Bakıda minlərlə taksi sürücüsü tətil elan edəcək
“Aprelin 2-dən Bakı şəhərində fəaliyyət göstərən minlərlə taksi sürücüsü tətil elan edəcək”.
Bunu açıqlamasında Taksi Sürücüləri Birliyinin rəhbəri Elşad Eldarov deyib.
Onun sözlərinə görə, tələbləri yerinə yetirilməsə, etiraz tətillərini davam etdirəcəklər. Tələblərə gəlincə, E.Eldarov deyib ki, sürücülər taksi dayanacaqlarının sayının artırılmasını, sərnişin mindirib-düşürmək üçün taksi sürücülərinə avtobus zolaqlarından istifadə etməyə icazə verilməsini, minimum qiymətə maksimum məsafə həddinin müəyyənləşdirilməsini istəyirlər:
“Sürücülər minimum 2 manat 50 qəpiyə 3 kilometr yol qət edirlər, lakin onlar minimal qiymətə maksimum neçə kilometr yola qət edə bilərlər – bununla bağlı hədd müəyyənləşməyib. Buna görə də bəzən sərnişinlər 10 kilometr yolu da 3 manata gedə bilirlər. Digər tələbimiz şəhərin mərkəzində taksi dayanacaqlarının sayının artırılmasıdır. Məsələn, Neftçilər, Azərbaycan prospektlərində, Yusif Səfərov, Rəşid Behbudov və s. kimi küçələrdə taksi dayanacağı yoxdur.
Biz bu məsələyə sərnişin tərəfdən də baxırıq. Yaşlı, xəstə bir adam taksiyə minmək istəsə və mobil tətbiq vasitəsilə olduğu yerə taksi sifariş etsə, sürücü məkana çatıb onu götürə bilmir, cərimə yazılır. Məsələn, sərnişin Dövlət Kukla Teatrının qarşısında dayanıbsa, taksi sürücüsü onu necə götürsün? Orada heç qırıq xətt də yoxdur ki, daxil olub sərnişini götürə bilək. Buna görə tələb edirik ki, fərqlənmə nişanı olan taksi sürücülərinə avtobus zolağına daxil olub 2-3 dəqiqə ərzində sərnişin götürməyə və düşürməyə icazə verilsin. İnsanlar taksi sürücüsü kimi fəaliyyət göstərmək üçün əziyyət çəkib, yeddiillik sertifikat alıblar, amma onlara fəaliyyət imkanı yaradılmır. Taksi sürücüləri avtobus zolağında sərnişin mindirib-düşürdükdə 100 manat, avtobus zolağının yanında sərnişin mindirib-düşürdükdə isə 80 manat məbləğində cərimə olunurlar. Bu isə onlar üçün maddi zərərə gətirib çıxarır”.
Mövcud problem və həll yolları barədə nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, taksi sürücüləri uzun zamandır, bu problemlərlə bağlı danışır, kömək gözləyirlər:
“70 minə yaxın taksi sürücüsü ixtisar olunaraq 30 minə endirilib. Bu ixtisarlar “təmizləmə” baxımından təqdir olunandır, lakin bunun paralelində bu gün taksi sürücülərinin üzərinə ciddi tələblər qoyulub. Məsələn, sözügedən problemlər onların fəaliyyətinə mane olur. Taksi dayanacaqlarının sayı azdır. Bu halda taksi sürücüləri əlacsız halda avtobus zolağına daxil olsalar, 3 bal, 100 manat, zolağın yanında saxladıqda isə 2 bal, 80 manat cərimə olunurlar”.
E.Muradlının fikrincə, taksi sürücüləri ictimai nəqliyyatın bir növünü idarə edənlər kimi qəbul olunmalıdırlar: “Vaxtilə Bakı Nəqliyyat Agentliyi (BNA) bildirirdi ki, taksi ictimai nəqliyyatın komfortlu növüdür, amma bu gün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bunu qəbul etmir. İndi başqa bir qurum yaradılsa, o da taksi fəaliyyətini başqa cür dəyərləndirə bilər, lakin bu, doğru yanaşma deyil. Məsələ qanunla tənzimlənməlidir. Taksini biz ictimai nəqliyyatın bir növü kimi görürük, yoxsa yox? Bu suala konkret cavab tapmalıyıq”.
Ekspertin sözlərinə görə, dünya təcrübəsində taksilərin avtobus zolağına daxil olmasına və hətta hərəkət etməsinə icazə verilir.
“Yol o qədər geniş deyil ki, hər nəqliyyat növü üçün bir zolaq çəkəsən. Taksi sürücülərini dinləmək və həll yolları tapmaq lazımdır. İkinci cərgədə sərnişin mindirib-düşürmək böyük təhlükədir. Faktiki olaraq, taksi sürücüləri özlərini bu təhlükəyə atan insanlardır. Onlar həm cərimə olunurlar, həm də öz həyatlarını və sərnişini təhlükəyə atırlar”, – deyə o qeyd edib.
E.Muradlı deyib ki, sözügedən problemlə bağlı AYNA-ya öz təkliflərini verib:
“Qurumdan hər dəfə məsələyə baxılacağı və müsbət yöndə həll ediləcəyi deyilsə də, həll olunmur. Əvvəla, 130 taksi dayanacağı kifayət etmir, ikincisi isə taksi dayanacaqları artıq əhəmiyyətini itirib. Çox az hallarda həmin dayanacaqlarda taksi görürük. Həmin dayanacaqlar ya boş olur, ya da gözdən kənar yerdirsə, digər maşınlar dayanır. AYNA bildirir ki, insanlarda taksiyə dayanacaqda minib-düşmə vərdişi yaranmalıdır. Bu isə o deməkdir ki, taksi ictimai nəqliyyatın komfortlu, qapıdan-qapıya çatdırma xidməti olmaqdan çıxır.
2-3 bal və 80-100 manat az cərimə deyil. Bir sürücü on dəfə bu cür cərimələnsə, sürücülük hüququndan məhrum olacaq. Taksi sürücüsü düşmən deyil, yad planetdən gəlməyib. O da bu cəmiyyətin bir üzvüdür. Onun da hüquqları olmalıdır. Ümumilikdə isə avtobus zolaqlarına münasibətdə müəyyən yanlışlara yol vermişik, bunları da aradan qaldırmalıyıq. Məsələnin başqa həll yolu yoxdur”, – deyə o, fikrini yekunlaşdırıb.
Sözügedən tələblərlə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov isə bildirib ki, taksi nəqliyyat vasitələrinin avtobus zolağından istifadə etməsi indi müzakirə olunmur:
“Hazırda paytaxtın 32 küçə və prospektində uzunluğu 100 km-dən çox xüsusi hərəkət zolaqları təşkil edilib. Bu işlər davam etdirilir. Zolaqların təşkili avtobusların, eyni zamanda operativ nəqliyyat vasitələrinin fasiləsiz və intensiv hərəkətinin təminatıdır. Avtobus zolağına şəxsi nəqliyyat vasitələrinin daxil olması qadağandır. Zolağa daxil olan şəxsi minik avtomobilləri onlarla avtobusun hərəkəti ilə yanaşı, minlərlə sərnişinin də vaxtında təyinat yerinə çatmasına maneə yaradır”.
O qeyd edib ki, Bakının bir sıra küçə və prospektlərində 130-dan artıq taksi duracağı mövcuddur: “Hazırda yeni cəlbetmə məntəqələrinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. Yeni cəlbetmə məntəqələrinin, əsasən, universitetlərin, ticarət mərkəzlərinin, nəqliyyat mübadilə mərkəzlərinin ətrafında, həmçinin avtobus zolaqlarının yaxınlığındakı alternativ yollarda təşkil edilməsi nəzərdə tutulur”.
Taksi xidmətində qiymətlərin tənzimlənməsi məsələsinə gəlincə, qurum rəsmisi bildirib ki, taksi sahəsində aparılan islahatlar bazarda rəqabət mühiti yaradıb və keyfiyyət dəyişikliyinə təkan verib:
“Qanunvericilik bazasının təkmilləşdirilməsi və aparılan islahatlar nəticəsində müsbət dəyişikliklər müşahidə edilir. Taksi xidməti sahəsi tənzimlənir, peşəkar əmək bazarı formalaşır və xidmət keyfiyyəti artır. Taksi minik avtomobilləri ilə daşıma qiyməti tələb və təklif əsasında müəyyən olunur. Hazırda qiymət fəaliyyət göstərən taksi operatorları tərəfindən rəqabət şəraitində formalaşır”, – deyə T.Orucov qeyd edib.