Böyük qəhrəmanlığa sahiblik edən kiçik ömr-ŞƏHİDİMİZİ TANIYAQ

Baxılıb:312
Böyük qəhrəmanlığa sahiblik edən kiçik ömr-ŞƏHİDİMİZİ TANIYAQ

Qarabağ müharibəsinin yeni başladığı vaxtda Nefçala rayonunun Bankə qəsəbəsində üzü şər qarışan vaxtda aləm bir-birinə dəyir. 4 ailənin yeniyetmə oğlan övladları anidən yoxa çıxır. Bu həmin dövr üçün nadir hadisə idi. Hamı uşaqları axtarsa da gördüm deyən olmur. Bir neçə gün sonra on beş yaşlı yeniyetmələr heç bir xəsarətsiz, burunları belə qanamadan , məyus şəkildə evə dönürlər. Onların yoxa çıxma səbəbi hər kəsi heyrətə salır. Yeniyetmələrin sözləşərək orduya qoşulmaq üçün evdən qaçdıqları , Zəngilana gedərək könüllü şəkildə orduya qoşulmaq istədikləri, lakin yaşlarının az olduğu üçün komandanlıq tərəfindən “qulaqburması” alaraq geri göndərildikləri məlum olur. O biri yeniyetməlrin sonrakı taleyi mənə məlum deyil. Amma bu 4 yeniyetmədən biri  baş vermiş hadisə ilə heç cür barışa bilmir. təsbeh muncuğu ilə zikr edirmiş kimi, çobanyastığı ləçəyi çəkirmiş kimi günləri sayır. Nəhayət 17 yaşına az qalmış yenidən kölüllü olaraq orduya yazılmaq üçün yol alır. Bu bığ yeni yenicə tərləmiş gəncin israrı , cəsarəti qarşısında komandanlıq heç bir müqavimət göstərə bilmir və onu ordu sıralarına qəbul edir. Ağdamın Mərzili,İsmayılbəyli, Bağmanbəylər kəndlərində gedən döyüşlərdə iştirakı və qəhrəmanlığı ilə döyüş yoluna başlayır.

Haqqında danışdığım igid Azərbaycanın ən gənc şəhidi Rövşən Baloğlan oğlu Ağamalıyevdir. O, 23 iyul 1993-cü il  Ağdam rayonunun Atçılıq sovxozunun azad olunması uğrunda gedən döyüşlərdə piyadalarımızın döyüş mövqeyində normal dayanmalarından ötrü zədələnən döyüş maşınını özü təmir edir.  Nefçala  texniki-peşə məktəbində təhsili , orada öyrəndiyi biliklər onu belə çətin vəziyyətdə dardan çıxarır.Texnikanın üstündə düşmənlərə hücum edir, döyüş bölgəsi önündə yerləşən 13 saylı postda olaraq düşmən texnikasının irəliləməsinə imkan vermir. Düşmən piyadalarını gözünü qırpmadan məhv edir.  Yaralanmış döyüşçülərimizin döyüş mövqeyindən çıxması üçün bütün hərbi tədbirləri görür, erməni şərəfsizlərinin güclü hücumuna baxmayaraq döyüş mövqeyini qətiyyən tərk etmir.Bütün gücü ilə düşmən əsgərlərinin irəliləməsinin qarşısını alır, sonda qəhrəmanlıqla həlak olur.(23 iyul 1993-cü il)

Bu qarayanız, sakit təbiətli gənc kiçik ömrünə bu boyda bir qəhrəmanlığı sığdırır. Yaddaşlarda qəhrəmanlıq səlnaməsi müəlliflərindən biri kimi qalmağı bacarır. Onun yaşıdlarının ana sığalına ehtiyac duyduğu yaşda- cəmi 17 yaşında  o, ŞƏHİDLİK zirvəsini fəth edir.

Ölümündən sonra, 1997-ci ilədə Azərbaycan Respublikasının mərhum prezidenti H.Əliyevin  qərarı ilə döyüşlərdə göstərdiyi şücaətə görə 2İgidliyə görə ” medalı ilə təltif olunur.

Vətən torpağı belə oğulların qanı ilə yoğrulub. Ruhların  naləsini dinlədək. Qarabağda görüşək!!!

Pərvin Abışova /Aztimes.az/


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir