Bayram günləri qazla bağlı problemi olanlar nə etsinlər?
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq.
Bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, qurum 15-19 iyun tarixlərində fəaliyyətini əvvəlki kimi davam etdirəcək.
Əsasən, Qəza Xidmətinin əməkdaşları baş verə biləcək hər hansı bir qəza halının (qaz sızması, qaz xətlərinin müxtəlif səbəblərdən zədələnməsi, sayğaclarda nasazlıq və s.) dərhal aradan qaldırılması üçün növbəlilik tətbiq etməklə iş başında olacaqlar.
Bakı Regional Qaz Satışı Departamentinin inzibati binasında 15-19 iyun, Qaradağ xidmət sahəsində 15-17 iyun, Xəzər rayonunda 18-19 iyun tarixlərində saat 10:00-dan 14:00-dək xidmətlərini icra edəcəklər.
Əlavə olaraq qeyd edilib ki, “ASAN Kommunal” mərkəzləri iyunun 18-də tam şəkildə fəaliyyətinə davam edəcək. Abonentlərdən xahiş edilir ki, qaz təsərrüfatına dair onları narahat edən hər hansı məqam olarsa, 24/7 fəaliyyət göstərən “104” Çağrı Mərkəzinə zəng edərək və ya (077) 310-41-04 “WhatsApp” nömrəsinə yazaraq məlumat versinlər.