Çörək bahalaşacaq? – Açıqlama
Azərbaycanda buğdanın idxalı, buğda ununun və çörəyin istehsalı və satışı daha 1 il müddətinə vergidən azad olunur. Bununla bağlı Vergi Məcəlləsində dəyişiklik edilir. Vergidən azadetmə isə 2022-ci ilədək davam edəcək.
Xatırladaq ki, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2021-ci il yanvarın 1-dək vergidən azad edilmişdi.Bununla yanaşı Azərbaycanda bir neçə aksizli malların dərəcələri isə artırılır.Belə ki, təklif edilən dəyişikliyə əsasən, siqarillanın (nazik siqaretlər) 1000 ədədinə aksiz dərəcələri 31 manatdan 43 manata, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə 31 manatdan 35 manata, elektron siqaretlər üçün maye – hər litrinə 20 manatdan 220 manata qaldırılır.Vergi qanununda edilən dəyişikliklərdən belə aydın olur ki, əhalinin kütləvi tələbatı olan çörəyin qiyməti qalxmır, heç bir vergisiz ölkəyə idxal olunub satıla bilir. Lakin siqaret və tütün məmulatlarının qiymətində bir qədər artım hiss olunacaq.
Sözügedən hər iki məsələ ilə bağlı iqtisadçı-ekspert Kazım Məmmədov fikirlərini “Şərq”lə bölüşüb: “Əlbəttə, un məmulatlarının qiymətinin sabit qalması hər kəsi maraqlandıran amillərdəndir. Benzin və dizel yanacağının qiymətinin artmasından sonra ölkədə çörəyin də qiymətində artıma doğru dəyişiklik olacağı gözlənilirdi. Qiymət artmasa da çörəyin çəkisində azalmalar olacaqdı. Bu da vətəndaşların haqlı etirazına səbəb ola bilərdi.
Düşünürəm ki, hazırkı vəziyyətə uyğun olaraq ölkədə buğdanın və un məmulatlarının idxalında, eləcə də satışında olan vergi problemlərinin aradan qaldırılmasında, keçənilki kimi artırılmamasında fayda var.
Ölkədə aksizli malların dərəcələrinin artırılmasına gəlincə, onu deyə bilərəm ki, qiymət artımı istənilən halda yaxşı deyil. Amma baxır hansı malların qiyməti artır. Şübhəsiz ki, siqaret və digər tütün məhsulları insan sağlamlığına zərərlidir.
Doğrudur, qiymət artımını görən çox sayda insan cibini və ailəsini düşünərək bundan imtina etməyə məcbur olacaq. Lakin məsələyə fərqli aspektlərdən yanaşsaq onu deyə bilərəm ki, illərdir siqaret çəkən insan hər necəsə edib onsuz da o siqareti alacaq. Belə olan halda da zərər yenə insan faktoruna dəyir.
Bu həm sağlamlıq, həm də iqtisadi, yəni madiyyat baxımından da özünü büruzə verir”.(sherg.az)