Bakıda dəhşət yaşadan sürücünün xəstə olduğu üzə çıxdı – Ona sürücülük vəsiqəsini kim verib?
Bir neçə gün öncə Bakının Qaradağ rayonu, Səngəçal qəsəbəsində baş verən ağır qəzanın təfərrüatları məlum olub. ”Prado” markalı avtomobillə piyadanı vurub öldürən, üç avtomobili isə əzən sürücünün xəstə olduğu üzə çıxıb. Məlumata görə, adıçəkilən sürücü epilepsiya xəstəsi olub. Avtomobili idarə edən zaman qıcolma tutub və əyləc əvəzinə qaz pedalını sıxıb. Nəticədə belə faciəli hadisə baş verib. Hadisə ilə bağlı mediada yayılan məlumatda bildirilir ki, bu cür xəstəliyi olan şəxslər avtomobil idarə edə bilməz.
Saxta.info bu qənaətin tibbi nöqteyi-nəzərdən və qanunvericilik aktları əsasında doğru olub-olmadığını yoxlayıb.
Əvvəlcə epilepsiya xəstəliyi ilə bağlı bəzi məlumatlara nəzər salaq. Bununla bağlı tanınmış nevroloq Qalib Əsədovun merkeziklinika.az internet səhifəsində dərc olunan məqaləsində məlumat verilib. Mütəxəssis qeyd edib ki, epilepsiya zamanı beyində patoloji oyanıq sahə yaranır ki, bu da vaxtaşırı beyində generalizasiya olunmuş elektrik aktivliyi yaradır: “Nəticəsi kimi epileptik tutmalar müşahidə olunur. Klinikası ilə əlaqədar olaraq xalq dilində ona müxtəlif adlar verilib: ürəkgetmə, qıcolma və s. Epileptik tutmalar iki yerə bölünür: kiçik və böyük tutmalar. Böyük tutmalar zamanı xəstənin əlləri yumulur, yıxılır, gözü çevrilir və ağızdan köpük gəlir”.
Qalib Əsədov
Nevroloq əlavə edib ki, kiçik tutmalar özünü müxtəlif yollarla göstərir: “Kiçik tutmalar zamanı xəstədə yıxılma, başgicəllənmə, huşu itirmə olmur. Bəzən elə olur ki, insan bilmədən qeyri-adi səs çıxarır. Xəstələr var ki, tutma zamanı gülməyə başlayır. Bəzən də insanın gözünə qəribə varlıqlar görünür, söhbət zamanı gözü başqa tərəfə baxır, çağıranda cavab vermir. Bu da kiçik tutmanın əlamətləridir. Belə hallarda dərhal həkimə müraciət etmək lazımdır ki, bu böyük tutmalara çevrilməsin”.
Bəs epilepsiyası olan xəstələr avtomobil idarə edə bilərmi? İlk növbədə mütəxəssis fikrinə nəzərə salaq. Nevroloq Qalib Əsədov deyir ki, epilyasiya xəstəliyi olan şəxslərin sürücülük etməsi yol verilməzdir: “Görünür vətəndaş xəstəliyini gizlədərək bu vəsiqəni alıb. Amma ümumilikdə bu xəstəliyə şübhə olduqda belə həmin şəxsin avtomobil idarə etməsinə imkan vermək olmaz”.
Yeri gəlmişkən, “Yol hərəkəti haqqında” Qanunun 33-cü maddəsinin (Nəqliyyat vasitələrini idarəetmə hüququ) III hissəsinin tələblərinə əsasən şəxsin sağlamlıq cəhətdən sürücülüyə yararlı hesab edilməsinin əsaslarını, habelə nəqliyyat vasitələrini idarə etməsinə mane olan xəstəliklərin və ya fiziki qüsurların siyahısını Səhiyyə Nazirliyinin müvafiq təşkilatları müəyyən edir və sürücülüyə yararsız hesab edilən şəxslər barədə məlumatları Baş Dövlət Yol Polisi İdarəsinə göndərir.
Şəxsin nəqliyyat vasitələrini idarə etməsinə mane olan xəstəliklər və ya fiziki qüsurlara gəlincə, öncə qeyd edək ki, “Sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi qaydaları haqqında” Təlimata əsasən psixiatriya və ya narkoloji dispanserlərin uçotunda olan şəxslər ümumiyyətlə sürücülük vəsiqlərinin verilməsi ilə bağlı imtahana buraxılmırlar. Bundan başqa vətəndaş tibbi arayış üçün 8 ixtisaslı həkim, 1 laborotor, 1 kardioloji, 1 rentgen müayinəsindən keçməlidir. Bura terapevtin, otolarinqoloqun, oftalmoloqun, cərrahın, nevropatoloqun, endokrionoloqun və ixtisaslı həkimin baxışı, eləcə də qanda qlükozanın kəmiyyətinin təyini, elektrokardioqramma, flüoroqrafiya müayinələri daxildir.
Şəkər xəstəliyi olan şəxslərə – istər qadın, istərsə də kişilərə sürücülük vəsiqəsi verilməməlidir. Revmakarditlərə (aktiv fazada), ürəyin işemik xəstəliyi olanlara, stenokardiyalı şəxslərə də avtomobil sürmək qadağası var. Gözünün biri görüb, digəri görməyənlər, həmçinin gözlərindən birinin görmə qabiliyyəti 100% , digəri 10-20% təşkil edən şəxslər də sürücülük vəsiqəsi əldə edə bilməzlər. Görmə sahəsinin 20 dərəcədən çox məhdudlaşması, çəpgözlük (cütləşmə ilə müşahidə olunan) də sürücülük vəsiqəsi üçün əks göstərişlərdən sayılır. Terapevtin müayinəsi zamanı təzyiqi yüksək olanlarla bağlı istisnalar var. Belə ki, həkim belə şəxsləri müvəqqəti olaraq müalicəyə göndərir. Növbəti dəfə təzyiqi normallaşan şəxslərə sürücülük vəsiqəsi verilir.
Konkret olaraq epilepsiya xəstəliyinə gəlincə, Dövlət Yol Polisi İdarəsindən bildirirlər ki, ümumiyətlə nevroloji-psixiatrik xəstələrə avtomobil sürmək olmaz. Epilepsiya da nevroloji xəstəlik olduğundan həmin şəxslərin avtomobil sürməsi qətiyyən yol verilməzdir.
Yeri gəlmişkən, “Yol hərəkəti haqqında” Qanunun 33-cü maddəsinin tələbinə əsasən ilk dəfə sürücülük vəsiqəsi alan şəxslərdən şəxsiyyət vəsiqəsi, sürücülük məktəbinin sənədi, sürücülük vəsiqəsi verilməsi üçün dövlət rüsumunun ödənilməsi sənədi ilə yanaşı tibbi arayış da tələb olunur.
Amma bu tələb sürücülük vəsiqəsi dəyişdirilərkən istisnalarla tətbiq edilir. Belə ki, “Yol hərəkəti haqqında” Qanuna edilən dəyişikliyə əsasən sürücülük vəsiqəsi dəyişdirilərkən tibbi arayış yalnız yaşı 60-dan yuxarı olan vətəndaşlardan tələb edilir. Sözügedən qanunun 34-cü maddəsinə (sürücülük vəsiqəsi) əsasən yaşı 60-a çatmayan şəxslər sürücülük vəsiqəsini 10 ildən bir dəyişdirməlidir. 60 və daha çox yaşı olan şəxslər üçünsə 70 yaşı tamam olanadək qalan müddət nəzərdə tutulub. 70 və daha çox yaşı olan şəxslər isə 2 ildən bir sürücülük vəsiqəsini dəyişdirməlidir.
Mütəxəssislər bildirirlər ki, baş vermiş hadisə tibbi arayışla bağlı məsələni yenidən aktuallaşdırır. Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı Xəzər televiziyasının Xəzər Xəbər proqramına müsahibəsində deyib ki, sürücülük vəsiqəsinin müddəti başa çadtıqda, yəni hər 10 ildən bir tibbi arayış tələb olunmalıdır. Ekspert hesab edir ki, bu qaydanı tətbiq etməklə sağlamlığında problemi olan sürücüləri vaxtında aşkarlamaq olar.
Saxta.info sadalanan fakt və arqumentlərə əsaslanaraq bu qənaətə gəlib ki, epilepsiya xəstəliyi olan şəxslər avotomobil idarə edə bilməz.
AzTimes.az