Bu, İrana ağır zərbədir – Ermənistanda qorxu başladı
Suriyadakı proseslər Cənubi Qafqaza da öz təsirini göstərəcək.
Bu sözləri erməni politoloq Hrant Mikaelyan yerli mediaya açıqlamasında deyib.
O, İrana əsas zərbənin Suriyada vurula biləcəyi haqda beynəlxalq politoloqların aylar öncəki proqnozlarını xatırladıb:
“İrana qarşı ilk olaraq Livanda zərbə vuruldu – Hizbullah zəiflədildi. İndi Suriyada İranın dəstəklədiyi qüvvələr sıradan çıxarılır. Bu siyasət Rusiya və İrana qarşı yönəlib. Bu yolla onları başqa cəbhələrdən, o cümlədən Ukrayna və Cənubi Qafqazdan yayındırıb, yeni müharibəyə cəlb etməyə çalışırlar”.
Onun fikrincə, Suriyadakı hücum İran və Rusiya üçün çox ciddi imic zərbəsidir, çünki indi orada terrorçular mühüm uğurlar əldə ediblər:
“Hökumət qüvvələri Türkiyənin dəstəklədiyi silahlıları dayandırmağa, vəziyyəti sabitləşdirməyə, həmçinin onları geri oturtmağa cəhd göstəriləcək. Bu proses aylar çəkə bilər. Və bu, İranın imkanlarını azaldacaq ki, bu da Ermənistan üçün təhlükəlidir.
Son illər Ermənistanın təhlükəsizliyini əsasən İran faktoru təmin edirdi və İran nə qədər çox kənara çıxarsa, Ermənistan üçün bir o qədər problemli olar. Hətta Trampın dövründə İsrail və ABŞ-ın İranı birgə zərbə vurması təhlükəsi var və indi ola bilsin ki, onlar Suriyanı ara məqsəd kimi seçiblər”.
Qeyd edək ki, “Təhrir əş-Şam” qruplaşması Hələb və Həma şəhərlərini ələ keçirib. Dəməşqdə isə Bəşər Əsədə qarşı Milli Qvardiyanın üsyan qaldırdığı haqda məlumat yayılıb.