Bakıda taksi bumu – Problemdən çıxış yolu nədir?
Paytaxtda taksilərin sayının sürətlə artdığını rəsmi qurumlar da təsdiqləyib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat sahəsinin tənzimlənməsi şöbəsində mütəxəssis Rauf Səfərov Azərbaycan Memarlıq və İnşaat Universitetində “Nəqliyyat və logistika kompleksinin inkişafı” mövzusunda keçirilən konfransda bildirib ki, Bakıda fəaliyyət göstərən taksilərin sayı İstanbul şəhərindəki taksilərdən çoxdur. O bildirib ki, hazırda ölkə üzrə 40 mindən çox taksi fəaliyyət göstərir ki, onun da təxminən 28 mini Bakıdadır. İstanbulda isə bu rəqəm 17 min civarındadır. R.Səfərov qeyd edib ki, İstanbulda taksilərin sayına kvota tətbiq olunub və bu, şəhərdəki sıxlığı nizamlamağa imkan yaradır.
Qeyd edək ki, Bakıda taksilərin sayının günü-gündən artması yollarda tıxacı tətikləyən əsas amillərdən biri kimi qiymətləndirilir. 5 milyon əhalisi olan Bakıda 28 min taksinin fəaliyyət göstərməsinin bir əsas səbəbi işsizlik faktorudursa, digər əsas səbəb taksilərə tələbatın artmasıdır. İctimai nəqliyyatda xaos sərnişinlərin taksi xidmətindən istifadəsini daha da sürətləndirir. Bəs Bakıda taksi sayının artmasının qarşısını necə almaq olar?
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, taksilərin sayı narahatlıq yaradacaq həddədir:
“Taksilərin sayının bu templə artımı doğurdan da narahatlıq doğurur. İnsanların taksiyə kütləvi təlabatının, eləcə də taksini artıq bir peşəyə çevirənlərin problemi ciddi araşdırılmalıdır. İş o yerə çatıb ki, rayonlarda insanlar torpağını satıb Bakıya gələrək taksi fəaliyyəti ilə məşğul olurlar. Taksi artıq bir iş yerinə çevrilməkdədir. Amma əslində taksi xidmət sahəsidir. Bu xidmətin kriteriyaları olmalıdır. Amma ölkəmizdə, xüsusilə Bakıda taksi sahəsində bir xaos hökm sürür. Müştəri məmnuniyyəti yoxdur. Taksi sürənlər də, taksidən istifadə edənlər də narazıdır. Qardaş Türkiyədə taksiyə kvota tətbiq edilib. 17 min taksi varsa, 17 mindən sonra taksi nömrəsi satılmır. Çünki, taksiyə təlabat öyrənilib konkret say müəyyən edilir. Amma Türkiyədə taksi əsas nəqliyyat vasitəsi deyil. istanbulda bir neçə ictimai nəqliyyat növü var. Metro, metrobus və sair ictimai nəqliyyat vasitələri fəaliyyət göstərir. Ona görə də, İstanbulda paytaxt ilə müqayisədə taksi sayı azdır.
Bakı şəhərində isə taksilərin sayı İstanbulla müqayisədə üç-dörd dəfə çoxdur. Amma Bakıda taksi fəaliyyətinə məhdudiyyət də tətbiq edildikdə problem yaranacaq. Bəs taksi ilə daşınan sərnişinləri hansı ictimai nəqliyyat növü daşıyacaq? Metro, avtobus sayı həmin sərnişinləri daşıyacaq sayda deyil. Bu zaman sual yaranır ki, taksiyə say limiti qoyularsa taksidən istifadə edən insanlar evinə nə ilə gedəcək?Həmin insanlar məcbur olub borc-xərc özlərinə şəxsi avtomobil almaq məcburiyyətində qalacaqlar. Bu yanaşma da səhvdir. Ona görə də, ilk növbədə ictimai nəqliyyatın digər növlərini işlək vəziyyətə gətirmək, gücləndirmək lazımdır. Sərnişinlərə ictimai nəqliyyatı əlçatan etmək lazımdır. Əks halda avtobusa, metroya minə bilməyən insan taksidən istifadə etmək məcburiyyətində qalacaq. İnsanların taksidən istifadəsinin artmasında günahkar aidiyyatı qurumlardır. Onların səriştəsizliyi nəticəsində ictimai nəqliyyatda xaos hök sürür”.
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev isə ictimai nəqliyyatda yaranmış vəziyyətin günahının qanunsuz sərnişindaşımada olduğunu iddia edir. BNA sözçüsü deyir ki, hazırda avtobusun dayanacaqlara intervala uyğun çatmamasının səbəbi yollarda yaranmış tıxaclardır: “Taksilərin sayının artması ictimai nəqliyyat üçün problem yaradır. İctimai nəqliyyatın cəlbediciliyini azaldır. Bu gün sərnişinlər ona görə taksidən istifadə edir ki, avtobus vaxtında gəlmir, yaxud dolu gəlir. Bunun səbəbi yollarda tıxacın olması, taksilərin daynaacaqları zəbt etməsi, avtobus zolaqlarına daxil olmasıdır. Bu səbəblərdən avtobuslar gecikmə ilə hərəkət edir. Nəticədə insanlar taksidən istifadə edirlər. Əgər tıxac olmazsa, avtobus mənzil başına vaxtında çatarsa heç bir sərnişin əlavə ödəniş edib taksidən istifadə etməz”.
M. Ağayev hazırda avtobusların cəlbediciliyinin artırılması üçün bütün küçələrdə avtobus zolaqlarının çəkildiyini söyləyib. Onun sözlərinə görə, avtobus zolaqlarına nəzarət olarsa avtobuslar mənzilbaşına taksidən tez çatacaq. Bu isə insanların avtobusdan istifadə etməsinə marağı artıracaq.
BNA sözçüsü hazırda xətlərdə kifayət qədər avtobus olduğunu söylədi. Onun sözlərinə görə, avtobuslar intervala uyğun hərəkət edərsə sərnişin yükünü götürə bilər.
M. Ağayev onu da bildirib ki, ictimai nəqliyyatda xidmət keyfiyyətlərinin artırılması məqsədilə Bakı Nəqliyyat Agentliyi (BNA) 49 küçə və prospektdə xüsusi zolaqların təşkilini təklif edib. O bildirib ki, müşahidə olunan problemlər pik və qeyri-pik saatları, iş və qeyri-iş günlərində yol hərəkətində fərq anlamının silinməsinə gətirib çıxarıb: “49 küçə və prospektin hər biri şəhərin vacib ictimai nəqliyyat dəhlizi hesab olunur. Artıq 17 küçə və prospektdə zolaqlar təşkil edilib. Lakin xüsusi zolaqların şəbəkə halında hələ də formalaşmaması, eyni zamanda, onun tələbinə ciddi riayət olunmaması hədəflənən nəticəni əldə etməyə imkan vermir”.