Azərbaycanda yeni mərkəz təsis edildi – FOTO
Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Afiləedilmiş Azərbaycan Mərkəzinin (4SİM Afiləedilmiş Azərbaycan Mərkəzi) yaradılmasına dair Azərbaycan Respublikası Hökuməti ilə Dünya İqtisadi Forumu arasında razılaşma imzalanıb.
Aztimes.az xəbər verir ki, İqtisadiyyat Nazirliyindən Oxu.Az-a verilən məlumata əsasən, sənədi Dünya İqtisadi Forumunun prezidenti Borge Brende və Azərbaycan Hökuməti adından İqtisadiyyat naziri Mikayıl Cabbarov imzalayıblar.
2021-ci ilin 1 aprel tarixindən fəaliyyətə başlayacaq 4SİM Afiləedilmiş Azərbaycan Mərkəzinin yaradılmasının əsası 2020-ci ilin 21 yanvar tarixində İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında niyyət protokolunun imzalanması ilə qoyulub.
4SİM Afiləedilmiş Azərbaycan Mərkəzi MDB məkanında yaradılan ilk mərkəzdir.
Mərkəzin funksiyalarını İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılmış “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxs həyata keçirəcək.
Qeyd edək ki, “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidentinin 6 yanvar 2021-ci il tarixli Fərmanı ilə yaradılıb və əsas məqsədi Dördüncü Sənaye İnqilabının yaratdığı imkanlardan maksimum istifadə edilməsi, ölkəmizin bu sahədə qabaqcıl dövlətlər sırasında qərarlaşmasının təmin olunmasıdır. Bu baxımdan Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsi kimi aparıcı qurumla əməkdaşlıq uğurlu başlanğıc hesab edilə bilər.
Məlumat üçün bildirək ki, Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsi 2017-ci ilin martında Dünya İqtisadi Forumu tərəfindən təşkil edilib.
Mütərəqqi texnologiyaların səbəb olduğu sürətli inkişafın tempinə uyğunlaşmaq üçün müştərək fəaliyyətə ehtiyac olduğu qənaətinə gələn Dünya İqtisadi Forumu tərəfdaşlar tərəfindən idarə edilən mərkəzlərin (afiləedilmiş mərkəzlər) təşkilinə başlayıb. Hazırda Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin 13 mərkəzi var. Bunlardan 9-u Afiləedilmiş Mərkəz, 3-ü Forum tərəfindən idarə olunan mərkəz və ABŞ-ın San-Fransisko şəhərində yerləşən mənzil qərargahdır.
Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin əsas məqsədi yeni qabaqcıl texnologiyaların sürətli mənimsənilməsi və onların vətəndaşlara və ictimai marağa xidmət göstərməsi məqsədilə həmin texnologiyaların tətbiqi və idarə edilməsinin inkişafıdır.