Boşalan məcburi köçkün evləri kimlərə veriləcək? – Ən ədalətli qərar

Baxılıb:101
Boşalan məcburi köçkün evləri kimlərə veriləcək? – Ən ədalətli qərar

İşğaldan azad edilmiş yurd yerlərimizə “Böyük Qayıdış” mərhələli formada həyata keçirilir. Hazırda paytaxt Bakıda və ölkənin digər bölgələrində dövlət tərəfindən müvəqqəti yaşamaq üçün verilən mənzillərdə yaşayan keçmiş məcburi köçkün ailələri öz ata-baba yurdlarına qayıtdıqları üçün həmin evləri yenidən dövlətin balansına qaytarmağa hazır olduqlarını bildirirlər.

Keçmiş məcburi köçkünlər arzu edirlər ki, bu evlər aztəminatlı ailələrə, qazilərə, şəhid ailələrinə, fiziki məhdudiyyətli şəxslərə verilsin. Onlar düşünürlər ki, bu ən ədalətli qərar olar. 30 illik işğal dövründə hər kəs gec-tez bu işğala son qoyulacağını, məcburi köçkünlərin öz yurdlarına qayıdacağına şübhə etmirdi.

Məcburi köçkünlər yeni salınmış qəsəbələrə, onlara verilmiş evlərə köçürüləndə də öz yurdlarına qayıdacaqlarına əmin idilər. Bir fakta diqqət etmək yerinə düşər ki, 2020-ci il müharibəsindən çox-çox əvvəl baş tutan bu köçürülmə prosesi zamanı məcburi köçkünlərlə bağlanan müqavilələrdə bu evlərin dövlətin – Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin balansında olduğu, onlara müvəqqəti yaşayış üçün verildiyi qeyd olunmuşdu. Müqavilənin bir bəndində isə bildirilirdi ki, bu evləri satmaq, bağışlamaq, konstruksiyasında hər hansı dəyişikliklər etmək yolverilməzdir.

Bu qeydlər ondan xəbər verirdi ki, həm dövlət, həm də məcburi köçkünlər bu məskunlaşmanın, bu evlərdə yaşayışın müvəqqəti olduğuna əmin idi, torpaqlarımız mütləq işğaldan azad olunacaq və həmin insanlar öz yurdlarına qayıdacaqlar. 1992-ci ildə Laçından köçkün düşən Mirzəyevlər ailəsi də öz doğma dədə-baba ocağına dönüb. Əmindirlər ki, isti ocaqlarının başında bütün acılarını unudacaqlar. Zəngilan rayonunun Ağalı kəndinə dönən Mahmudovlar ailəsi köçəqədərki prosesdə Qobu Park qəsəbəsində müvəqqəti məskunlaşmışdılar.

Minayə Mahmudova deyir ki, müvəqqəti məskunlaşdıqları ev dövlət tərəfindən şəhid ailəsinə verilib. Bu addım onların da sevincinə səbəb olub. Çünki məhz həmin şəhidlərin sayəsində cənnətə çevrilən Ağalı kəndində yeni, hər cür avadanlıqla təmin edilmiş isti evlərində yaşayırlar. “Böyük qayıdış”ı böyük edən məqamlardan biri də dədə-baba yurdlarına dönən keçmiş məcburi köçkünlərin həm hər cür şəraiti olan evlərlə, həm də işlə təmin edilmələridir. Ağalı kəndində uşaqların təhsil alması üçün uşaq bağçası, müasir təhsil kompleksi və kənd sakinlərinin məşğulluğunun artırılması üçün emal sexləri inşa olunub və istifadəyə verilib. Kənd ərazisinə təsərrüfat işlərində istifadə etmək üçün müxtəlif növ kənd təsərrüfatı texnikaları da gətirilib. Dövlət Sahibkar Tərəfdaşlığı İnkişaf Mərkəzi, “Sağlam Tekstil” Tibb Vasitələrin İstehsalı Mərkəzi yaradılıb. Bu mərkəzdə 20 nəfərə yaxın kənd sakini işlə təmin olunub. “Böyük Qayıdış”ın başlanması ilə dövlət artıq digər kateqoriyadan olan vətəndaşların da mənzil-məişət problemlərinin həllinə diqqət ayıra biləcək. Bakıda və digər bölgələrdə dövlətin müvəqqəti olaraq köçkünlərə ayırdığı evlər boşaldıqca orada qəzalı binalrda yaşayan digər kateqoriyadan olan vətəndaşların, həmçinin, hələlik doğma torpaqlara qayıtmamış köçkün ailələrin yerləşdirilməsi nəzərdə tutulub.

Hazırda Qaradağ rayonundakı “Ümid” qəsəbəsində salınmış şəhərcikdə məskunlaşmış Laçın sakini Etibar Əliyev də bildirir ki, bu illər ərzində Azərbaycan dövlətinin hər cür qayğısını hiss ediblər: 2 saylı Peşə Litseyinin yataqxanasında məskunlaşmış Elza Həsənovanın oğlu 1992-ci ildə Qarabağ müharibəsində şəhid olub. 44 günlük Vətən Müharibəsi zamanı Prezident-Xalq-Ordu birliyi müharibədən sonrakı “Böyük Qayıdış” prosesində özünü göstərir. Milli birlik, bir yumruq ətrafında birləşmək 30 illik həsrətində olduğumuz torpaqlara mərhələli və sürətli qayıdışımız üçün təməl prinsiplərdən biridir. Bu gün bir zamanlar həsrətlə baxdığımız torpaqlar bizdən, sadəcə, səbir istəyir. Biz haqqımız olan torpaqlara qayıtmışıq. İşğal altında olan torpaqlarımızı Ali Baş Komandan, Ordumuz və xalqımızın milli iradəsi sayəsində qazandığımız kimi, həmin torpaqlarda yaşamı bərpa etməkdə də eyni birliyi sərgiləyəcəyik.


Abunəlik