Böyük Qayıdış: DTX-nın rəisi Əli Nağıyevin film kimi həyatı. Gerçək “Qurdlar vadisi”

Baxılıb:1256
Böyük Qayıdış: DTX-nın rəisi Əli Nağıyevin film kimi həyatı. Gerçək “Qurdlar vadisi”

Prezident İlham Əliyevin imzaladığı sərəncamla general-mayor Əli Nağıyev Dövlət Təhlükəsizlik Xidmətinin rəisi təyin edildi. Uzun illər dövlətin təhlükəsizlik sektorunda işləmiş və peşəkar kəşfiyyatçı kimi tanınan Əli Nağıyevin bu vəzifəyə təyinatı çoxları üçün sürpriz olsa da, generalın keçmiş karyerasına nəzər saldıqda, onun DTX rəisi təyin olunmasının əslində, özünəməxsus qanunauyğunluqla baş verdiyini söyləmək olar. 

Əli Nağıyev kimdir?

Əli Nağı oğlu Nağıyev 1958-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. O, uzun illər Milli Təhlükəsizlik Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Keçmiş MTN rəhbəri Namiq Abbasovun dövründə nazirlikdə İqtisadi cinayətkarlığa qarşı Mübarizə İdarəsinin rəisi olub.

Prezident İlham Əliyevin 28 mart 2018-ci il tarixində  imzaladığı sərəncamla general-mayor Əli Nağıyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Keçmiş MTN rəhbəri Namiq Abbasovun vəzifədən azad edilməsiylə isə Əli Nağıyevin hekayəsi başlayıb və karyerasına həm müsbət, həm mənfi qeydlər düşüb. 

 Əli Nağıyev-Eldar Mahmudov toqquşması – Möhtəşəm triumf

Eldar Mahmudov 2004-cü ildə milli təhlükəsizlik naziri təyin edildikdən sonra sələfi Namiq Abbasovun kadrlarını – ki, həmin adamların hamısı peşəkar kəşfiyyatçılar idi – bir-bir nazirlikdən uzaqlaşdırmağa və yerinə öz adamlarını gətirəməyə başlamışdı. Yeni nazirin özfəaliyyətini balanslamaq üçün isə dövlət rəhbərliyi ona müqavimət göstərə biləcək və qeyri-qanuni işlərdən çəkindirəcək birinə ehtiyac duydu. Bu şəxs Namiq Abbasovun nazirliyi dövründəki fəaliyyəti ilə peşəkar  imici qazanmış, ölkə rəhbərliyinin inandığı Əli Nağıyev idi.  

Və beləliklə, Eldar Mahmudovun nazir təyin edilməsindən bir neçə ay sonra, 2005-ci ildə prezident İlham Əliyev Mahmudovun fəaliyyətini balanslayacaq Əli Nağıyevi MTN-nin ikinci şəxsi – birinci müavin təyin etdi. 27 mart 2006-cı ildə isə Əli Nağıyev dövlət başçısının sərəncamı ilə general-mayor hərbi rütbəsi ilə təltif edildi. 

Elə bu təyinatın ardınca da Eldar Mahmudov-Əli Nağıyev toqquşması başlamış oldu. Uzun illər MTN-nin birinci və ikinci adamı arasındakı bu gərginlik mətbuat səhifələrini də bəzədi. Nağıyevi özünün yerinə ən potensial namizəd hesab edən Mahmudov hər vəchlə onu dövlət rəhbərliyinin gözündən salmağa, MTN-dən uzaqlaşdırmağa çalışırdı. O dövrdə MTN-nin nəzarətində olan mətbu orqanlarda Əli Nağıyevin əleyhinə müxtəlif kompromatlar dərc olunur, generala hər cür ittiham yönəldilirdi. Dövri mətbuatda haqqında korrupsiya ittihamları səsləndirilən Əli Nağıyev nəhayət, 2011-ci ildə Eldar Mahmudov tərəfindən “zərərsizləşdirildi”.

Mahmudovun quldurluq əməllərinin özünün ən vəhşi formasını qazanması üçün nazirlikdə ən böyük əngəl sayılan Əli Nağıyev nəhayət 2011-ci ildə MTN-dən kənara çəkildi. Nağıyev ölkə başçısının sərəncamı ilə MTN rəhbərinin birinci müavini vəzifəsindən azad edildi. Mahmudov çetesi isə dərhal ona qarşı hücumu daha da artırdı. MTN başçısına bağlı mətbuatda Əli Nağıyev korrupsiya ittihamlarına görə prezident tərəfindən vəzifədən uzaqlaşdırıldığını tirajlamağa başladı. Ölkə başçısı isə bu ittihamları və Eldar Mahmudovu sürpriz bir həmlə ilə susdurub yerlə-yeksan etdi.

Korrupsiya ittihamlarına görə təhlükəsizlik nazirinin birinci müavini postundan uzaqlaşdırıldığı deyilən Əli Nağıyev bir ay sonra dövlət başçısı tərəfindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi rəisinin müavini vəzifəsinə gətirildi. Prezident bu həmləsi ilə Əli Nağıyevin yanında olduğunu və ona etimadını təsdiqləmiş oldu.  

Nağıyevin MTN-dən uzaqlaşdırılmasından sonra Eldar Mahmudovun elədiklərini və başına gələnləri isə diqqətli oxucu zatən bilir.

Nağıyevin gedişindən sonra daha 4 il nazir postunda qalan və minlərlə qanunsuzluğa imza atan, ölkədən milyardlarla dolları qeyri-qanuni formada oğurlayıb çıxaran Mahmudov da nəhayət, 2015-ci ildə dövlət rəhbərliyinin qəzəbinə tuş gəldi və nəinki vəzifəsindən azad edildi, hətta ondan sonra MTN-də daş-daş üstündə qalmadı. MTN tamamilə dağıdıldı və yerində yeni sistem – Dövlət Təhlükəsizlik Xidməti yaradıldı. 

Qisas zamanı: Nağıyevin dönüşü

Eldar Mahmudovun nazir postundan uzaqlaşdırılmasının ardınca DTX-ya rəhbər gətiriləcək şəxslər arasında adı ilk sırada hallanan şəxslərdən biri də məhz Əli Nağıyev idi. Uzun illər MTN sistemində yüksək vəzifələrdə işləyən və quruma aid hər şeyi bilən Nağıyevdən daha ideal kadr tapmaq da asan deyildi. Ancaq həmin ərəfədə gözlənilən olmadı və DTX rəisi vəzifəsinə Mədət Quliyev gətirildi. Nağıyev isə yenidən öz zamanını gözləməyə çəkildi. 

Burada bir haşiyə çıxaq. Uzun illər Mahmudovla toqquşmada olan Nağıyevə MTN əməliyyatlarından sonra buradakı qanunsuzluqların araşdırılması üçün yaradılan istintaq qrupuna rəhbərlik həvalə edildi. Beləliklə, Eldar Mahmudov rahat-rahat cinayət əməlləri törətməsi üçün nazirlikdən hər vəchlə uzaqlaşdırmağa çalışdığı Əli Nağıyev kənara çəkilib zamanını gözləməyin mükafatını almışdı – Mahmudovun cinayətlərinin ifşası məhz ona tapşırılmışdı. 

Bir qədər əvvələ qayıdıb bu iki şəxs arasındakı toqquşmanın ən açıq dilə gətirilən formasını da xatırlayaq. 2013-cü ildə MTN tərəfindən həbs edilən jurnalist Pərviz Həşimli azadlığa çıxdıqdan sonra sensasion bəyanatla çıxış elədi. Jurnalist açıqca dedi ki, Eldar Mahmudov ondan Əli Nağıyevin üzünə durmasını tələb edib. Bunu etmədiyi üçün də MTN əməkdaşları nazirin tapşırığı ilə ona qondarma cinayət işi açdırıb həbsinə nail olub. P.Həşimlinin sözlərinə görə, Eldar Mahmudov çetesi Nağıyevin üzünə durması halında ona pul da təklif edib. Sitat: “Dedilər, Əli Nağıyevin üzünə dur, 1 milyon veririk”.

Böyük qayıdış

Və nəhayət, təhlükəsizlik sistemindən uzaqlaşdırıldıqdan sonra 8 il kənarda, passiv vəzifədə öz zamanını gözləyən Əli Nağıyev ən yaxşı bildiyi sahəyə – kəşfiyyatçılığa qayıtdı. Əli Nağıyevin DTX rəisi postuna təyin edilməsini ölkə başçısı İlham Əliyevin ona çox inandığın bir nümunəsi saya bilərik. Uzun illər Nağıyevin müxtəlif cəbhələr tərəfindən vurulmasına mane olan və onu yanına çəkərək qoruyan dövlət başçısı generalın bu sədaqətinin mükafatını isə 8 il sonra verdi. Kənara çəkil deyiləndə səssizcə öz vaxtını, ölkə rəhbərinin yeni tapşırıqlarını gözləyən Nağıyevin ikinci baharı isə dünəndən başlayıb. 

Şübhə yoxdur ki, Dövlət Təhlükəsizlik Xidməti Əli Nağıyevlə birlikdə daha da peşəkar sima qazanacaq. Nağıyevin DTX rəisi kimi ilk işlərindən birinin isə Eldar Mahmudovun dövründə təhlükəsizlik sistemindən küsdürülən və müxtəlif bəhanələrlə ya orqandan istefaya məcbur edilmiş, ya da daha kiçik vəzifələrə sürgün olunmuş peşəkar kəşfiyyatçıların yenidən bu sistemə qaytarılması və layiq olduqları postlara təyin edilməsinin olacağı gözlənilir…

(Azerbaycanrealligi.com)


Abunəlik