Bu əlamətlər varsa, deməli, sizi gün vurub – Həkimdən XƏBƏRDARLIQ

Baxılıb:100
Bu əlamətlər varsa, deməli, sizi gün vurub – Həkimdən XƏBƏRDARLIQ

Hazırda yay mövsümü ilə əlaqədar günvurma halları artır. Lakin bir çox insanlar bunun əlamətlərini bilmədiklərindən dərhal panikaya düşərək düzgün olmayan istiqamətə yönəlirlər. Amma insanlar müəyyən qaydalara riayət etsələr günvurma hallarından qoruna bilərlər. Üstəlik, əlamətlərdən xəbərdar olmaq və ilkin tibbi yardım göstərməyi bacarmaq insanları günvurmanın ağır fəsadlarından qoruya bilər. Bəs görəsən, günvurmanın əlamətləri nədir və ondan necə qorunmaq lazımdır? Ümumiyyətlə, günvurma zamanı ilkin yardım kimi nə etməliyik?

Mövzunu tanınmış həkim Əsəd Beydullayev bildirib ki, isti iqlim qurşağında yaşayan insanlarda günvurma hallarına tez-tez rast gəlinir:

“Günvurma hallarının daha çox rast gəlindiyi insan qrupuna 5 yaşında uşaqlar və 65 yaşdan yuxarı şəxslər daxildir. Digər tərəfdən, immuniteti zəifləyən, ağır xroniki xəstəlikləri olan insanlarda günvurma hallarına daha çox rast gəlmək mümkündür. Günvurma birbaşa düşən günəş şüalarının insana uzun müddət təsir etməsi nəticəsində bədən hərarətinin yüksəlməsi halıdır. Yüngül, orta və ağır dərəcələri olur. Təbii ki, hər dərəcəyə uyğun müvafiq klinik əlamətəri mövcuddur. Məsələn, yüngül dərəcəli günvurmada göz bəbəklərinin genişlənməsi, nəfəs darlığı, ürək döyüntüsünün artması, orta və ağır dərəcədə bədən hərarətinin yüksəlməsi, ürəkbulanma, halsızlıq və başgicəllənmə kimi əlamətlər olur. Ən ağır dərəcələrdə isə bədən hərarətinin 40-ın üzərinə qalxması, qarabasmaların olması mümkündür. Günvurmanın ən ağır formaları hətta ölümlə nəticələnə bilər”.

Həkimin sözlərinə görə, bir şəxs uzun müddət günün altında çalışırsa, deməli günvurma riski böyükdür:

“Bir şəxs xüsusən saat 11:00-dan, 17:00-a kimi günəş altında olursa və bir müddətdən sonra həmin insanda dərinin qızarması, hərarətin yüksəlməsi, halsızlıq və başgicəllənmə kimi hallar qeydə alınarsa, dərhal ilkin yardım göstərilməlidir. İlkin yardım kimi mütləq sərin su verilməli, həmin insan kölgəyə çəkilməli, bədəni sıxan dar və isti geyimlər çıxarılmalı, sərin su ilə bədənin müxtəlif hissələri, xüsusən də qollar və dəri büküşləri silinməlidir. Bundan sonra Təcili Yardıma məlumat verilməli və xəstə müayinə edilməlidir”.


Abunəlik