Beyləqanda kafedə qız üstündə bıçaqlanma hadisəsi baş verib- Xidmət rəisi kafelərdən aylıq alır?
AzTimes.az xəbər verir ki, 18 may 2022-ci il saat 22 radələrində Beyləqan rayonu ərazisində yerləşən kafelərin birində bıçaqlanma hadisəsi baş verib. Şahidlər hadisənin kafedə ofisiant kimi çalışan qadın üstə oldugunu deyir. Obyekt Beyləqan polis idarəsinin yaxınlığında yerləşməsinə baxmayaraq hadisə zamanı əraziyə heç bir polis əməkdaşı gəlməyib. Hadisədən 24 saat keçməsinə baxmayaraq Rayon polis şöbəsindən hadisə ilə bağlı mərkəzə heç bir məlumat verilməyib. Məsələ jurnalist Ramin Məhəmmədoğlunun şəxsi Facebook hesabında yazdığı statusdan sonra nəzarətə götürülüb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzTimes.az-ın sorğusuna cavab olaraq bildirilib:” Qeyd edilən iddialarla bağlı Beyləqan Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. İddialar təsdiqini taparsa məsələ ilə bağlı qanunmüvafiq tədbirlər yerinə yetiriləcək.”
Beyləqan sakinləri iddia edir ki, rayonun ərazisində fəaliyyət göstərən bəzi kafelərdə ölkənin başqa yerlərindən gətirilən qadınlar çalışır. Üstəlik onların nə əmək müqaviləsi var, nə də qeydiyyatı. İddialara görə Beyləqan rayon polis şöbəsində xidmət rəisi vəzifəsini icra edən Taleh Hüseynov belə obyektlərdən onları qorumaq üçün aylıq 200 AZN pul alır. Ödəniş etməyən obyekt sahiblərinin isə çörək qazanması zülmə çevrilib. Ən doğrusu isə DİN-in araşdırmasından sonra bilinəcək.