BU MÜDDƏT ƏRZİNDƏ YÜK AVTOMOBİLİNİN AŞMASI İLƏ BAĞLI HANSI TƏDBİR GÖRÜLÜB ?-SORĞU

Baxılıb:465
BU MÜDDƏT ƏRZİNDƏ YÜK AVTOMOBİLİNİN AŞMASI İLƏ BAĞLI HANSI TƏDBİR GÖRÜLÜB ?-SORĞU

06 aprel 2024-cü il tarixində Bakı şəhəri, Nizami rayonu ərazisində, metronun “Koroğlu” stansiyasının yaxınlığında yük avtomobilinin aşması nəticəsində yola yanğın təhlükəli bitumun dağılması barədə məlumat yayılmışdı.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Nizami Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunmuş, “Volvo” markalı, 30 ton tutuma malik çəni olan yük avtomobilinin yolun hərəkət hissəsinə aşması nəticəsində 200m2 sahəyə yanğın təhlükəli bitumun dağıldığı müəyyən olunmuşdur.

TƏBİB-dən verilən məlumata əsasən, qəzada 56 yaşlı şəxs (kişi cinsli) xəsarət alaraq müştərək travma və bədənin çoxsaylı yanıqları diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunmuşdu.

Maraqlısı odur ki, hadisənin nəticələri dərhal aradan qaldırılsa da, hazırki tarixədək həmin yük avtomobilinin hansı şəxsə və ya şirkətə məxsus olması, hadisənin baş vermə səbəbi, təqsirkar şəxslərin dairəsi müəyyən edilməmiş və hadisə ilə bağlı hər hansı şəxsin məsuliyyətə cəlb edilməsi ilə bağlı mediaya məlumat verilməmişdir. Hesab edirik ki, FHN-nin müvafiq qurumları bu cür miqyasda hadisəyə biganə yanaşmamalı və təqsirkar şəxsləri müəyyən edib barələrində qanunauyğun tədbirlər görməli idilər.
Digər tərəfdən, sual yaranır ki, günorta vaxtı təhlükəli yüklərin daşınmasına icazə olmadığı halda, bu yük avtomobili yola kimin icazəsi əsasında çıxmışdı. Nə üçün bu yük avtomobili DYP-nin nəzarətindən kənarda qalmışdı? Mötəbər mənbədən əldə etdiyimiz məlumata əsasən bu yük avtomobili “Chem Trade” MMC şirkətinə məxsus olmuşdur, belə ki, mənbənin bildirdiyinə görə bitumun daşınmasını Azərbaycanda yalnız sözügedən şirkət həyata keçirir və bu sahə onun inhisarındadır.

AzTimes.az


Abunəlik