“Baku Post” AzTV rəhbərini yerdən yere VURDU-“AzTV sədri olmaq həm də “ağsaqqallıq” tələb edir “

Baxılıb:258
“Baku Post” AzTV rəhbərini yerdən yere VURDU-“AzTV sədri olmaq həm də “ağsaqqallıq” tələb edir “

2019-cu ildə Rövşən Məmmədovun Azərbaycan Dövlət Televiziyasına rəhbər təyin edilməsindən sonra bu kanalda ciddi dəyişikliklərin olacağı gözləntiləri yaranmışdı. Ona görə yox ki, R.Məmmədov xüsusi istedadı və peşəkarlığı ilə seçilən gənclərdən sayılırdı; ona görə ki, məhz gənc idi və təfəkkür etibari ilə yeni yanaşma gətiriləcəyi gözlənilirdi.

Ancaq bir neçə gün öncə AzTV adından yayılan təkzib mətni bir daha sübut etdi ki, bu kanalda inkişaf yox, dəyərlərin və ənənələrin ciddi aşınması gedir. Necə?
Bəzi saytlar AzTV sədri Rövşən Məmmədovun Mətbuat Günü ilə bağlı tədbirdə iştirak etmək üçün gedərkən, xidməti maşınının yol hərəkəti qaydalarını kobud surətdə pozması barədə məlumat yayıb. AzTV isə bunu təkzib etməyə qalxıb və hazırda düşdüyü səviyyəyə uyğun cavab verib.

Əvvəla, ölkənin ciddi media qurumları, tirajlı saytların böyük əksəriyyəti bu məlumatı yaymayıb – bəziləri media həmrəyliyinə, digərləri ümumiyyətlə xəbərin mənbəyinə inanmadığına və rəsmi təsdiq olmadığına görə. Bu özü kifayət idi ki, AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi daha səviyyəli, daha təmkinli və dövlət kanalının statusuna, mövqeyinə uyğun təkzib yaysın.

İkincisi, əgər doğrudan da R.Məmmədovun xidməti maşını yol hərəkəti qaydasını pozubsa, bu, sədrin deyil, sürücünün məsuliyyətidir. AzTV sədrinin özünü sürücünün yerinə qoyması və ya o səviyyədə davranması isə medianın və ictimaiyyətin problemi deyil.

Üçüncüsü: təkzib vaxtında, daha operativ verilə bilərdi, daha üstündən bu qədər zaman keçəndən sonra yox. Sanki günlərlə gecikmək iş prinsipləridir –şərhlərində, təhlillərində, xəbər siyasətlərində yanaşmanı buradada göstərməyə heç bir ehtiyac yox idi.

Hər insan öz sözünün altında gizlənib; hər şəxs danışdığı söz boydadır; hər kəs ifadə etdiyi sözlərin mahiyyətini özündə daşıyır. AzTV-nin yaydığı təkzib mətnində – analitik verilişlərində məddahlıqdan başqa heç bir ciddi şərh, baxış və mövqe, əsaslandırma ortaya qoya bilməyən, efirə çağırdığı tanınmış ekspertləri tribunadakı tamaşaçıya çevirib, onların münasibətini “kadrarxası səs-küyə” çevirən və matçı şərh edən idman şərhçisi kimi davranan şəxsin olaya da elə idmançı, futbolçu və yaxud özünü idarə edə bilməyən tamaşaçı yanaşması özünü göstərir.

O mətndə yalnız pafos, əl-qol hərəkəti, qarşısındakını aşağılama, həmkarlarına sayğısızlıqdan başqa nəsə görmək mümkün deyil.

Əlbəttə, qısa karyerasında idman jurnalistikası ilə məşğul olan, ciddi analitik və siyasi təfəkkürdən kənar, proseslərə düşüncə deyil, qol əzələləri ilə yanaşan şəxsi 65 illik bir köklü dövlət kanalına rəhbər təyin edəndə, bundan artıq nəticə gözləməyə dəyməzdi. İnsan hansı böyük məsuliyyətin altına girdiyinin fərqində belə deyil; bu şəxs Azərbaycanın ilk və dövlət kanalı – AzTV-nin nə qədər böyük ənənəyə sahib olmasından xəbərsizdir; bu gənc kadra daşıdığı vəzifə belə təmkin, müdriklik, böyüklük aşılamayıb. Çünki düşüncə və təfəkkür baxımından tam fərqli bir şəxsdir.

R.Məmmədovun sədr təyinatı ilə “arenalar” – studiyalar doğrudan da yeniləndi, yeni “ot örtüyü” çəkildi, skamyalar qoyuldu və s. Forma dəyişdi, siyasi-ictimai müzakirələr isə futbol, boks, güləş yarışlarından canlı yayım verənlərin adrenalin qaldıran çığır-bağırlı reportajları səviyyəsinə düşdü. Həssas tamaşaçılar çox rahatlıqla görə bilər ki, Prezident İlham Əliyevin milli siyasətdəki uğurları bu kanalda yalnız “Qoool!”, “Möhtəşəm manevr”, “İnanılmaz sıçrayışla baaaaaş zərbəsi” və s. ifadələrin bir az fərqli deyimi ilə “təqdim” edilir. Çünki bu kanalın düşüncəsi bundan ibarətdir – təəssüf ki!

Azərbaycan yazılı mediasının “anası” “Azərtac”dır. Əgər Aslan Aslanov haqda media və sosial şəbəkələrdə belə dürüst olmayan (və yaxud dürüst olan, sadəcə, rəsmi qurumların təsdiqləmədiyi – fərqi yoxdur) məlumat getsəydi, “Azərtac” həmkarlar sözünü dırnaqda yazıb, qara-qışqırıqla qarşı tərəfi təhqir edərdimi? “Azərtac” ən yaxşı halda “yayılan məlumatlar həqiqətə uyğun deyil və həmkarlarımızdan belə məlumatlar zamanı bizimlə dəqiqləşmə aparmasını xahiş edirik” deyə, öz mövqeyinə, sambalına, statusuna və 100 yaşına layiq bir mövqe sərgiləyərdi. Çünki ənənəsi var, başında duran da illərdir mediadan keçib gələn, hər əziyyəti görən bir peşəkar, həmçinin ağsaqqaldır.

AzTV sədri olmaq həm də “ağsaqqallıq” tələb edir – amma qətiyyən yaşa görə yox. Bu kanalın “ana kanal” statusu da, vətəndaşların vergisi ilə çalışması da, ildə büdcədən külli miqdarda vəsait ayrılması da, rəhbərinin Prezidentin sərəncamı ilə təyin olunması da… – hər biri, ayrı-ayrılıqda və toplum halda məsuliyyətdir. Bu adam dərk etmir ki, təhqir edib aşağıladığı və dırnaq içərisində “həmkarım” deyə yazdığı şəxslərin vergisi hesabına yaşayır; bu adam dərk etmir ki, təhqir edib aşağıladıqları onun tamaşaçılarıdır; bu adama hələ də aydın olmur ki, o, məmurdur və onun hər addımı, əl-qol hərəkəti, hətta geyimi göz qabağındadır; bu adam anlamaq istəmir ki, dövlətin informasiya siyasətində aparıcı simalardandır, sifətlərdəndir, üzlərdəndür.

Öz simanı, sifətini və üzünü qoruyub-qorumamaq şəxsi işindir, ancaq dövlətin simasını ona layiq şəkildə qorumaq sənin vəzifə borcundur. Müstəqil və yeni yaranan, reklama qaçan bir saytın rəhbəri kimi özünü apara bilməzsən. Dövlət ərkanına uyğun davranmağı, yeriməyi, geyinməyi bacarmalısan.
Həm də təkcə “sədrin tapşırığı ilə” araşdırma aparıb, təkzib əvəzi təhqir yaydığın açıqlamada yox, elə apardığın verilişlərdə də, təhlillərdə də…

Sizə AzTimes.az saytında təqdim edilən yazı “Baku Post”da dərc edilib.

AzTimes.az


Abunəlik