Bu gündən İçərişəhərə giriş qadağandır!

Baxılıb:39
Bu gündən İçərişəhərə giriş qadağandır!

Bu gündən Bakıda İstiqlaliyyət küçəsinin Azərbaycan prospekti ilə kəsişməsindən Əziz Əliyev küçəsinə qədər avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Qoşa Qala qapıları qarşısındakı meydanda turist avtobusları üçün minib-düşmə məntəqələrinin yaradılması məqsədilə, Əziz Əliyev küçəsi avtomobillərin hərəkəti üçün bağlanıb.

Artıq ərazidə “giriş qadağandır” nişanı da quraşdırılıb.

İçərişəhər ərazisinə sakinlərin və burada yerləşən diplomatik nümayəndələrin, operativ, texniki, mənzil-kommunal xidmətlərinin, müəssisələrin təchizat zəncirinin idarə edilməsi üçün nəzərdə tutulan nəqliyyat vasitələri istisna olmaqla, bütün avtomobillərin girişi məhdudlaşdırılıb. Sözügedən nəqliyyat vasitələrinin İçərişəhərə girişinə Neftçilər prospektindən icazə veriləcək.

Ərazidə piyada zonası və mikromobillik zolaqlarının yaradılması planlaşdırılır.

Qeyd edək ki, Bakının küçə və prospektlərində, xüsusilə şəhərin mərkəzi hissəsində nəqliyyat vasitələri və piyada axınının, eləcə də hərəkət sıxlığının son illər dəfələrlə artması əhalinin mobilliyinə ciddi maneə yaradır və yol hərəkəti iştirakçıları üçün təhlükə mənbəyinə çevrilir.

İstiqlaliyyət küçəsində nəqliyyat axınının intensivliyi, avtomobillərin Qoşa Qala qarşısındakı meydan və oradan da Əziz Əliyev küçəsi ilə Neftçilər prospektinə doğru hərəkəti vəziyyəti daha da çətinləşdirir, hətta nəticə etibarilə Neftçilər prospekti ilə hərəkətə də təsir göstərir. Bundan başqa, qeyd olunan meydanın özündə nəqliyyat və piyada axınları daim qarışır, bu da mobilliyə əhəmiyyətli dərəcədə mane olur.

Şəhər sakinləri və qonaqların hərəkətinin rahatlığını təmin etmək məqsədi daşıyan Bakıda mobilliyin transformasiyası proqramının icrası çərçivəsində bütün aidiyyəti qurumların mütəxəssisləri bu ərazidəki vəziyyəti ətraflı öyrənib, uzun müddət hərəkətin intensivliyinin monitorinqini aparıb və xüsusi proqram təminatı üzərindən simulyasiyalar həyata keçirilib.

Nəqliyyat vasitələrinin girişinin məhdudlaşdırılması avtomobillərin sayını, səs-küyü və tullantıları azaltmaqla İçərişəhər sakinləri və qonaqların rahatlığı və təhlükəsizliyinə xidmət edir.

Dünyanın böyük şəhərlərinin təcrübəsi nəzərə alınmaqla hazırlanan layihə, digər amillərlə yanaşı, paytaxtın YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş nadir incisinin qorunub saxlanmasına töhfə verəcək, buradakı infrastrukturun tez aşınmasının qarşısını alacaq.

Qoşa Qala qapıları qarşısındakı meydanda turist avtobusları üçün minib-düşmə məntəqələrinin yaradılması İçərişəhərin qonaqlarının bu məkana daha rahat çatmasına imkan verəcək.

Əziz Əliyev küçəsində avtomobil hərəkətinin məhdudlaşdırılması Nizami küçəsindən başlayan piyada zonasının genişləndirilməsinə, mikromobillik xətlərini İstiqlaliyyət küçəsindəki mövcud zolaqla birləşdirərək Dənizkənarı Milli Parka doğru uzadılmasına şərait yaradacaq.

Bununla da şəhərin mərkəzi hissəsində nəhəng piyada zonası yaranacaq. Xatırladaq ki, ilk dəfə avtomobillərin hərəkətinin tamamilə məhdudlaşdırılması layihəsi Xaqani bağı ətrafında həyata keçirilib. Bu ərazi genişmiqyaslı yenidənqurmadan sonra bütünlüklə piyada zonasına çevrilib. Hazırda belə zonanın yaradılması prosesi metronun “28 May” stansiyasının qarşısındakı meydanda davam edir.


Abunəlik