Azərbaycanda Uşaq Sığınacağına hücum oldu-SON DƏQİQƏ
Azərbaycanda uşaq sığınacağına hücum olunub.
AzTimes.az xəbər verir ki, bu gün 01:00 radələrində Azərbaycan Uşaqlar Birliyinin nəzdindəki Uşaq Sığınacağı-Reabilitasiya Mərkəzinə hücum olunub. Bu barədə sığınacağın rəhbəri Kəmalə Ağazadə BAXAR.AZ-a açıqlama verib:
“Sığınacağımıza 1 ay öncə Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən yerləşdirilmiş qızın bibisi və bibisinin qızı gecə saat 1-də binaya hücum edib.
Pandemiya dövründə kənar şəxslərin girişini qadağan etmişik. Hər iki şəxsə bu barədə məlumat versək də, xeyri olmadı. Bizə hədə-qorxu gəlirdilər. Ətrafda yaşayan binaların sakinləri şahiddir ki, necə söyüşlər, təhqirlər edirdilər.
Daxili İşlər Nazirliyinin 102 Qaynar Xəttinə məlumat verdik. Polis əməkdaşları hər iki şəxsi binadan uzaqlaşdırdı. Binamız hərtərəfli kameralarla əhatələnib. Həmin görüntüləri də polis əməkdaşlarına təqdim edəcəyik.”
Əlavə olaraq qeyd edək ki, hər iki şəxs Xaçmaz rayon sakinləridir. Xüsusi rejimli karantin vəziyyətində bu şəxslərin Bakıya gəlməsi əlavə suallar doğurur.