“B” vitaminlər qrupu: Nə ilə yaxşı mənimsənilir, nə zaman qəbul edilməlidir?

Baxılıb:34
“B” vitaminlər qrupu: Nə ilə yaxşı mənimsənilir, nə zaman qəbul edilməlidir?

“B” vitaminlər qrupu maddələr mübadiləsi və sinir sisteminə vacibdir, lakin onların faydalı olması üçün düzgün qəbul qaydalarına əməl etmək lazımdır.

Bu barədə rusiyalı endokrinoloq Nataliya Şvedova bəyan edib.

Onun sözlərinə görə, “B3” vitamini (niasin) yemək zamanı və ya dərhal sonra qəbul edildikdə daha yaxşı mənimsənilir, həmçinin ürəkbulanma və dəridə qızartı kimi yan təsirləri azaldır.

“Bu vitaminin günün birinci yarısında qəbul olunması məsləhətdir, çünki axşam qəbul yuxu pozuntusuna səbəb ola bilər. Niasinin mənimsənilməsi üçün orqanizmdə kifayət qədər maqnezium olmalıdır. Maqnezium mənbələri: qoz-fındıq, toxumlar və yarpaqlı göyərtilərdir. Alkoqol və bəzi dərmanlar (xüsusilə antikoaqulyantlar və xolesterin əleyhinə preparatlar) ilə birlikdə qəbul edildikdə, niasinin yan təsirləri arta bilər”, – deyə o bildirib.

Həkim bildirib ki, “B5” vitamini də yeməklə birlikdə və günün birinci yarısında qəbul olunmalıdır.

“Maqnezium onun aktiv formaya çevrilməsinə kömək edir. Bu vitaminin mübadiləsi üçün sistein amin turşusu da vacibdir (toyuq əti, brokkoli, sarımsaqda olur). Bəzi maddələr, məsələn, tetrasiklin qrupundan olan antibiotiklər, “B5″in mənimsənilməsinə mane olur – bu halda 2-3 saatlıq fasilə vermək lazımdır. Kofein çoxluğu (gündə 400 mq-dan artıq) “B5” səviyyəsini azalda bilər.

Ekspert hər iki vitaminin protein, taxıl, tərəvəz və qoz-fındıqla zəngin balanslı qidalanma fonunda daha yaxşı sorulduğunu qeyd edib.

“Onlar “B1”, “B2” və “B6” ilə birlikdə qəbul edildikdə effektlidir. Amma “B3”, “B5” və “B7″ (biotin) vitaminlərinin yüksək dozada eyni anda qəbulu aralarında rəqabətə səbəb ola bilər. Həmçinin kalsium və dəmirin yüksək miqdarı maqnezium və sinkin mənimsənilməsini azalda bilər”.

Endokrinoloq bildirib ki, ən yaxşı nəticə üçün vitaminləri sabit və yumşaq formalarda qəbul etmək tövsiyə olunur (məsələn, B3 – nikotinamid, B5 – kalsium pantotenat).

“Xroniki xəstəlik və ya dərman qəbulu varsa, mütləq həkimlə məsləhətləşmək lazımdır”, – deyə o sözlərini yekunlaşdırıb.


Abunəlik