Bu şəxslərə əmlak vergisində güzəştlər edilir – ŞAD XƏBƏR
Vergi Məcəlləsinə əsasən, vətəndaşlar mülkiyyətində olan daşınmaz əmlaka görə əmlak vergisi verilməlidir. Qanunvericiliyə uyğun olaraq bu vergiləri toplamaq bələdiyyələrə həvalə edilib. Qanunda bəzi vətəndaşlara əmlak vergisində güzəşt də nəzərdə tutulur. Onların ödəməli olduğu vergi müəyyən qədər azaldılır.
Bəs bu kateqoriyaya kimlər aiddir və qanunda nə qədər güzəşt nəzərdə tutulur?
Vergi Məcəlləsinə görə, fiziki şəxslərdən əmlak vergisi yaşayış sahəsinin hər kvadrat metrinə əsasən hesablanır. Bakı şəhərində evin hər kvadrat metri üçün əmlak vergisi 40 qəpik müəyyən edilib. Paytaxt 14 zonaya bölünür və zonalara görə qiymətlər 70-1.50 qəpik aralığında əmsala vurulur. Başqa sözlə desək, əmlak vergisi hər kvadrat metr üçün 28-60 qəpik arası dəyişir. Bölgələrdə isə bu rəqəm daha aşağıdır. Yaşayış sahələrinə görə əmlak vergisinin hesablanması zamanı ümumi bir güzəşt var.
Məsələ ilə bağlı Bakı Hesabat Mərkəzinin rəhbəri Mehdi Babayev bildirib ki, hesablama aparılarkən həmin sahənin 30 kvadrat metrinə qədər olan hissə əmlak vergisinə cəlb olunmur:
“Bu ümumilikdə bütün vətəndaşlara olunan güzəştdir. Şəhid ailələri, Vətən Müharibəsi qəhrəmanları, müharibə əlilləri, müharibə veteranları, Çernobl əlilləri və digər güzəştli kateqoriyadan olan şəxslərə əlavə güzəştlər də nəzərdə tutulub. Onların əmlak vergisi 30 manat azaldılır. Yəni, həm əmlakın 30 kvadratı vergidən azad olunur, həm də ödənməli olan vergidən 30 manat çıxılır”.
Qeyd edək ki, əmlak vergisi yalnız çıxarışı olan əmlaklara görə ödənilir.