Daşkəsəndə Silahlı Qüvvələr Günü qeyd olunub-FOTOLAR
Daşkəsəndə Silahlı Qüvvələr Günü qeyd olunub
Daşkəsəndə Silahlı Qüvvələr Günü qeyd olunub, hərbi qulluqçuların medalları şəhid ailələrinin üzvlərinə və Vətən müharibəsi iştirakçılarına təqdim edilib
İyunun 26-da Daşkəsən rayon İcra hakimiyyəti SHXÇDX-nin Daşkəsən rayon bölməsi ilə birgə 26 İyun – Silahlı Qüvvələr gününə həsr olunmuş bayram tədbiri keçirib.
Tədbirdə Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev, rayon prokuroru Maarif Hüseynov, rayon Polis şöbəsinin rəisi Seymur Əfəndiyev, SHXÇDX-nin rayon bölməsinin rəisi Faiq Vahabov, şəhid ailələri və Vətən müharibəsi iştirakçıları iştirak ediblər.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzülüb, ziyarət olunub.
Sonra Rayon Heydər Əliyev Mərkəzində şəhid ailələri və Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib. Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Görüşdə Əhəd Abıyev çıxış edib. O, çıxışında deyib: “26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə başda çox hörmətli möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev olmaqla, respublikadakı ordu, birləşmə və hissələrin şəxsi heyətlərini, hərbçi ailələrini, müharibə veteranlarını və şəhid ailələrini təbrik edir, suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda canlarını qurban verən qəhrəman şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyirik. Ulu öndər Heydər Əliyevin böyük səylə əsasını qoyduğu müasir və müstəqil Azərbaycan Respublikasının Silahlı Qüvvələri bu gün çox güclü peşəkar orduya malikdir. Bunu ötən il Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən İkinci Qarabağ müharibəsi tam sübut etdi. Parlaq zəfərlə sona çatan müharibədə daşkəsənli igidlər də qəhrəmanlıq dastanı yazdılar. 30 ilə yaxın davam edən işğala və haqsızlığa son qoyuldu, tarixi ədalət bərpa edildi. Azərbaycan ordusu doğma torpaqlarını necə müdafiə etdiyini, Vətən uğrunda son damla qanınadək vuruşmağı bacardığını qalib dövlət kimi bütün dünyaya göstərdi”.
Əhəd Abıyev çıxışında onu da vurğulayıb ki, torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak etmiş hər bir şəxs və onun ailəsi dövlətimizin xüsusi diqqət və qayğısı altında himayə olunur.
Digər çıxış edənlər də Azərbaycan Ordusunun tarixindən və 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbədən söz açıblar.
Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev bayram tədbirində Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunmuş hərbi qulluqçuların medallarını onların ailə üzvlərinə və Vətən müharibəsi iştirakçılarına təqdim edib.
Sonda xatirə şəkli çəkilib.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini,xüsusilə AzTimes.az üçün