Böyük müharibə başlayır: İsrail Livana qoşun yeritdi – İran nə edəcək?
İsrailin Livanda quru əməliyyatlarına başladığına dair məlumatlar yayılıb. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller də bunu təsdiq edib: “İsrail bizə sərhəd yaxınlığında Hizbullah obyektlərinə qarşı məhdud əməliyyatlar keçirdiyini deyib”. Beləliklə, İsrailin Livana qarşı üçüncü müharibəsinə start verilir, yaxud daha genişmiqyaslı hücumdan öncə ilkin addımlar atılır.
Haniyə İranda öldürüləndə İsrailin bununla Həmasla mübarizəni başa çatdırdığını və “şimal cəbhəsini” açacağını yazırdıq. Peycer əməliyyatı ilə koordinasiyası pozulan Hizbullahın Nəsrullahın öldürülməsindən sonra “başsız” qalması İsrailin planlaşdırılan quru əməliyyatının tərkib hissəsi idi.
İndi əsas sual bu əməliyyatın hansı səviyyədə olacağıdır: 1982-ci il və ya 2006-cı ilə müharibəsi kimi, yoxsa tamamilə fərqli?
1982-ci ildə İsrail üç istiqamətdə Livana hücum edərək, Beyrutu mühasirəyə almışdı. Bu hücum həm də Livanda vətəndaş müharibəsinin nəticəsi olan qanlı “Səbra” və “Şətila” qətliamı ilə tarixə düşdü. 2006-cı il hücumu daha məhdud səviyyədə reallaşmışdı. Üçüncü müharibənin də 2006-cı il hücumuna bəzər olacağı gözlənilir.
İsrailin bu hücumda iki cari hədəfi var.
– Şimal sərhədlərində – Livanın cənubunda Hizbullahın mövqelərini sıradan çıxarmaq;
– Qruplaşmanı Litani çayının (Nəhr əl-Litani) şimalına – İsrailin şimal bölgəsinə raket zərbələrinin çatmayacağı məsafəyə qədər sıxışdırmaq;
Buna nail olacağı, ən azı Hizbullahı şimal sərhədlərindən uzaqlaşdıracağı gözləntisi çoxdur. Hərçənd, müharibə arelanın genişlənməsi riskləri də var. Bu, daha çox Hizbullah və İranın hansı səviyyədə cavab verəcəyindən asılıdır. Mövcud vəziyyətdə nə Tehran, nə də qruplaşma genişmiqyaslı müharibədə o qədər də maraqlı görünmür. Belə vəziyyət Təl-Əvivin bir, ya bir neçə günlük əməliyyatla şimal sərhədlərinin təhlükəsizliyini təmin edərək, dayanacağı gözləntisini önə çıxarır, lakin o da istisna deyil ki, müqavimətin olmaması İsrailin daha da irəli getməsinə zəmin yarada bilər. Şimal sərhədlərində Livan əraziləri hesabına bufer zonanın yaradılması belə ssenarilərdən biridir.