Cibimizdən çıxan özümüzə qayıdır? – ƏDV-nin faizi azaldılsa, QİYMƏTLƏR ENƏR, amma…
VI çağırış müddətində müəyyən dönəmlərdə bəzi deputatlar bu fikirlə çıxış etdilər ki, əlavə dəyər vergisinin (ƏDV) faizi azaldılsa, qiymətlər də paralel olaraq düşə bilər. Bu mövzu zaman-zaman aktuallaşdı, amma perspektivi dəyərləndirilmədi.
Bəs reallıq nə yerdədir? ƏDV-nin ləğvi və ya faizinin aşağı salınması qiymət artımını önləyə bilərmi?
İqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, məhsulun son satış qiymətinin formalaşmasında bir çox faktorların rolu var:
“Bunlardan da biri məhz əlavə dəyər vergisidir. Bu baxımdan, müəyyən məhsullar üzərindəki əlavə dəyər vergisinin azaldılması və yaxud da ləğvi satış qiymətinə təsir göstərir. Nəzərə alaq ki, Azərbaycanda alıcılıq qabiliyyətinin yüksəldilməsi üçün ərzaq məhsullarına, o cümlədən dərman vasitələrinə tətbiq edilən ƏDV-nin azaldılmasına müəyyən qədər ehtiyac var”.
Ekspertin fikrincə, əlavə dəyər vergisinin nəinki azaldılması, hətta tamamilə ləğvi bir neçə il sonra qiymətlərin yenidən ƏDV-li səviyyəsinə çatmaq ehtimalını artırır:
“Çünki rəqabət mühiti olmayacaq. Əlavə dəyər vergisi, adından da göründüyü kimi, vergi yığımlarının artırılmasına töhfə verir. Vergi yığımları isə büdcənin formalaşmasına xidmət edir. Büdcə isə sonda məhz insanların, ələlxüsus da büdcədən maliyyələşən təşkilatlarda əməkhaqqının formalaşmasına, sosial təminatların icrasına dəstək olur. Yəni əlavə dəyər vergisinin azaldılması, bir tərəfdən, qiymətlərin endirilməsinə xidmət etsə də, digər tərəfdən, büdcə daxilolmalarının azalmasına gətirib çıxaracaq. Buna görə də ƏDV-nin azaldılmamasının və yaxud da müəyyən məhsullar üzrə tamamilə ləğv edilməməsinin tərəfdarı olan subyektlər bu faktoru əsas götürürlər”.
İqtisadçı-ekspert Əkrəm Həsənov isə vurğulayıb ki, ƏDV-nin azaldılması, ya da ləğv olunması qiymətləri endirə bilər:
“Çünki ƏDV qiymətin tərkib hissəsidir. ƏDV son istehlakçıdan tutulur. Gəlirdən, əmlakdan və xərcdən tutulan vergilər mövcuddur. ƏDV isə xərcdən tutulur. ƏDV olmasa, xərcimizi azaldacaq. Vergi Məcəlləsində ƏDV-dən azad olunan malların siyahısı var. Məsələn, kitablar əlavə dəyər vergisindən azaddır.
Ancaq bunu unutmayaq ki, ƏDV dövlət büdcəsinin vergidən formalaşan hissəsində ən çox yığılan vergidir. ƏDV-ni toplamaq dövlət üçün rahatdır. Bu verginin faizi aşağı salınsa, toplanan verginin də həcmi azalacaq. Vergi orqanı da bu məsələdə maraqlı deyil”.