“Bir çox qətllərin, adam oğurluqlarının və s. cinayətlərin başında Ramiz Mehdiyevin durduğu iddia olunurdu”… – Vitse-spiker
“Ramiz Mehdiyevin “Təzadlar” qəzetinə açıqlama verib-vermədiyi sualı hələ də açıq qalır. AMEA belə bir açıqlama verilmədiyi bildirir, “Təzadlar” qəzeti isə israrla öz mövqeyinin üzərində dayanır. Bu mübahisəni onların öz ixtiyarlarına buraxıram”.
MM-in vitse-spikeri Adil Əliyev Ovqat.com-a açıqlamasında belə deyib.
Bununla belə, Ramiz Mehdiyevin bundan əvvəlki açıqlamalarında bənzər ittihamların yer aldığını xatırladan Adil Əliyev xüsusilə “nankor və “süfrə qırıntıları ilə yaşayanlar” istilahları üzərində dayandı: “Ötən açıqlamasında Ramiz Mehdiyevin əleyhdarlarını “satqın”, “əqidəsini dəyişən”, “həris”, “nankor” kimi səciyyələndirmişdi. Onun “Təzadlar”da dərc olunan açıqlaması da mahiyyət etibarilə əvvəlki mövqeyi ilə fərqlənmir. Odur ki, Ramiz Mehdiyevin verdiyi açıqlamanın arxasından niyə qaçdığı şəxsən mənə aydın deyil”.
Keçmiş “Boz kardinal”ın “əlində olan faktları ortaya qoysa, bir çoxlarının respublikadan baş götürüb qaçacaqları” ilə təhdid etməsinin həm də bir etiraf olduğunu bildirən Adil Əliyevin fikrincə, onun bu fikirləri bir zamanlar haqqında yayıldığı ittihamlarla həmahəng səslənir: “Əvvəla, adama deyərlər ki, kimlərinsə respublikadan baş götürüb qaçmasına səbəb olacaq o faktlar səndə nə gəzir? Belə çıxır ki, o cinayətləri həmin ünsürlərlə ya bərabər həyata keçiribsən, ya da onlara himayədarlıq edibsən. Yox, əgər bunların heç birini etməyibsənsə, niyə indiyə qədər susubsan? Niyə hüquq-mühafizə orqanlarını bu barədə məlumatlandırmamısan? Elə bu faktın özü Ramiz Mehdiyevin cinayətkarlara himayədarlıq etdiyinin sübutudur. Çünki cinayətə göz yummaq da o cinayətdə iştirak etmək deməkdir.
İkincisi, “susmasanız, faktları açıqlayaram” məntiqinin cinayət hüququnda bir adı var – şantaj. Ramiz Mehdiyev uzun illərdir dövlət adamı statusunu daşıyır. Şantaj dövlət adamına yox, kriminal ünsürlərə xas keyfiyyətdir.
Ən əsası isə, bilirsiniz ki, zaman-zaman Azərbaycan ictimai rəyində ölkədə baş verən bir çox qətl hadisələrinin, adam oğurluqlarının, gömrükdən və vergidən yayınmaların başında bu adamın durduğu iddia olunurdu. Mətbuatda bu iddiaları təsdiqləyən kifayət qədər məlumatlar və dəlillər var. Bu mənada həmin təhdidlərin kimlərə ünvanlandığı aydındır. Əlbəttə, sözügedən iddiaların bəziləri sadəcə qarayaxma da ola bilər. Odur ki, həmin adamlar kokret mövqe ortaya qoymalı, iddiaları ciddi dəlillərlə inkar etməli, təhdidlərinə boyun əymədiklərini açıq-aşkar sərgiləməlidirlər”.