“Dar gündə də, xoş gündə də bir yerdəyik”Millət vəkilindən türk qardaşlarımıza dəstək
Türkiyə və Azərbaycan arasında tarix boyu sarsılmaz qardaşlıq və dostluq münasibətləri mövcud olub. Hər iki xalqlar istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin kədərini və sevincini bölüşüb. Dövlətlərimiz və xalqlarımız aralarındakı doğma münasibətləri bütün məqamlarda izhar ediblər.
Məlum olduğu kimi, fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ nəticəsində yaşanan faciə, minlərlə insanın həyatını itirməsi və yaralanması Azərbaycan xalqını çox sarsıtdı.
Biz bu acı günlərdə Türkiyənin yanındayıq. Necə ki, Çanaqqalada azərbaycanlı gənclər Anadolu gəncləri ilə birlikdə şəhadətə yürüyüb qələbə qazanmışdılarsa, necə ki, Nuru Paşanın aslanları 1918-ci ildə Azərbaycanın köməyinə gəlmişdilərsə və 44 günlük qürur dolu tarixin ilk günlərindən qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək göstərmişdirsə, Azərbaycan da hər zaman olduğu kimi, zəlzələdən sonra ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanındadır.
Acı faciənin fəsadlarının aradan qaldırılması üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişləri ilə təxirəsalınmaz tədbirlər həyata keçirilməkdə və qardaş Türkiyə xalqına humanitar yardım göstərilməkdədir. Eyni zamanda, Azərbaycan xalqının nümayəndələri könüllü olaraq yardım təşəbbüsləri irəli sürür, öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir maddi və mənəvi dəstək göstərirlər. Azərbaycandan davamlı olaraq həkimlər, xilasedicilər, könüllülər göndərilir və göndəriləcəkdir. Xalqımız öz dəstəyini, öz həmrəyliyini həmişə olduğu kimi nümayiş etdirir. Biz bütün dünyaya bir daha bildirdik ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur.
Cənab Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər. FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 8-i uşaq olmaqla 37 nəfəri sağ xilas ediblər.
Onu da qeyd edək ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olub, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib. Səfirlik davamlı olaraq ziyarət olunur, zəlzələdən zərər çəkənlərə dövlət səviyyəsində dəstək və müxtəlif təşkilatlar, vətəndaşlar tərəfindən yardımlar təşkil olunur.
Xüsusi vurğulamaq lazımdır ki, Türkiyə-Azərbaycan arasındakı saf, səmimi və doğma münasibətlər çox dərindir. Bütün bunlar onu göstərir ki, əbədi və əzəli Azərbaycan-Türkiyə birliyi və qardaşlığı sarsılmazdır.
Bu gün dünyada ikinci belə bir dövlət yoxdur ki, Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın, dayaq, dəstək, qardaş ola. Tarixi köklərimiz, ortaq dəyərlərimiz, dinimiz bir olan Türkiyə ilə əzəldən var olan qardaşlıq bağlarımız gündən-günə daha da möhkəmlənir və güclənir. Elə bu sarsılmaz və əbədi birliyimizin gücü ilə də bütün cətinliklərin, qarşılaşdığımız problemlərin öhdəsindən layiqincə gəlirik.
Milli Məclisin Ailə,qadın və uşaq məsələləri komitəsinin sədri ,
professor Hicran Hüseynova AzTimes.az