Daha çox maaş ala bilərik – Azərbaycanda əməkhaqqı ilə bağlı yenilik olacaq?
Saatlıq əməkhaqqı sisteminə keçid çox müzakirə edilən məsələlərdəndir. Azərbaycanda saatlıq əməkhaqqının tətbiqi mümkün ola bilər.
Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
O qeyd edib ki, bir müddət öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aylıq əməkhaqqı rejimindən saatlıq əməkhaqqına keçid imkanı müzakirə edilib.
“Müzakirələr tamamlandıqdan və bu istiqamətdə mexanizm hazır olduqdan sonra artıq saatlıq əməkhaqqının tətbiqi mümkün ola bilər. Saatlıq əməkhaqqının müəyyən üstün tərəfləri var. Çünki bu, əksər inkişaf etmiş ölkələrdə tətbiq olunur.
Əsas üstünlüklərindən biri ondan ibarətdir ki, işçinin əməyinin daha düzgün qiymətləndirilməsinə şərait yaradır. Həm də işçi iş saatlarından sonra işləyirsə və ya şənbə, bazar, bayram günlərində işə çıxıbsa, onun əməkhaqqına iş saatına uyğun olaraq vəsait hesablanıb maaşına əlavə edilir.
Bu halda vətəndaşlarımız daha çox əməkhaqqı ala bilər. Bu mexanizm tətbiq olunacağı halda əmək hüquqları da daha yaxşı qoruna bilər. Saatlıq əməkhaqqı, təbii ki, zaman tələb edən bir prosesdir. Bunun üçün mexanizmin tam öyrənilməsi və tətbiq imkanlarının araşdırılması, eyni zamanda, biznes sektorunun prosesə tam hazırlığı önəmlidir.
Ona görə də özəl sektorun bu istiqamətdə imkanları və saatlıq əməkhaqqına keçid potensialı nəzərə alınmalıdır. Azərbaycanda saatlıq əməkhaqqının tətbiqi mümkün ola bilər”, – deyə o əlavə edib.