“Co Bayden ayağının tozu ilə sanksiyaları Moskvanın “boğazına dayayacaq” – Qarabağda ABŞ-ın ayaq səsləri…
“44 günlük müharibə bir çox reallıqları, o cümlədən münaqişənin formatı ilə bağlı vəziyyəti dəyişdirdi. Avropada sülh və təhlükəsizlik məsələlərindən cavabdeh qurumun təsis etdiyi hibrid Minsk Qrupu “dişsiz” fəaliyyəti ilə 10 noyabr razılaşmasından sonra “ofsayta düşdü””.
Bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəisi, beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyi ATƏT həmsədrlərinin taleyi ilə bağlı “Sherg.az”a danışarkən deyib.
O, həmçinin mövcud dilemmaları qiymətləndirib:
“İndi bir çoxları hələ mexanizm kimi qalan, amma predmeti aradan qalxmış Dağlıq Qarabağ münaqişəsindən sonra qurumun nə edəcəyi sualına cavab axtarır. Azərbaycan tərəfi yalnız Dağlıq Qarabağdakı müəyyən yerlər istisna olmaqla, bütün əraziləri işğaldan azad edə bilib. Bölgəyə yerləşən Rusiya hərbçiləri yeni vəziyyətə nəzarət etsələr də, Azərbaycan ordusuna qarşı erməni terrorçularının fəaliyyəti davam edir. Qafqazda Türkiyə və Rusiyanın yenidən güc simvoluna çevrilməsi İran və Qərbin bölgədən qovulmasına səbəb olub. ATƏT-in Minsk qrupu çərçivəsində münaqişə barədə müzakirələri yenidən masaya daşımaq niyyəti daha çox Fransa və ABŞ-dan səslənən fikirlərdə yer alır…Ən vacib məsələ isə ABŞ-ın hələlik diplomatik yolla Qarabağ istiqamətində əks- hücuma keçməsidir. Belə ki, dövlət katibinin siyasi-hərbi məsələlər üzrə köməkçisi Clark Cooper Rusiyanın varlığının Dağlıq Qarabağ üçün “sabitliyin pozulması riski” daşıdığını bildirib. Buna görə ABŞ siyasi dairələri növbəti davranış hədlərini müəyyən edəcək və Rusiyaya qarşı atılacaq addımları nəzərdən keçirəcək. Yəni ATƏT-in Minsk qrupu “don dəyişdirir” və təzyiq alətinə çevrilir”.
Ə.Əlibəyli, həmçinin yaxın gələcəklə bağlı proqnozlarını da verib:
“Prezident İlham Əliyev də yaxşı bilir ki, qalib gəldiyi bir nöqtədə münaqişənin deduksiya edilməsinə imkan vermək olmaz. Ona görə elə daxili auditariyaya müraciətlə deyir ki, Dağlıq Qarabağ anlayışı artıq keçmişdə qaldı, ad unudulmalıdır. Şübhəsiz, indiki mərhələdə heç kim Azərbaycanın ərazi bütövlüyünü pozmaqla bağlı düşünmür. Amma bilinən odur ki, bir ay sonra inaqurasiya mərasiminin tortu kəsilməmiş Co Bayden ayağının tozu ilə sanksiyaları Moskvanın “boğazına dayayacaq”. Nəinki Rusiya Federasiyasının coğrafiyasında, rus ordusu olan bütün zonalarda ABŞ və Qərbin həmlələrini görə biləcəyik. Rus hərbçilərinin humanitar məqsədlər üçün Dağlıq Qarabağ zonasına qaytardıqları erməni qaçqınlarının ilk zərbə hədəfi məhz rus ordusu olacaq. Belə bir durumda Dağlıq Qarabağda vəziyyətə birdəfəlik nəzarəti Azərbaycan və türk ordusu ələ keçirməlidir. Əks halda hazırlanan ssenarinin nə mətni xoş oxunur, nə də rejissorun ağlısəlimdir”.