Beynəlxalq Əlilliyi olan Şəxslər Günü Sumqayıtda qeyd edildi- FOTOLAR

Baxılıb:499
Beynəlxalq Əlilliyi olan Şəxslər Günü Sumqayıtda qeyd edildi- FOTOLAR


Dövlətimiz əlilliyi olan şəxslərin reabilitasiyası, onların sosial vəziyyətlərinin yaxşılaşdırılması, cəmiyyətə inteqrasiyası sahəsində ardıcıl siyasət aparır.

AzTimes.az xəbər verir ki, Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Sumqayıt Reabilitasiya Mərkəzinin direktoru Pərvanə Hacıyeva mərkəzin təşkilatçılığı ilə Sumqayıt şəhəri Heydər Əliyev Mərkəzində keçirilən tədbirin açılışında deyib. Beynəlxalq Əlilliyi olan Şəxslər Günü münasibətilə “Həyata gülümsə” adlı tədbirə dəvət edilən əlillərlə birlikdə mərasimdə Sumqayıt seçicilərini Milli Məclisdə təmsil edən parlamentin komitə sədri Hicran Hüseynova, deputatlar Emin Hacıyev, Müşfiq Məmmədli və Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları iştirak ediblər.
Gün münasibətilə tədbirdə iştirak edənləri salamlayan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi İdarə Heyəti sədrinin müavini Ramin Rzayev əlillərə dövlət qayğısı barədə danışıb. Sədr müavini bu sahədə dövlət siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edib, hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb: “Bu gün o siyasətin həyata keçməsi üçün mükəmməl qanunvericilik bazası var və bu sahədə yalnız dövlət və hökumət qurumları deyil, qeyri-hökumət təşkilatları, habelə vətəndaş cəmiyyəti fəalları yaxından iştirak edirlər”.
Tədbirdə əlilliyi olan şəxslərin musiqili ifaları, rəqs nömrələri, motivasiyayönümlü çıxışları təqdim edilib.


Abunəlik