Bu gün Məhəmməd Əmin Rəsulzadənin anım günüdür

Baxılıb:737
Bu gün Məhəmməd Əmin Rəsulzadənin anım günüdür

6 mart tarixi Məhəmməd Əmin Rəsulzadənin vəfat etdiyi gündür. Şərqdə İlk demokratik respublikanın qurucusu, Azərbaycan Xalq Cumhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə 1955-ci il martın 6-da Ankara Universitetinin Tibb fakültəsinin klinikasında vəfat edib.

M.Ə.Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. İkinci «Rus-müsəlman» məktəbini bitirdikdən sonra təhsilini Bakı texniki məktəbində rus dilində davam etdirib. 1918-20-ci illərdə Xalq Cümhuriyyətinin qurulmasında əvəzsiz xidmət göstərib. Azərbaycan Xalq Cumhuriyyəti süqut edəndən sonra uzun müddət xaricdə yaşamağa məcbur olub.

Məmməd Əmin Rəsulzadənin qəbri Türkiyənin paytaxtı Ankara şəhərindədir.

AzTimes.az anım günü ilə əlaqədar Rəsulzadə ilə bağlı bir neçə maraqlı faktı təqdim edir:

Didərginlər

Rəsulzadə son nəfəsinə qədər bir canından çox sevdiyi Vətəni Azərbaycan, bir də ondan sonra xeyli dəhşətlər yaşayan ailəsindən çox nigaran qaldı. Əslində, ailəsi haqqında bu qədər naümid olmağa haqqı da çatırdı. Çünki ondan sonra ailəsinin bütün üzvləri olmazın əvziyyətlərə qatlaşmalı oldular:

Anası – Zal qızı Ziynət erkən rəhmətə gedib. Analığı Maral xanım Məhəmməd Əminə və bacısı Şəhrəbanı xanıma doğma övladları kimi baxıb. Çox alicənab olan Maral xanım 1929-cu ildə Kərbəla ziyarətinə gedib. 1937-ci ildə Qazaxıstana sürgünə göndərilib və orada vəfat edib.

Bacısı – Şəhrəbanu xanım. M.Ə.Rəsulzadənin yeganə bacısı olub. Təqiblər, sıxıntılar onun həyatına 1934-cü ildə son qoyub. Qızı Kübra xanım M.Ə.Rəsulzadənin oğlu Rəsula nişanlanıb. Sonradan Rəsul güllələndiyindən onlar ailə həyatı qura bilməyib.

Həyat yoldaşı Ümbülbanu xanım – M.Ə.Rəsulzadənin həyat yoldaşı olan bu xanım onun əmisi qızı idi. 1888-ci ildə anadan olub. M.Ə.Rəsulzadə onunla 1908-1909-cü illərdə ailə qurub. Ümbülbanu xanım 1920-ci ildən sonra təqiblərlə dolu həyat yaşamasına baxmayaraq M.Ə.Rəsulzadənin fəaliyyətinə haqq qazandırıb, onu müdafiə edib. Oğlu Rəsul güllələndikdən sonra ailəsi ilə birlikdə əvvəl Qazaxıstanın Çolak-Kurqan yaşayış məntəqəsində, sonradan isə Taldı-Kurqanda ”“ sovxozda məskunlaşıblar. Oğlu Rəsulun ölümünü unuda bilməyən Ümbülbanu xanımın ağır sürgün həyatında ürəyi partlayıb, 1939-cu ildə dünyasını dəyişib, elə orada da dəfn edilib.

Qızı Lətifə – M.Ə.Rəsulzadənin ilk öladı və böyük qızı olub. 1910-cu ildə anadan olub. 1929-cu ildə əslən Lahıcdan olan Damad Müslümzadə ilə ailə qurub. 1939-cu ildə həyat yoldaşını “Müsavat” Partiyası ilə əlaqəyə görə həbs ediblər. 1941-ci ildə isə onu övladları Firuzə və İşvə ilə Qazaxıstana Semipalatinsk vilayətinə sürgünə göndəriblər. Üçüncü övladı Sona isə xəstə olduğundan sanatoriyada saxlanılıb. Lətifə xanımla qızı İşvə Qazaxıstanda 1943-cü ildə soyuqdan və aclıqdan donub ölür. Firuzə isə təsadüfən sağ qalır. Lətifənin Bakıda qalan qızı Sonadan isə heç bir xəbər alınmır. Ehtimala görə, o da xəstəlikdən sağalmayıb və dünyasını dəyişib.

Qızı Xalidə – M.Ə.Rəsulzadənin kiçik qızı Xalidə (1916-cı ildə anadan olub) anasının ölümündən sonra Qazaxıstanda ”“ Taldı-Kurqanda qala bilmir. Həyatını riskə ataraq 1943-cü ildə sürgündən qaçıb Bakıya gəlir. Bir müddət Seyid Hüseynin evində qalır, sonra buranın nəzarətdə olduğunu hiss edib, Şamaxı istiqamətinə gedir və sonradan ondan heç bir məlumat alınmır..

Oğlu Rəsul – M.Ə.Rəsulzadənin iki oğul övladı olub. Rəsul və Azər. Rəsul 1918-ci ildə anadan olub. Texnikumda təhsil alıb. Rəsulun şeir yazmaq istedadı da olub. 1934-cü ildən təqib edilib. 1937-ci ilin iyulun 15-də Novxanıdakı bağlarında həbs olunaraq 19 yaşında güllələnib.

Azər – kiçik oğlu Azər M.Ə.Rəsulzadə həbsdə olarkən 1920-ci ildə doğulub. M.Ə.Rəsulzadə Stalin onu Moskvaya apararkən evə gedib, ailəsi ilə görüşə bilib. İki aylıq uşağın adını dəyişib (əvvəl adı Əliheydər olub) Azər qoyub. 1937-ci ildə sürgünə göndərilən Azər 1993-cü ildə Qazaxıstanda ”“ Karaqandada dünyasını dəyişib və gətirilb Novxanı məzarıstanlığında dəfn edilib.

Son görüşə doğru

Rəsulzadə ADR-in devrilməsindən sonra xilas olmaq üçün bir müddət Lahıcda qalır. Lakin onu orada satanlar tapılır. Pankratov kimi cəlladla üz-üzə qalmalı, onun tənəli suallarına və sərt rəftarına davam gətirməli olub. Rəsulzadəni bir müddət çox şəraitsiz yerdə saxlayıblar. Lakin bir gün Bakıya Stalinin gəlişi hər şeyi dəyişdirir.

Nəsiman Yaqublunun araşdırmalarına görə Məhəmməd Əmin Rəsulzadə həbs olunanda “gizli müsavat”ın tapşırığı ilə Ağabala Qasımov Vladiqafqaza gedib Stalinə məlumat çatdırır. Və Stalin də keçmiş mübarizə dostunu – onu neçə dəfə ölümdən qurtarmış Məhəmməd Əmini xilas etməyə gəlir:

“Stalinin göstərişi ilə Pankratov çölə çıxır. Köhnə mübarizə dostları tək qalır. Və aralarında açıq, yalnız həqiqət faktlarını üzə çıxaran söhbət gedir. Stalin Məhəmməd Əmin Rəsulzadəyə bildirir ki, vəziyyətiniz çox ağırdır.
“Azərbaycanlı kommunistlərin bir qismi güllələnməyinizi, digəri isə ömürlük həbsxanada qalmağınızı məsləhət görürlər. Amma mən bunların heç birini rəva bilmirəm və məqsədim sizi xilas etməkdir”. Stalin məsləhət görür ki, onunla birlikdə Moskvaya getsin, çünki azərbaycanlı kommunistlər onu sakit buraxmayacaqlar.
Məhəmməd Əmin Rəsulzadə Stalinlə söhbətində çox məsələlərdən danışdı. Stalinə sübut etdi ki, “siz haqqımızı, istiqlalımızı tapdayıb buraya gəlmisiniz. Böyük millətlərdən kömək gözləməyin də faydası yoxdur. Çünki onlar Türkiyə ilə düşmən vəziyyətindədir. Siz isə «Türkiyəyə kömək» şüarını irəli sürüb xalqımızı əsarətə aldınız”.
Məhəmməd Əmin Rəsulzadə Stalinə çox həqiqətləri söylədi o görüşdə. Bir saata kimi aralarında danışıq getdi. Həmin o danışıqda Stalin Məhəmməd Əmin Rəsulzadəyə bir söz də dedi: “Nəriman bizimlə yox, biz Nərimanla anlaşdıq”…

Məhəmməd Əmin Rəsulzadə “dörd divar arasından” çıxmağa razı olub Stalinin təklifini qəbul edir. Stalin isə Pankratovu içəri çağırıb deyir: “Bura bax, bu adamı qaranlıq bir mətbəxdə saxlayırsınız, dərhal onu münasib bir otağa köçürün və ailəsinə də onunla görüşmək imkanı verin”.

Pankratov Stalinin göstərişini yerinə yetirir. Rəsulzadəni balkonlu, münasib bir otağa köçürürlər. Bir neçə gündən sonra Stalinlə birlikdə Moskvaya yola düşürlər. Yola düşməzdən qabaq ailəsi ilə görüşmək imkanı verilir…

Dəhşətli bir gün…

Gəlin, o dəhşətli gün haqqında mən danışmayım. Raşdırmalarını Rəsulzadəyə həsr etmiş Nəsiman Yaqublu ola-ola bizə ancaq dinləmək və oxumaq düşər. Nəsiman müəllim də 1991-ci ildə yazdığı “Məhəmməd Əmin Rəsulzadə” kitabında həmin dəhşətli vida günü haqqında bunları yazıb:

“..Qohum-əqrəba evdə onu gözləyirdi. Hadisəni eşidib vidalaşmağa gəlmişdilər. Otaqdakılardan yalnız birini ilk dəfə idi görürdü. Bu onun iki aylıq oğlu Azər idi. Lahıcda olanda balaca oğlu dünyaya göz açmışdı. İndi balaca Azər sakit halda yatırdı. Sevimli oğlunu qucaqlayıb bağrına basdı. Uşaq atasının öpüşlərindən ayılıb ağlamağa başladı. Yazıq körpə hardan biləydiki, atası bu anda nələr çəkir? Bu, Məhəmməd Əmin Rəsulzadənin sevimli oğlanları Rəsul, Azər, qızları Lətifə, Xalidə ilə, həyat yoldaşı Ümbülbanu xanım və başqa qohumları ilə son görüşü idi. Övlad şirinliyini də bundan sonra yaşayacağı otuz beş ildə bir də dadmayacaqdı. Həmişəlik olaraq ailə səadətindən məhrum olurdu. Ayrılıq ağır oldu. Evdəkilər göz yaşlarından boğula-boğula onu yola salırdılar. Amma bu görüşün son olduğunu bilmirdilər.

Vağzala gəldilər. Stalin Orconikidze ilə vaqonda oturmuşdu. Görüşdülər. Az sonra Nərimanov gəlib çıxdı və soruşdu:

– Bəs Abbasqulu hanı?

Cavab verirlər ki, Abbasquluya getməyə icazə verməyiblər. Nərimanov təəccüblənir ki, axı onun da getməyinə razılıq verilib. Məhəmməd Əmin Rəsulzadə deyir: “Siz demiş ola bilərsiniz, ancaq fakt meydandadır, icazə verməyiblər”.

Bu sözü deyib Nərimanova baxır. Düz gözlərinin içinə… Demək istəyirdi ki, “müstəqil Sovet Azərbaycanı qurmuşam” desən də, buranın öz ağaları var.
…Qatar astadan hərəkətə başladı. Bu qatar ayrılıq qatarı idi. O bu qatarla bir də geri dönməyəcəkdi. Qatar onu həmişəlik doğma elindən, obasından alıb aparırdı. Sevimli şəhəri Bakını al qan içində qoyub gedirdi”…
Qeyd: Yazıda tədqiqatçı alim Nəsiman Yaqublunun monoqrafiyalarından istifadə edilib.
İstinad: konkret.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir