovun daxili işlər naziri təyin edilməsindən 2 il ötür. Milli Məclisin deputatları generalların fəaliyyəti barədə danışıblar, onların bu müddət ərzindəki xidmətlərini yüksək qiymətləndiriblər.
Parlamentin üzvü Elman Məmmədov Pravda.az-a açıqlamasında əminliklə qeyd edib ki, DTX rəisi Əli Nağıyev və daxili işlər naziri Vilayət Eyvazov peşəkar və sahələrində püxtələşmiş rəhbərlərdirlər:



“Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan islahatlar, yeniliklər, korrupsiyaya və cinayətkarlığa qarşı mübarizə, ölkəmizin təhlükəsizliyinin gücləndirilməsi istiqamətində görülən işlərdə hər iki şəxs rəhbərlik etdikləri qurumlarda yüksək göstəricilərə nail olublar. Hesab edirəm ki, Prezident İlham Əliyevin Əli Nağıyev və Vilayət Eyvazovu müvafiq vəzifələrə təyin etməsi olduqca düzgün və lazımlı təyinatdır. Gördüyümüz kimi, bu, öz bəhrəsini verməkdədir. 44 günlük Vətən müharibəsində həm Daxili İşlər Nazirliyi, həm də Dövlət Təhlükəsizlik Xidməti yüksək səviyyədə iştirak edərək torpaqlarımızın işğalçılardan təmizlənməsi, ərazi bütövlüyümüzün təmin olunması üçün çox aktiv iştirak etdilər. Bunun nəticəsidir ki, hər iki qurumun rəhbərləri və əməkdaşları Prezident tərəfindən dövlət mükafatlarına layiq görüldülər. Yəni təkcə bu göstərici Əli Nağıyev və Vilayət Eyvazovun işlərinin öhdəsindən lazımi səviyyədə gələ bildiyini sübut edir”.

Milli Məclisin deputatı Azər Badamov bildirib ki, daxili işlər naziri Vilayət Eyvazov və DTX sədri Əli Nağıyevin təyinatından sonra hər iki qurumun fəaliyyəti daha da şəffaflaşıb və dövlətçilik istiqamətində atılan addımlar gücləndirilib:



“Son dövrlər həmçinin korrupsiya əleyhinə tədbirlərin artdığının da şahidi oluruq. Həm polis, həm də təhlükəsizlik orqanlarında fəaliyyət çevikləşib. Dövlətin təhlükəsizliyi peşəkar şəkildə təmin edilir. Eyni zamanda, bu dövr ərzində pamdemiyaya qarşı mübarizə tədbirlərinin səmərəliliyini artırmaq üçün həyata keçirilən işlərdə, o cümlədən  44 günlük Vətən müharibəsində polis və təhlükəsizlik xidməti orqanlarının misilsiz rolu olub. Mən hər iki rəhbərə başladıqları bu uğurlu yolda bundan sonra da dəqiq addımlamağı arzulayıram”.

Millət vəkili Naqif Həmzəyevin sözlərinə görə, ötən 2 il ərzində Azərbaycan Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətində irəliləyiş müşahidə edilib:



“Pandemiya dönəmində həkimlər qədər polislərin də üzərinə böyük yük düşdü  və bu müddət ərzində polislər xidmətin yüksək səviyyədə təşkili və vətəndaşların təhlükəsizliyinin, sağlamlığının qorunması üçün nümunəvi xidmətlərini təşkil ediblər. Həmçinin biz ötən müddətdə polis və vətəndaş münasibətlərindəki şəffaflığın, yaxınlaşmanın və səmimiliyin şahidi olmuşuq. Eyni zamanda, 44 günlük Vətən müharibəsində biz hərbçilərlə yanaşı görünməyən, əslində isə bizim təhlükəsizliyimizi təmin edən və qarşı tərəfin casus xidmətini zərərsizləşdirən bir qüvvənin olduğunu etiraf etməliyik. Bu,  Dövlət Təhlükəsizliyi Xidmətidir. Onlar gecə-gündüz yatmadan dövlət təhlükəsizliyini təmin etdilər və Vətən müharibəsində digər güc orqanları kimi, həm dövlət Təhlükəsizliyi Xidməti, həm də Daxili İşlər Nazirliyi əməkdaşlarının çox böyük rolu və xidməti olub. Şükürlər olsun ki, Azərbaycan indi dünyanın ən təhlükəsiz ölkələrindən biridir. Bir sözlə, ötən müddət ərzində güc orqanlarının fəaliyyətini müsbət dəyərləndirir və bu nazirliklərin tərkibində xidmət edən bütün əməkdaşlara uğurlar arzu edirəm”.


Abunəlik