Azərbaycanda yeni Dövlət Agentliyi yaradıldı
Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılıb.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin işçilərinin say həddi 40 ştat vahidi müəyyən edilib.
“Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Əsasnaməsi” təsdiq edilib.
“Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli 464 nömrəli Fərmanı ilə ləğv edilmiş Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin tabeliyində olan “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – Cəmiyyət) Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin tabeliyinə verilib.
Cəmiyyətdə ümumi yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakı dövlət orqanlarına həvalə edilib:
Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinə:
– Cəmiyyətin strukturunun, işçilərinin say həddinin, əməkhaqqı sisteminin müəyyən olunması və xərclər smetasının təsdiqi;
– Cəmiyyətin icra orqanının (kollegial və ya təkbaşçı) yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;
– Cəmiyyətin icra orqanının rəhbərinin, onun müavinlərinin, nümayəndəlik və filiallarının, həmçinin tabeliyindəki qurumların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
– Cəmiyyətin müşahidə şurasının seçilməsi;
– Cəmiyyətin inkişaf və fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi;
– Cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi;
Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin təklifləri əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə:
– Cəmiyyətin Nizamnaməsinin, nizamnamə kapitalının həcminin və onlarda ediləcək dəyişikliklərin təsdiqi;
– Cəmiyyətin nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, tabeliyindəki hüquqi şəxs statuslu qurumların yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi;
– bu Fərmanda qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
Cəmiyyətin yenidən təşkil və (və ya) ləğv edilməsini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
– “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli 464 nömrəli Fərmanı ilə ləğv edilmiş Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin balansında olan dövlət əmlakının bu Fərmanın 1-ci hissəsi ilə yaradılmış Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin balansına verilməsini təmin etməlidir;
Azərbaycan Respublikası Energetika Nazirliyinin strukturu aşağıdakı redaksiyada verilir:
– Azərbaycan Respublikası Energetika Nazirliyinin aparatı (şöbələr və sektorlar).
– Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi