Bu gün 200 nəfər karantindən evə buraxıldı — İki bacıdan təsirli məktub FOTO
Bu gün “Relax” İstirahət Mərkəzində karantində olan 300-ə yaxın insandan 197-ci karantindən evlərinə yola salınıb.
Bu barədə “Ölkə.Az”a açıqlamasında “Relax” İstirahət Mərkəzinin sahibi, iş adamı Azər Mirzəyev məlumat verib.
Onun sözlərinə görə, istirahət mərkəzində 300-dək insan karantində nəzarət altında saxlanılırdı:
“Onlar əsasən Rusiya, Türkiyə, Polşa və digər ölkələrdən gətirilən insanlar idi. Xoşbəxtlikdən yola salınan insanların heç birində koronavirus infekasiyası aşkar edilmədi. Bu qürurverici andır. Çünki gedənlərin hamısı razılıq edir. Onların razı qalması bizi çox sevindirir. Sevindirir ki, biz də Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın təhlükəsziliyi və sağlamlığının qoruması istiqamətində atdığı nəcib təşəbbüsə qoşularaq, azacıq da olsa öz töhfəmizi vermiş olduq. İnsanlarımızın dövlətimizin onlara yaratdığı şəraitdən razı qalması bizi də bir insan kimi sevindirir”- A. Mirzəyev deyib.
A.Mirzəyev onu da əlavə edib ki, hazırda istirahət mərkəzində 98 nəfər karantində qalır: “Yola saldığımız insanların yaşadıqları otaqlar və katejlər təmizlənərək, dezinfeksiya olunur. Təmizlik işləri başa çatdıqdan sonra yeni insanlar katantinə alınacaq. Biz daha 200 nəfəri karantin nəzarətinə almağa hazırıq”.
Sonda icraçı direktor karantində qalan iki tələbənin qoyduqları məktubdan təsirləndiklərini də dilə gətirərək deyib ki, biz bir daha necə də böyük bir xalq olduğumuzun şahidi olduq:
“Mehin və Mədinə Abbasova bacıları istirahət mərkəzini tərk edərkən otaqlarında buraxdıqları məktubda bunları qeyd ediblər:
“Bizə yaxşı baxdıqlarına görə təşəkkür edirik. Ailəmizdən və evimizdən uzaq olsaq da, bizə xoş anlar yaşatdınız. Hər biriniz çox çalışdınız. Hər gün qabağımıza dadlı yeməklər gətirən aşpazlar, təhlükəsizliyimizi təmin etmək üçün hər gün qapımızın kənarında dayanan əsgərlər, hər gün səbrlə temperaturumuzu və sağlamlığımızı yoxlayan tibb bacıları, dərhal yaxşılaşmağımıza yardım edən həkimlər, günün istənilən vaxtında ehtiyaclarımızı ödəyən “Relax” resort işçiləri, nəhayət, bütün ehtiyaclarımızın ödənildiyinə əmin olan təmizləyici xanımlar, çox sağ olun. Bu çətin dövrdə vətəndaşlarına bu qədər xüsusi qayğı göstərdiyinə görə ölkəmiz, Azərbaycana təşəkkür edirik!”.
/Ölkəaz