Belə şeir oxumadınız-“Tap məni..”
Mən o çılğın duyğuların adamı,
Sığallama, gəl deş, qanat yaramı.
Al fırçanı, ağla dəyiş qaramı,
Kor rəssamın tablosunda tap məni..
Min illərdir sızıldayan ağrıyam.
Hara dönsəm üzü sənə sarıyam.
Xoşbəxtlikdən o qədər uzaqdayam,
Yalnızlığın qucağında tap məni..
Əllərinlə yoğurarsan xəmrimi,
Köksünə sıx, dinlə sən dərdlərimi.
Çox sev, amma çox da bilmə qədrimi .
Torpağa bük şərablara qat məni..
Mən şeytanın füsunkar mərhəməti,
Mən tanrının qəzəbiyəm, hirsiyəm.
Zəncirsizəm, azadlıq dəlisiyəm,
Uçan quşun qanadında tap məni..
Xoş xatirə, cansız bir əfsanəyəm.
Görmək olmaz məni, mən dillərdəyəm.
Mən ağılın bitdiyi yerlərdəyəm,
Bir dəlinin xəyalında tap məni..
Əllərinə dəyməsin yad əlləri.
Gözlərinə baxmasın özgələri.
Söz ver, əgər bir gün olar unutsan,
Kağıza yaz, dənizlərə at məni..
Səninlə başladı, səninlə bitdi,
Gülüşlərin gözümdən düşdü, itdi.
Xoşbəxtliyim məndən incidi getdi,
Sən də götür əzablara sat məni..
Qoşa gəzməz yalnızlığın adamı,
Yaxın gəlmə, get, bağlama yaramı.
Ölmək üçün gözləyirəm sıramı.
Bayquşların məskənində tap məni..
Anlamazlar, bir azca qarışığam.
Savaş sonrası gələn barışığam.
Mən günəşəm, beyinlərə işığam,
Gündüz vaxtı qaranlıqda tap məni..
Sənsən mənim gülüşündə bitdiyim.
Ulduzları ayağına sərdiyim.
Bundan sonra ağlatmaram, sevdiyim.
İki damla göz yaşına sat məni..
Mən ağılın bitdiyi yerlərdəyəm.
Mən məcnunun gəzdiyi çöllərdəyəm.
Ədalətəm dünyada yoxdur yerim.
Laməkanın hərfində tap məni..
Gəl parılda üzüyümün qaşında,
Tac eləyib gəzdirəcəm başımda.
Nə dəyəri gəlib dursam qarşında?
Yum gözünü, ayaqyalın tap məni..
Sürünmə sən kölgəmin arxasınca,
Yox olacam gecə günəş batınca.
Yandırdığın yaralı ürəyimin,
Odununun tüstüsündə tap məni..
Mən bəşərin divanə şairiyəm
Mən səninəm, amma sənsiz biriyəm.
Heç bilmirəm ölüyəm ya diriyəm,
Qanda axtar, şah damarda tap məni..
Mən sənin həm sevincin, həm nifrətin,
Xoşbəxtliyəm, qədrini bilmədiyin.
Hər gecə ağlayanda dinlədiyin,
Musiqinin notlarında tap məni..
Mənəm sevincin düsturu.
Mən kök altı qalığam.
Üçbucaqlı fiqurun dördüncü bucağıyam.
Olmazların olmazında tap məni..
Mən bir qulun çarığı, Süleymanın taxtıyam.
Nə bu dünya nə axirət malıyam.
Mən tanrıdan bir qisas almalıyam.
İblislərin cənnətində tap məni…
Kimisinə sağ ol, kimə salamam.
Bəzən doğma biri, bəzənsə yadam.
Mən indiyəm, sonrası olmayanam.
Tarix yazan qələmlərin çirnelində tap məni..
Mən adəmin yediyi həmin alma,
Günahdan qorxursan?- Yanımda qalma.
Bu gününü yaşa, dünənə baxma.
Açılmayan sabahlarda tap məni..
Qucaqla dizlərin hər gecə yarı,
Saxlaya bilməz ki, tufanı qarı.
Asta asta gələcəm sənə sarı,
Yat hər gecə yuxularda tap məni.
Mən şizofren filosof,
Mən axmaq bir qocayam.
Mən sizlərdən milyon il uzaqdayam.
Ayrı yazılan də-lərdə tap məni..
Mən boşluğam, sıxıcıyam, darlığam.
Demək istəmədiyin bir sağlığam.
Mən göylərə aşiq olan balığam.
Buludların göz yaşında tap məni.
Gəl səninlə bu yollarda bir azaq.
Ulduzlar üstündə yeriyək, qaçaq.
Tanrı bizə nə yazdısa biz pozaq.
Yazılmamış romanlarda tap məni.
Bir ömürlük sızıldayan yarayam.
Çox dərinəm, qanayar sağalmaram.
Unudaraq öldürdüyün adamam.
İndi ağla göz yaşında tap məni..
Ashraf Ali AzTimes.az