AzTV-dən haqqını ala bilməyən əməkdaş prezidentə müraciət etdi

Baxılıb:353
AzTV-dən haqqını ala bilməyən əməkdaş prezidentə müraciət etdi

Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev cənablarına

vətəndaş Vəliyeva Saidə Əlimədət qızı tərəfindən

MÜRACİƏT

Möhtərəm cənab Prezident,mən-Vəliyeva Saidə Əlimədət qızı 2005-ci ildən 2020-ci ilə kimi “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı olmuşam.Bu illər ərzində həm Azərbaycan Radiosu,həm də Azərbaycan Televiziyasında müxtəlif səpgili verilişlərdə
aparıcı,müxbur,redaktor olaraq çalışmışam.

Fəaliyyətim zamanı radioda “Tələbəlik”, “Dan yeri”, “Axtarış”, “Sübhə doğru” verilişləri ilə dinləyicilərin görüşünə gəlmişəm. 2008-ci ildən “Duyğu”, 2009-cu ildən isə “Məqsədimiz var” müəllif verilişi ilə fəaliyyətimi davam etdirmişəm. Bununla belə qəzetçilikdə də özümü sınamışam. “Kredo” qəzeti,”Azad qələm qəzeti”,”Sevgi” jurnalı kimi mətbuat orqanlarında da ictimai müxbir kimi çıxışlar etmişəm.Hazırda Aztimes.az və bir çox xəbər saytları ilə əməkdaşlıq edirəm.

Cənab Prezident 2020-ci il fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçirilərkən mən də bir çox gənc kimi özümü sınamağı qərara aldım.Məndən başqa bir neçə AZTV əməkdaşı da həmin seçkilərdə deputatlığa namizəd kimi
qeydiyyatdan keçib seçki marafonuna qoşulmuşdular.Elə bu seçkidən sonra demək olar ki bütün aztvçi deputatlığa namizədlər müxtəlif bəhanələrlə işdən çıxarıldılar.Mənim özüm 2020-ci ilin oktyabrında ixtisara salındım.Halbuki Siz çıxışlarınızda dəfələrlə qeyd etmişdiniz ki pandemiya dövründə vətəndaşları işsiz qoymaq olmaz.Koronavirus bəlasının gətirdiyi zəruri məhdudiyyətlər bütün dünya iqtisadiyyatına zərbə vurduğu kimi bizə də təsirini göstərmişdi.Sizin düşünülmüş,müdrik siyasətiniz sayəsində bizdə əhali sosial cəhətdən daha yaxşı əhatə olundu,sosial ödəmələr həyata keçirildi.Amma qəribə odur ki AZTV sədri Rövşən Məmmədov dövlətin yükünü azaltmaq əvəzinə məni kimi xeyli əməkdaşı işindən uzaqlaşdıraraq,çıxardaraq,ixtisara salaraq büdcəni daha da yüklədi,bizi isə taleyin ümidinə buraxdı.Həmin vaxt heç bir
müəssisə işə adam götürmürdü.Çünki məhdudiyyətlər bütün təşkilatları qənaətlə işləməyə vadar edirdi.Rövşən Məmmədov bütün bunları bilərəkdən,dərk edərək bizi ac-susuz qoydu.Mənim himayəmdə yaşlı,xəstə valideynlərim var.Atam ağır xəstədir.Rövşən Məmmədova,AZTV rəhbərliyinə bu barədə də məlumat vermişdim.Amma faydası olmadı.Çünki başları başqa işlərə qarışıbmış.Bu barədə Hesablama Palatası daha yaxşı məruzə edə bilər.Çünki 2021-ci ildə 4 ay çəkmiş audit  yoxlamasının tam hesabatı hələ də ictimaiyyətə açıqlanmayıb.Bu güzəştlərə rəğmən AZTV 2021-ci ili 1,995 milyon manat xalis zərərlə başa vurduğunu açıqlayıb.Hərtərəfli,daha əhatəli yoxlama aparılsa,büdcənin nə qədər,yumşaq desək,mənasız sərf olunduğu məlum olar.

Mən dəfələrlə AZTV-dəki nöqsanlar barədə
sosial şəbəkələrdə,xəbər portallarında yazılar vermişəm.Dəfələrlə Prezident Administrasiyasına,digər dövlət orqanlarına müraciətlər etmişəm.Lazım gəlsə,həmin müraciətlərin surətlərini,
qəbzləri təqdim edə bilərəm.Hətta  bütün bu haqsızlıqlara etirazımı AZTV-nin əsas  giriş qapısının önündə də bildirmişəm.
Həmin vaxt AZTV rəhbərliyindən heç kim çıxıb məsələ ilə maraqlanmadı.Üstümə benzin töküb yandırmağa cəhd etdim.Polis nəfərləri cəld tərpənib buna imkan vermədilər.

Cənab Prezident,mən əlavə heç nə istəmirəm,haqqımı istəyirəm,işə bərpa olunmağımı istəyirəm.Ümidim yalnız Sizin ədalətinizədir.Bu cür məmur özbaşınalığına görə iqtisadi çətinliklər məngənəsində sıxılıb qalmışam.Təxminən 300 manat məvacib alırdım.Onu çox gördülər.Üstəlik
son aylar işlədiyim bir verilişə görə mənə yazılmış 145 manatı da bu günə kimi ödəmirlər.Amma Rövşən Məmmədov özünə və öz çevrəsinə dördrəqəmli məbləğdə qonorar yazdıra bilir.Əlaqədar təşkilatlar buyurub mühasibatı daha dərindən,daha dəqiq,daha şəffaf yoxlasınlar.Onda bilinəcək ki nə var,nə yox.Hər ay qonorarları kəsib-doğradan Rövşən Məmmədovun 7 min manat civarında qonorar alması barədə deyilənlərə də yəqin yoxlama aydınlıq gətirə bilər.Hələ bura işçilərin məzuniyyət pulları,ezamiyyə pulları,xəstəlik kağızı ilə bağlı ödənişlər,sığorta ilə bağlı problemi də əlavə etsək,AZTV əməkdaşlarının nələr çəkdiyi aşkar olunar.Üstəlik reklamdan gələn gəlirin necə xərclənməsi,nəyə sərf olunduğu da müəmmadır.

Cənab Prezident,nəzərinizə çatdırıram
ki,dövlət büdcəsindən AZTV-yə digər teleradio kanallarından daha çox maliyyə vəsaiti ayrılsa da 2019-cu ildən milli teleradio kanalımızın başında duran Rövşən Məmmədov bu pullardan real problemlərin həlli üçün istifadə etməyib.Üç il ərzində bir dənə də STS-Səyyar Televiziya Studiyası alınmayıb.Yalnız 2 və ya 3 ədəd STS HD yayım və çəkilişi dəstəkləyir,qalanları isə CD çəkir.Baxın,budur TRT,Əlcəzirə,CNN kanalları ilə rəqabətdən dəm vuran Rövşən Raqifoğlunun əsl fəaliyyəti.
Dünya HD,Full HD,4K,8K təsvirdən yararlanarkən,Rövşən müəllim hələ də bəzi studiyalarda CD təsvirdən istifadə edir.Bu heç kimə sirr deyil.AZTV-nin studiyalarına sadə bir baxış keçirmək kifayətdir ki deyilənlər təsdiqini tapsın.İş o yerə çatıb ki HD təsvir əldə etmək üçün televiziya daxilindəki studiyaların bir qisminə STS
qoşulur.Yaxşı ki hələ Bakı Media Mərkəzi ( Baku Media Center) rəsmi çəkilişlərdə,
dövlət əhəmiyyətli tədbirlərdə avadanlığını AZTV-yə təqdim edir,yoxsa vəziyyət lap acınacaqlı olar.AZTV studiyalarının adını “Mübariz”,”Vətən” qoyaraq özünü vətənpərvər göstərməklə gözdən pərdə asırlar.Vətənpərvər,millət təəssübü çəkən Azərbaycanın üçrəngli bayrağı həkk olunmuş AZTV loqosunu üçbucaq bir işarəyə dəyişməzdi.İndiki AZTV loqosu nədənsə ATV Armenia və Şotlandiyanın STV kanallarının loqolarına çox bənzəyir.Bu barədə də mediada yazılmışdı.Amma fakt araşdırılmamış qalıb.Büdcə vəsaitini bu cür  işlərə sərf etməkdənsə,maddi-texniki bazanı möhkəmləndirmək olardı.Amma yox,Rövşən Raqif oğlu Məmmədov cənabları deyəsən özünün,öz yaxınlarının rifahını düşünür.Belə olmasaydı Rövşən Məmmədova,onun həyat yoldaşına
yaxınlığı ilə seçilən adamlar AZTV-nin seçilən bəndələri olmazdılar.Ən yüksək məbləği də onlar alıb və alırlar.Hazırda AZTV-dəki əsas postlar vaxtilə Rövşən Məmmədovla Lider TV-də çalışanlarla onun həyat yoldaşı Ramilə Məmmədli ilə Xəzər TV-də iş yoldaşı olmuş əməkdaşlar arasında bölüşdürülüb.Bir qism işçi isə yenə də bu cütlüklə dost,tanış,rəfiqə olduğuna görə yüksəlib.

Cənab Prezident,mən həmişə Sizi özümə mənəvi ata hesab etmişəm.Ədalətinizə böyük ehtiyacım var.Hazırda bütün qüvvəmiz,diqqətimiz Qarabağ və Şərqi Zəngəzura yönəldiyi bir vaxtda Sizi narahat etmək,vaxtınızı almaq istəməzdim.Amma məsul şəxslərin,təşkilatların süründürməçiliyi,hərəkətsizliyi,laqeydliyi mənə başqa seçim qoymadı.

Əvvəlcədən dərin minnətdarlığımı bildirirəm.

Saida Vəliyeva/AzTimes.az/


Abunəlik