“Bank VTB” Şuşa qəhrəmanının ailəsini aldadıb – Bank isə deyir ki…
“Bank VTB Azərbaycan”ın Şuşa qəhrəmanlarından birinin ailəsini aldatdığı iddia olunur.
“MediaPost” xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə paylaşımlar edilib.
Belə ki, məlumata əsasən Şuşanın alınmasında qəhrəmanlıq göstərən Əhmədov Elçin Əhməd oğlunun “Bank VTB Azərbaycan”a kredit borcu olub və hərbçi həmin borcunu ödəyə bilməyib. Bank isə sözügedən hərbçi E. Əhmədovun ailəsi ilə danışaraq borcu bağlayacaqları ilə bağlı söz verib.
Lakin bu məsələ diqqətdən yayınandan sonra bank E. Əhmədovun qardaşı Rəşad Əhmədova zəng edərək borcu bağlamayacağını bildirib. Qeyd olunur ki, Elçin internatda böyüyüb və hazırda üç azyaşlı övladı var.
Bankdan sözügedən məsələ ilə bağlı “MediaPost”un sorğusuna cavab olaraq bildirildi ki, “Bank VTB” fərdi yanaşmanın tərəfdarıdır və hər konkret hadisədən asılı olaraq, krediti olan müştərilərinə kreditin restrukturizasiyasını, ödəniş üçün güzəşt müddətinin verilməsi və ya borcun tənzimlənməsinin digər mexanizmlərini təklif edir: “Əvvəl də söz verdiyimiz kimi, biz müştərinin ailə üzvü ilə əlaqə saxlamışıq və Azərbaycan Respublikası qanunvericiliyi və bütün tənzimləyici orqanların göstərişlərinə əsasən, vəziyyətin həlli yollarını təklif etmişik”.