Azərbaycanın xilasediciləri dağıntılar altından daha 11 şəxsin meyitini çıxarıblar – YENİLƏNİB – FOTO
Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatları zamanı daha 11 şəxsin meyitini çıxarıb.
“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, FHN-in xilasediciləri tərəfindən şəhərin Pınar məhəlləsindəki binanın dağıntıları altından fevralın 13-də yeddi, bu gün isə dörd nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Qeyd edək ki, Azərbaycan FHN-in bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatları zamanı 198 saatdan sonra binanın dağıntıları altından iki nəfəri sağ çıxarıb.
09:52
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 51 nəfəri sağ, 655 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Axtarış-xilasetmə əməliyyatları xüsusi texniki vasitələr, habelə xilasetmə itlərinin tətbiq edilməsi ilə davam etdirilir.
Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.