Bir vərəqə sığan mənalı ömr- Əli Kərimin doğum günüdür
Bu gün qısa ömründə Azərbaycan ədəbiyyatına qiymətli tövhələr vermiş Əli Kərimin doğum günüdür. Əli Paşa oğlu Kərimov 18 mart 1931-ci ildə Göyçay rayonunda anadan olmuşdur. Heç bir kəs düşünməzdi ki, kasıb, əli qabarlı bir fəhlə ailəsində böyüyən bu uşaq ədəbiyyatında tamamilə başqa bir dəsti-xətt quracaq. Qısa ömür yaşamasına baxmayaraq adını Azərbaycan ədəbiyyatına daş üzərində yazılmış yazı kimi həkk etdirməyi bacaracaq.
Əli Kərim 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olur, ailəsinin onun maddi ehtiyaclarını ödəmək üçün imkanı olmadığından o yataqxanada qalmalı idi. Lakin yataqxanada yer olmadığından Teatr İnstitutunun teatrşünaslıq fakültəsinə keçir, III kursdan Moskvada, M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsilini davam etdirir və 1955-ci ildə oranı fərqlənmə diplomu ilə bitirir. Bakıya qayıdır və «Azərbaycan» jurnalının redaksiyasında şeir şöbəsinin müdiri kimi işləməyə başlayır.
Əli Kərim dəsti-xətti o dövrdə bəziləri tərəfindən qəbul edilməsə də tez bir zamanda maraq doğuraraq dildən-dilə dolaşdı. Bu günümüzdə də onun üslubunu, deyim tərzini, söz-obrazlarını davam etdirən şairlər var.
1948-ci ildə «Azərbaycan pioneri» qəzetində «Təzə müəllim» şeiri dərc onundu. Bu onun ictimaiyyətə təqdim olunan ilk şeri idi. 1957-ci ildə Moskvada keçirilən tələbələrin VI Ümumdünya Festivalında «İlk simfoniya» poeması mükafata layiq görüldü.«İki sevgi»,«Həmişə səfərdə», «Qızıl qanad», «Uşaqlar və ulduzlar», «Səfərdən sonra», «Pillələr», «Qayıt», «Mavi nəğmənin sahilində» və s. kitabları, müxtəlif illərdə nəşr edildi.
Əli Kərim poeziyasının zirvəsi, mənim aləmimdə ” Qaytar ana borcunu” şeridir. Bu şer bir qadının nə qədər dözümlü,vəfalı əzabkeş olmasını, bir ananın övlad məhəbbəti uğrunda hər məşəqqətə qatlaşmasını elə ustalıqla təsvir edir ki…… Bu vaxta kimi oxuduğum anaya həsr edilmiş əsərlərin ən möhtəşəmidir bu şer. Şerdə anaların oğulları üçün öz həyatlarını qurban vermələri, lakin oğul evləndikdən sonra ananın əziyyətini heç saymasından söhbət gedir.
Qaytar ana borcunu
Bir gözəl, bir sevimli oğul böyütdü ana.
O bəd, uğursuz günü – ərinin öldüyünü
Bildirmədi heç ona.
Kədəri dalğa-dalğa doldusa da ürəyə
Lakin nə saç yolaraq verdi əsən küləyə,
Nə şivən etdi ana.
Ürəyində ağlayıb, gülmək öyrətdi ona,
Dözərək davanın da dərdinə, bəlasına,
Öz boğazından kəsib yedirdi balasına…
Bir oğul böyütdü ki, gur, çatmaqaş, gensinə.
Bir oğul böyütdü ki, oğul deyirəm sənə:
Atlını atdan salıb küləklərlə ötüşür.
Baxışından qızların ürəyinə od düşür.
Bir oğul böyütdü ki, oğul məktəb bitirdi,
Oğul instituta qızıl medalla girdi.
Ana fikirləşdi ki: “Gör neçə aya getdi?!”
Ana yuxularında tez-tez Bakıya getdi,
Ana məktub yazdı ki: “Yanıltma gümanımı,
Pul nədir, pul deyirsən, göndərərəm canımı”.
Nə zaman ki oğlunun getdiyi dörd il oldu,
Məktubları kəsildi, gəlmədi tətil oldu,
Ananı fikir aldı, ananın əsdi dizi
Ana müqəssir etdi, tramvayı, dənizi.
O yenə dözdü, durdu… O yolmadı saçını,
Səsləri qonşuları Əsmər, Çiçək bacını.
Yenə də azalmadı ürəkdən bala dərdi
Onlar oğul vermədi, onlar təsəlli verdi.
Məktub məktub dalınca axdı, Bakıya axdı,
Ana da məktubların dalınca baxdı, baxdı…
Məktublarsa Bakını dolandı, gəzdi, gəldi,
Məktublar əzik-üzük, məktublar bezdi gəldi,
Ana yenə də baxdı gah dolama yollara,
Gah da oğul boyuna həsrət qalan qollara.
Ana oğul böyütdü gur, çatmaqaş, gensinə,
Ana oğul böyütdü, özgəyə qismət oldu.
Ana fikirləşdi ki, mən neyləmişəm sənə?
Bu nə oğulluq oldu, bu nə məhəbbət oldu?
Oğul böyütdümü o büzmədodaq bir qıza?
Oğul böyütdümü o. min işvəyə, min naza?
Ana bilsəydi əgər böyütməzdi oğlunu,
Yox, bunu yandım dedim, yenə atmazdı onu.
Bir gözəl, bir sevimli oğul böyütdü ana,
Ürəyində ağlayıb gülmək öyrətdi ona.
Oğul! Nədir etdiyin bəs bu haq-say üçün?
Qaytar onun ömrünə neçə gecə, neçə gün!
Qaytar onun saçının qaralığını geri.
Qaytar o dilindəki şirin-şirin sözləri!
O sözü, o söhbəti gülüşü anan verib,
Ana dodaqlarından bala dodaqlarına.
İndi ondan gen gəzən oğul, ayaqlarına
Yerişi anan verib.
Qaytarsan o sözləri, sözsüz bir lal olarsan,
Qaytarsan o yerişi, yerindəcə qalarsan.
Qaytarsan o gülüşü hırıldamazsan daha
Qaytar, qaytar onları. qaytar qoyma sabaha!
Sən ki dərd verdin, oğul, sənə gülüş verənə.
Oğul demərəm sənə!
Deyirəm ki, o boyu, buxunu qaytar geri!
Deyirəm ki, varını, yoxunu qaytar geri!
Qaytar onun borcunu,
Gülüşünü, adını, sözünü qaytar geri!
Qaytar ana borcunu,
O borc sənin özünsən, özünü qaytar geri!
Uşaqlığımıza rəng qatansa, Əli Kərimin ssenarisi əsasında çəkilmiş “Daş” cizgi filmi idi. 1977-ci ildə çəkilməsinə baxmayaraq günümüzdə də öz aktuallığını qoruyan bu film indi də aktuallığını saxlayır.
Şairin həyatı haqqında sənədli və qısametrajlı filmlər çəkilib. Bunlardan “Yeddi düyüm”,(LiderTv) “Son nəfəs” (ANS),”Gələcəyin şairi”(AzTv) və s. misal göstərmək olar.
Əli Kərim cəmi 38 yaşında dünyasını dəyişdi.(30 iyun 1969) Ümummilli lider Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəldiyi dövrdə Göyçay Rayonunda Şair Əli Kərimin məzarı ətrafında Əli Kərim adına park salınmış, heykəli ucaldılmışdır. Bununla yanaşı Bakı, Göyçay, Sabirabad Şəhərlərində Əli Kərimin adını daşıyan küçə, Sumqayıt da Əli Kərim adına poeziya klubu, Xocalı rayonunda isə Əli Kərim adına tam orta məktəb vardır. Bəlkə yaşasaydı, daha çox tövhələr verərdi ədəbiyyatımıza. Bəlkə də o da başqalaşardı…… Məkanın uçmaq olsun gözəl insan.
Pərvin Abışova /AzTimes.az/