Bu banklar bağlansa, pullarınızı ala bilməyəcəksiniz
“AFB Bank”da xarici valyutada yerləşdirilən əmanətlər Əmanətlərin Sığortalanma Fondu (ADİF) tərəfindən sığortalanmır.
Banka 36 aylıq yerləşdirilən dollar əmanətlər 3 faiz illik faiz ödənildiyi üçün dövlət tərəfindən tanınmır.
Bank lisenziyasını itirəcəyi təqdirdə “AFB Bank”a yerləşdirilən əmanətlər sahiblərinə geri qaytarılmayacaq. Çünki əmanətlərin sığortalanması haqqında qanuna görə 1 iyun 2020-ci il tarixindən etibarən xarici valyutada olan və qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 2,5 faiz olaraq müəyyən edilib.
Qeyd edək ki, bankın əsas səhmdarı (99.64%) Hikmət İsmayılovdur.
Hikmət İsmayılov eyni zamanda “Bank of Baku”nun da 31.11% səhmdarıdır. Əmanətlərin sığortalanmama məsələsi “Bank of Baku”da da müşahiə olunub. Belə ki, “Bank of Baku”nun dollarla 2 və 3 illik qəbul etdiyi əmanətləri ADİF sığortalamır.
“Bank of Baku”da 2 illik yerləşdirilən əmanətlərin faizi aylıq ödənildikdə 2.55 faiz, əmanətin illik faizini müddətin sonunda ödəmək şərti ilə 2.65 faiz olaraq müəyyən edib. Buna görə də banka yerləşdirilən əmanətlər “Bank of Baku”nun lisenziyasını itirəcəyi təqdirdə heç bir müştəriyə geri qaytarılmayacaq. Bankın 3 illik qəbul etdiyi dollar əmanətlərinin də faizləri aylıq ödənildikdə 2.65 faiz, müddətin sonunda ödənildikdə isə 2.75 faiz olaraq müəyyən olunub. Eyni şəkildə bu şərtlər altında banka əmanət yerləşdirən əhalinin vəsaitləri ADİF tərəfindən qorunmur.
Xatırlatma: Eyni hadisə “Turan Bank” üçün də keçərlidir. Bankın maliyyə sıxıntıları onun yüksək faizli depozit çəkməsinə yol açıb. Buna görə də bankın “Sirlər Xəzinəsi” adı altında 19-36 aylar aralığında topladığı əmanətlərə 3 faiz illik faiz ödəyir ki, bu da ADİF tərəfindən sığortalanmır. Bankın maliyyə resursundan əziyyət çəkməsi onun gələcək fəaliyyətini risk altına atıb. Bundan xəbər tutan biznesmenlər isə 2022-ci ilin sonunda bankdakı vəsaitlərini geri çəkməyə başlayıblar.