Biyabırçılıq! Dərsliklər vasitəsi ilə beyin yuyan kimlərdir?-Təhsil Nazirliyi hara baxır?

Baxılıb:549
Biyabırçılıq! Dərsliklər vasitəsi ilə beyin yuyan kimlərdir?-Təhsil Nazirliyi hara baxır?

Tural Bakuvi yazır:

Bu səhifə 6-cı sinif fizika dərsliyindəndir. Təkrar edirəm, FİZİKA!
Möhtəşəm fiziklərimiz suyun fiziki və kimyəvi xassələrinin fərqinə görə bir-birinə qarışmamasını (əslində, qarışırlar, sadəcə eyni xassəli suların qarışmasına nisbətən daha ləng qarışırlar) “gözə görünməz pərdə” adlandırması azmış kimi, bunun 7-ci əsrdə Quranda yazılmış olduğunu bildirir: “Birinin suyu dadlı və şirin, digərininki duzlu və acı olan iki dənizi qovuşduraraq, aralarında keçilməz sədd qoyan Odur” (Furqan-53)

Əvvəla onu demək lazımdır ki, Kusto heç vaxt islamı qəbul etməyib və müsəlmanların iddia etdiyi kimi, Cəbəllütariq boğazındakı kimyəvi-fiziki hadisəni heç vaxt Quranla bağlamayıb. Bu, bir çox digər Quran möcüzələri müjdəsi kimi saxta bilgilərdən biridir.

İkincisi, lap deyək ki, Kusto bilməyib, amma, biz bilirik ki, hələ 4 min il əvvəl Finikiya koloniyaçıları bu məsələdən xəbərdar idilər. Hələ, eradan əvvəl 7-6-cı əsrlərdə Yunan tacirləri də oralarda olmuş, bunun səbəbini öyrənməyə çalışmış, hətta, təbiətşünas Plini bunu laboratuar şəraitdə borulardan az duzlu və çox duzlu suları təmas etdirərək sınaq da aparmışdı. Belə olan halda, əlbəttə ki, 7-ci əsrdə aralıq-qırmızı dəniz sahillərinə yaxın bölgənin insanlarının bundan xəbərdar olması qeyri-adi bir hal sayılmamalıdır axı.

Nəhayət, suyu şirin və dadlı olan dəniz varmı?! Aydındır ki, burada acı və duzlu deyərkən, Aralıq dənizinin, şirin və dadlı deyərkən isə Atlantik okeanının suyu nəzərdə tutulur. Əziz dostlar, bu gün kimsə okean suyuna şirin və dadlı desə onu axmaq və ya cahil hesab edərsiniz, elə deyilmi?!

Hələ mövzu ilə əlaqəli digər bir ayədə görün nə deyir:
“İki dəniz eyni deyildir. Birinin suyu çox şirin, dadlı və içməyə rahat və içənə ləzzət edən, digərininki isə həddindən artıq şor və acıdır. (35-12)
Təsəvvür edirsiniz, Atlantik okeanın suyu içənə ləzzət edir, boğazdan yumşaq gedir… Bəh, nə gözəl!
Bu sözü – Okean suyunun içənə ləzzət verdiyini bu gün biri desə, onu axmaq, yaxud, şizofrenik hesab edərdiniz, elə deyil?! Bunu 14OO il əvvəl biri deyibsə, sizin üçün dəyişən nə olur axı?!

Ümumiyyətlə, din kitablarında elmə aid xəbərlər verilməsi və numeralogiya oyunbazlığı yəhudi din-“elm” adamları Eliyahu Ripps, ardından Mixael Krosnin kimi yəhudi din-“elm” adamları tərəfindən uydurulub. Onların “Tövratın kodları” adlı əsərlərini oxusanız, görəcəksiniz ki, quran möcüzəsi kimi bildiyiniz hər şey – 19 rəqəmi, ağır buludlar, böyük partlayış, dişi arılar, acı-şirin su və bir mənalı şəkildə bütün bildikləriniz! – əslində, tövrat möcüzəsi imiş və hətta, bunlar da yəhudilikdən kopyalanmadır.

Keçək məsələnin sosial-mənəvi tərəfinə.

6-cı sinifdə oxuyan pak, gül kimi saf balalarımız görəndə ki, onun dövləti, təhsil nazirliyi, məktəbi, müəllimi ona deyir ki, Quranda 14OO il əvvəldən uzaq gələcəkdə aydın olacaq məsələlər yazılıb və bu kitab ilahidən gəlib, ardından bir də valideyninə sual edib, cavabında quranı allah göndərib cavabını aldıqdan sonra, əlbəttə ki, buna inanacaq, quranı birmənalı şəkildə mütləq həqiqət qəbul edəcək və yeniyetməliyə çatdıqda bu kitabı oxuyub, inanacaq! İnanacaq ki:Günəş məğribə çatandan sonra, qara bir palçığın içində batır,

Ulduzların yerin ən yaxın göyünə düzülmüş qəndillərdir ki, (şamlar) şeytanları yandırsın.

Dağlar zəlzələ olmasın deyə var,

Külək əsməsə, gəmilər üzməz,

Yerin qübbəsi var və o möhkəm bəndlərdən asılıb ki, göy yerin üstünə düşməsin,

Ümumiyyətlə, yer düzdür və günəş onun ətrafında fırlanır. Belə ki, günçıxan, günbatan sözləri də elə bu səbəbdən mövcuddur.

Yağış o yerlərə yağır ki, oradakı insanlar ruzi-bərəkət əldə etsin və bu, ilahi rəhmətdir,

İldırım o yerlərdə çaxır ki, o yerlərin insanları cəzaya məhkumdur.

İnanacaq ki:

  • İsrail İmperatoru Süleymanın cinlərdən quşlardan ibarət ordusu var idi və Süleyman onlarla söhbət edirdi. Arada cinlərini düşmən ölkənin taxtını oğurlamaq üçün göndərirdi.
  • Kimlərsə suda gəzir, ölüləri dirildir, dənizi iki yarır və ya kimlərsə balıq qarnında 3 sutka yaşayırdı.
  • İnsan – ilk kişi palçıqdan yaranıb, ilk qadın onun qabırğasından və onların iki oğlundan isə 4 rezurs qan qrupuna malik milyardlarla insan törəyib və hazırda onlarla fərqli irqlər halında yaşayırlar.
  • Bir gün Nuh adlı biri baş verəcək fəlakəti bilərək, bütün canlıları – bakteriyalardan tutmuş, pinqvinlərə, suitilərə, koalalara qədər gəmisinə yığıb daşqın fəlakətindən xilas etmiş və yenidən törəmələri üçün şans vermişdi.
  • Kainatı yaradan gücün nə kainatdan, nə qalaktikalardan, nə planetlərdən xəbəri var, nə qədim canlılardan, dinozavrlardan, nə yer üzüdə olmuş paleontoloji və geoloji mərhələlərdən…

İnanacaq ki:

  • Qadın ərinə itaət etməlidir, ümuiyyətlə onun məhsul əkdiyi tarladan ibarətdir, ər onu döyə bilər, onunla yanaşı çoxlu kəniz saxlaya və 4 qadınla evlilik yaşaya bilər.
  • Bir insan qul ola bilər, bir insanın çoxlu qulu və qadın köləsi – cariyəsi ola bilər,
  • Menstruasiya yaşına çatmamış arvadı boşamaq üçün nə etmək lazımdır,
  • Qullara və kənizlərə necə davranmaq lazımdır,
  • Müsəlman olmayanları, kafirləri necə öldürmək lazımdır,
  • Yer üzündə İslam dini hakim olana qədər hansı şəkildə savaşmaq lazımdır,
  • Kimsə sənin qardaşını öldürəndə, onun qardaşını, arvadını öldürəndə onun arvadını necə öldürmək lazımdır…!

İnanın ki, bu siyahını o qədər uzatmaq olar ki, oxuduqca, oxuyarsınız…

Aydındır ki, bu qəbildən yetişdirdiyimiz övladlarımız “cahillik çökəkliyinə” enməklə yanaşı, ya hansısa güclərə meyllənib dövlət maraqlarına xəyanət edəcək, ya da, öz dövlətinin pasportunu cırıb, ərəblərin vətəndaş savaşlarına qoşulacaq.

Bu mündəricatda qadına şiddət də gizlənir, pedofiliya da, linç də, xaos da, dövlətə xəyanət də!

Bizim ümummilli hədəfimiz budurmu?!
Bizə bumu lazımdır?!
Axı, söhbət dövlət və milli maraqlarımızdan gedir!

Əziz, Təhsil Nazirliyi! Yaxşı düşünün!

Zamin Mürsəlov AzTimes.az


Abunəlik