Deputatın partiyası fəaliyyətini DAYANDIRDI
Azərbaycanda daha bir partiya özünü buraxıb.
Vətəndaş Birliyi Partiyası (VBP) fəaliyyətinə son verdiyi barədə bəyanat yayıb.
Partiya 1999-cu ildə Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun rəhbərliyi altında yaradılıb. Partiyada 2000-ci il parlament seçkilərindən sonra mübahisələr yaranıb, partiya katibi İqbal Ağazadə və qurucusu Ayaz Mütəllibov rəhbərliyində iki qola bölünüb. İqbal Ağazadənin rəhbərlik etdiyi qüvvələr 15 mart 2002-ci il tarixində Ümid Partiyasına birləşib.
2003-cü ildə Ayaz Mütəllibov rəhbərlik etdiyi partiyanın Azərbaycan Sosial Demokrat Partiyası ilə birləşməsi ilə bağlı qərar qəbul edib, lakin partiya katibi Sabir Hacıyev bununla razılaşmayıb və partiyanın rəhbərliyinə keçib. Nəticədə Ayaz Mütəllibov istefa verərək Azərbaycan Sosial Demokrat Partiyasına üzv olub.
Sabir Hacıyev 2005, 2010, 2015 və 2020-ci illərdə parlamentin deputatı seçilib.
Məlumat üçün bildirək ki, 2022-ci ildə Azərbaycanda 59 siyasi partiya qeydiyyatda olub. Mart ayının əvvəlindən partiyalar özünü buraxmağa başlayıb. Fəaliyyətinə son verən partiyaların sayı 22-ə çatıb. Özünü buraxan partiyalar aşağıdakılardır:
- Qorqud Partiyası
- Azərbaycan Kommunist Partiyası
- Azərbaycan Tərəqqi Partiyası
- Vahid Azərbaycan Milli Birlik Partiyası
- Aydınlar Partiyası
- Müstəqil Xalq Partiyası (MXP)
- Azərbaycan Milli Demokrat Partiyası (AMDP)
- Yeni Yol Partiyası
- Azərbaycan Respublikaçılar Partiyası
- Müstəqil Azərbaycan Partiyası
- Azərbaycan Vahid Kommunist Partiyası
- Azərbaycan Sosial Demokrat Partiyası (ASDP)
- Azərbaycan Liberal Demokrat Partiyası (ALDP)
- Milli Vəhdət Partiyası (MVP)
- Azərbaycan Sosial Rifah Partiyası (ASRP)
- Azərbaycan Naminə Alyans Partiyası (ANAP)
- Azərbaycan Təkamül Partiyası
- Birlik Partiyası
- Azərbaycan Azad Respublikaçılar Partiyası
- Milli Konqres Partiyası
- Vətənpərvərlər Partiyası
- Vətəndaş Birliyi Partiyası