“Biz Azərbaycanın yandaşı deyilik, özüyük” – GAMOH-dan ordumuza DƏSTƏK
Azərbaycan Respublikasına qarşı təcavüzkar Ermənistan dövlətinin hərbi təxribatları davam edir. 12 gündür ki, Qarabağda müharibə gedir. Azərbaycan ordusu erməni işğalçılarını mövqelərindən geri oturdub. Bir sıra dünya ölkələri Azərbaycanın haqq işini dəstəkləyir.
Bu sırada Türkiyə, Pakistan, Ukrayna, Bosniya, Macarıstan, Əfqanıstan da var. İran sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, əl altdan ermənilərə dəstək verir. Lakin Güney Azərbaycan türkləri Azərbaycanın haqq davasını müdafiə edir.
Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) İdarə Heyətinin üzvü Ağrı Qaradağlının Cebhe.info-ya verdiyi məlumata görə, əksər güney şəhərlərində insanlar Azərbaycan ordusunun hərbi əməliyyatlarını dəstəkləyir:
“Ermənistan işğalçı dövlətdir. Azərbaycanın BMT tərəfindən tanınmış ərazi bütövlüyünü pozub, Dağlıq Qarabağı və ətraf rayonları işğal edib.
30 ildir atəşkəs rejimidir, BMT-dən mandat almış ATƏT-in Minsk Qrupu münaqişənin həllində irəliləyişə nail ola bilmədi. Azərbaycan məcbur olaraq ermənilərin hərbi təxribatlarına cavab verməli oldu. Bu gün türk dünyasının birlik zamanıdır. Hər kəs mövqeyini ortaya qoyur.
Bu həm də prosesə ədalətli yanaşma tələb edir. İran dövləti işğala məruz qalmış müsəlman Azərbaycanın haqq işini dəstəkləməli idi. Lakin bunu etmədi. Güney Azərbaycanın 35 milyonqluq xalqı isə fərqli düşünür. Biz torpağı işğal olunmuş qardaşlarımızı müdafiə edirik”.
İranda Ermənistana silah-sursat yardımının davam etdiyini bildirən GAMOH yetkilisi deyib ki, belə davam etsə, Güney Azərbaycan açıq şəkildə buna qarşı çıxacaq:
“Biz GAMOH olaraq İrana xəbərdarlıq etmişik. Ermənistan Nurduz gömrüyündən işğalçı dövlətə yardımı kəsməyincə etirazlar başlayacaq. Biz Azərbaycanın yandaşı deyilik, Azərbaycanın özüyük”.