Bu illərdə doğulan insanlar ciddi təhlükə altındadırlar: qarşısı alınmasa… – Xəbərdarlıq edildi

Baxılıb:89
Bu illərdə doğulan insanlar ciddi təhlükə altındadırlar: qarşısı alınmasa… – Xəbərdarlıq edildi

Sidney Universitetinin tədqiqatçıları 1950-ci ildən sonra doğulan nəsillər üzərində araşdırma aparıblar. Alimlər 27 min 500-dən çox şəxsin psixi sağlamlığındakı dəyişiklikləri izləyiblər. 1990-1999-cu il nəsli 50 illik dövrdə ən pis psixi sağlamlığa sahib olan nəsil hesab olunub.

Bəs bu tədqiqat Azərbaycanla nə qədər əlaqəlidir?

Dövlət Statistika Komitəsindən bildirilib ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatlarına əsasən 2024-cu ilin əvvəlində ölkə üzrə psixi və davranış pozuntuları (psixoaktiv maddələrin qəbulu ilə bağlı pozuntular istisna olmaqla) diaqnozu ilə dispanser müşahidəsində olan xəstələrin sayı 113,2 min nəfər olub.

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmov qeyd edib ki, psixi sağlamlıqla bağlı müxtəlif araşdırmalar aparılır, bu araşdırma da onlardan biridir:

“Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatlarının birində deyilir ki, ölkə üzrə 7% insanın psixoloji narahatlığı var, amma bununla bağlı heç biri psixoloqa müraciət etmir. Psixoloji narahatlıq ilə psixoloji pozuntu arasında fərq var. Psixoloji pozuntu artıq diaqnoz qoyulan bir xəstəlikdir. Elə psixi pozuntular var ki, cəmiyyət üçün heç bir təhlükə yaratmır. Hazırda elə psixoloji probelmlərdən danışırıq ki, onlar həm özlərinə, həm də cəmiyyətə zərər verirlər. 90-ci illərdən sonra psixoloji pozuntunun artmasının səbəbləri var. Birincisi, informasiyanın dəyişməsi ilə bağlıdır. SSRİ dağıldı, texnoloji eraya qədəm qoyuldu. Bu da yeni doğulan uşaqların psixologiyasına təsir göstərdi. Bu gün psixoloji problemi olan insanların sayında ildən-ilə artım müşahidə olunur. Bunu ÜST-nin hər il yayımladığı hesabatda da görə bilərik”.

Psixoloq vurğulayıb ki, bəzən insanların fərqində olmadığı mövzular belə psixologiyaya təsir edir:

“Ekologiya, ekoloji tarazlığın pozulması, iqlim dəyişikliyi, internet asılılığı, kiberzorakılıq insan psixologiyasına mənfi təsir göstərir. Məhz bu səbəblərdən psixi sağlamlığın qorunması üçün maarifləndirmə işləri aparılmalıdır. Hər bir insan fərdi şəkildə fiziki sağlamlığı ilə yanaşı, psixi sağlamlığının da qeydinə qalmalıdır. Bu, əsasən valideynlərə aiddir. Onlar daha çox uşağın fiziki sağlamlığı ilə maraqlanırlar, amma bu, doğru yanaşma deyil. Hər ikisi daim nəzarətdə olmalıdır. Bu gün yeni doğulan uşaqların yemək menyusu belə dəyişib. 3-5 yaşlı uşaqlara ənənəvi yemək verə bilmirik.

Uşaq geyimləri belə dəyişib. Artıq oğlan və qız uşaqlarının geyimini ayırd etmək olmur. Bütün bunlar birbaşa psixologiyaya təsir edir. Bunun həll yollarından biri, hətta birincisi milli-mənəvi dəyəri qabartmaqdır. Nə qədər tez düzəltsək, psixologiyamıza da yaxşı təsir edəcək. Milli-mənəvi dəyərlərə olan təzyiqlər psixologiyaya da təsir edir. İnsanlarda olan aqressiyanın səbəblərindən biri şüuraltı dəyərlərdən uzaqlaşmaqdır. Milli-mənəvi dəyəri aşılasaq, ailədaxili münaqişələr, boşanmalar da azalacaq. Proses bu cür gedərsə, psixi sağlamlıq ciddi şəkildə təhlükə altına düşə bilər. Çünki 90-cı illərdə baş verən bu cərəyan getdikcə daha da pisləşir”.

Mövzuya münasibət bildirən psixoterapevt Məleykə İsmayılovanın sözlərinə görə, Azərbaycanda 90-cı illərdən bu tərəfə insanların psixologiyası ciddi şəkildə pozulub:

“Həm 20 Yanvar hadisəsi, həm də Qarabağ müharibəsi insanlara mənfi təsir göstərib. Ölkədə olan geoloji vəziyyət insanlara çox ciddi təsir göstərmişdi. Buna görə də həmin dövrdə olan insanlarda daha çox nevrotik pozuntular aşkar olunur. Bu, danılmaz faktdır. Keçmiş məcburi köçkünlərlə işləyərkən həm özlərində, həm də uşaqlarında fərqli psixoloji problemlər görürük. Qələbə gətirən müharibəni də nəzərə alsaq, o da itkisiz olmadı. Bir sözlə, müharibə olan mühitdə belə fəsad və travmalar olur. Öz təcrübəm və hesablamalarıma görə, 90-cı illərdən sonra doğulan insanlarda psixi pozğunluq daha çox aşkar edilir. Bu da ən çox nevroz növləri olan həyəcan və təşvişdir. İndi insanlar daha çox panik atak keçirirlər. Bu da təşvişlə bağlıdır”.

Həkim diqqətə çatdırıb ki, hazırda insanlar keçmişdə yaşadıqları travmaların davamını yaşayırlar:

“Ölkə üzrə əhalinin psixoloji durumu yaxşı deyil. Həyat şərtləri insanları çox sıxır. Həyat şərtləri dedikdə insanlar maddiyatı düşünürlər, amma bu heç də belə deyil. Bəzən elə pasientlərim olur ki, çox imkanlıdır, sadəcə mənəvi olaraq sıxılırlar. Bu, hazırda ümumi abu-havadır. Hər bir insanda xoşbəxtlik anlayışı fərqlidir. Bəziləri isə bunu hələ də tapa bilməyiblər. Bütün bunlar bir-biri ilə bağlıdır. Əvvəllər panik atak yetkin insanlarda olurdu, indi isə buna uşaqlarda da rast gəlirik. Bəzi xəstəliklər kimi bu da gəncləşib. Səbəb isə telefon və sosial şəbəkələrdir. Bir sözlə, psixoloji sağlamlığa ciddi yanaşmaq lazımdır”.


Abunəlik