Bu,peşəkar jurnalistləri çətin duruma salır – Elçin Mirzəbəyli
“Jurnalistlərin peşə fəaliyyətinə maneə yaradan problemlərdən biri də media subyektlərinin təsnifatının müasir reallıqlara cavab verməməsi, vahid uçot-qeydiyyat sisteminin olmamasıdır. Bu sahədə hökm sürən xaos mövcud qanunvericilik çərçivəsində hərəkət edən, peşə etikasına uyğun davranan peşəkar jurnalistləri də çətin duruma salır, media subyektlərinin bir çox istiqamətlərdə, o cümlədən informasiyaların əldə edilməsində çoxsaylı problemlərlə qarşılaşmasına zəmin yaradır”.
Aztimes.az xəbər verir ki, bu sözləri “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli qeyd edib.
Politoloq vurğulayıb ki, bu sahədə olan problemlərin aradan qaldırılması üçün bir sıra spesifik xüsusiyyətləri nəzərə almaqla beynəlxalq təcrübəyə, o cümlədən qardaş Türkiyənin, yaxud dost Ukraynanın təcrübəsinə müraciət etmək olar:
“Məsələn, Türkiyədə jurnalistlərə verilən vahid “mətbuat vəsiqəsi” (basın kartı) onlara bir sıra üstünlüklər gətirir. İlk növbədə onların peşəkar jurnalistika ilə məşğul olmaları dövlət tərəfindən rəsmən tanınır, qəbul edilir. Digər tərəfdən, vahid “mətbuat vəsiqəsi” alan jurnalistlər ictimai nəqliyyatdan ödənişsiz istifadə edir, muzeylərə, qalereyalara, ictimai, siyasi, mədəni tədbirlərin həyata keçirildiyi məkanlara ödənişsiz daxil olur, gün ərzində ölkədə keçiriləcək mühüm tədbirlər haqqında öncədən məlumat almaq imkanı qazanırlar. Bununla yanaşı, “basın kartı” Türkiyənin media mənsublarına poçt şöbələrində teleqraf, faks, telefon, teleks və buna bənzər vasitələrdən növbəsiz və endirimli qiymətlərlə istifadə etmək imkanı verir. Bu kartın üstünlüklərindən biri də sahiblərinə dövlət tədbirlərində, milli və ya beynəlxalq müsabiqələrdə, mətbuat konfranslarında və digər bu kimi toplantılarda polis əməkdaşlarının verdiyi təlimatlara uyğun olaraq, növbəsiz park etmə, durma, dayanma və sərbəst keçiş imkanı yaratmasıdır.
Qardaş ölkədə “basın kartı” Türkiyə Cümhuriyyəti Cumhurbaşkanlığı İletişim Başkanlığının müəyyənləşdirdiyi qaydaları yerinə yetirən jurnalistlərə Basın Kartları Komissiyası tərəfindən verilir. Bu kartlar sahiblərinin həqiqətən də jurnalist olduqlarını təsdiqləməklə yanaşı, “kimlik kartı” (şəxsiyyət vəsiqəsi) əvəzinə də istifadə olunur”.
E.Mirzəbəyli əlavə edib ki, artıq Ukraynada da vahid jurnalist vəsiqələrinin tətbiqi ilə bağlı müvafiq addımlar atılır və bununla bağlı hazırlanan layihə 2020-ci ilin əvvəllərindən etibarən ictimai müzakirəyə çıxarılıb: “Ukraynada vahid “mətbuat vəsiqəsi” “Peşəkar jurnalistin milli mətbuat vəsiqəsi”, yaxud qısaca “Milli mətbuat vəsiqəsi” adlanır. Vəsiqənin verilməsi prinsipi təxminən Türkiyə ilə eynidir. Amma Ukraynada hazırlanan layihəyə əsasən, “Milli mətbuat vəsiqəsi” almaq istəyənlərin müraciətinə “Etika komissiyası”nın rəyinə əsasən baxılacaq. Yəni vəsiqə verilərkən, jurnalistin fəaliyyətdə olduğu müddətdə peşə etikasına əməl etməsi əsas götürüləcək”.
Baş redaktorun sözlərinə görə, bəzi şəxslər Azərbaycanda media subyektlərinin vahid reyestri və vahid jurnalist kartlarının verilməsi ilə bağlı aparılan müzakirələri, az qala söz və fikir azadlığına tətbiqi nəzərdə tutulan məhdudiyyətlər kimi yanaşırlar: “Halbuki, vahid jurnalist vəsiqələrinin tətbiqi ilə bağlı müzakirələrdə bunun məcburi qaydada həyata keçirilməsi ilə bağlı heç bir fikir səsləndirilməyib. Şübhəsiz ki, vahid media reyestrində qeydiyyat və vahid jurnalist kartlarının əldə olunması könüllülük prinsipi əsasında həyata keçiriləcək. Qeydiyyata düşmək və vahid jurnalist vəsiqəsi almaq istəməyənlər isə dövlətin müəyyənləşdirdiyi imtiyazlardan istifadə edə, jurnalistlərin sosial müdafiəsinə yönəlmiş tədbirlərdən faydalana bilməyəcəklər”.Publika.