“Bir kərə yüksələn bayraq, bir daha enməz!”
Bu gün Azərbaycanın dövlətçilik tarixində xüsusi imzası olan Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.
Məhəmməd Əmin bəy 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. İlk təhsilini ikinci “Rus-müsəlman” məktəbində alan Rəsulzadə daha sonra Bakı texniki məktəbində rus dilində təhsil alıb. Məhəmməd Əmin Rəsulzadə inqilabi fəaliyyətə də həmin illərdə başlayıb. 1902-ci ildə 17 yaşında olan M.Ə.Rəsulzadə “Müsəlman gənclik təşkilatı”nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.
1908-ci ilin axırında M.Ə.Rəsulzadə çar üsul-idarəsi tərəfindən həbs olunması təhlükəsi ilə bağlı Bakını tərk edərək bir müddət İranda yaşayıb. Rəsulzadə İranda da siyasi fəaliyyətini davam etdirərək Avropa təhsili görmüş bir qrup İran ziyalısı ilə birlikdə 1910-cu ilin sentyabrında İran Demokrat Partiyasını yaradır.
Çar hökuməti İrandakı inqilabi hərəkatdan qorxuya düşərək onun əsas rəhbərlərindən biri olan M.Ə.Rəsulzadənin ölkədən çıxarılmasını İranın şahından tələb edir. M.Ə.Rəsulzadə təqiblərdən yaxa qurtarmaq üçün 1911-ci ilin may ayında İstanbula getmək məcburiyyətində qalır. O, 1911-ci ilin noyabr ayından nəşrə başlayan “Türk yurdu” jurnalının fəal yazarlarından biri olur.
1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar ümumi əfv elan olunur və M.Ə.Rəsulzadə vətənə qayıda bilir. 1917-ci ildə fevral burjua inqilabı baş verir.
1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunur. Mayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şurası yaradılır. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə milli şuranın sədri seçilir. 1918-ci il mayın 28-də bütün ölkələrin radiostansiyaları və qəzetləri Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasını dünyaya yayır. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları içərisində hətta bütün Şərqdə ilk dəfə olaraq respublika qurdu.
1920-ci il aprelin 27-də baş verən sovet işğalı səbəbindən Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. AXC-nin qurucuları Azərbaycanı tərk etməli oldular. Məhəmməd Əmin Rəsulzadə uzun müddət Avropada mühacir həyatı yaşasa da ömrünün son illərini Türkiyədə keçirdi və 1955-ci il martın 6-da Ankarada həyata vida etdi. Məzarı Ankaranın mərkəzindəki Əsri məzarlığındadır. M.Ə.Rəsulzadə 71 yaşında dünyadan köçərkən son olaraq üç dəfə “Azərbaycan, Azərbaycan, Azərbaycan” sözlərini işlədib.
AzTimes.az.