Azərbaycanda tələbələrə şad xəbər!

Baxılıb:43
Azərbaycanda tələbələrə şad xəbər!

Bakı Dövlət Universitetində (BDU) “TələbəPlus” kartlarının təqdimetmə mərasimi keçirilib.

Kartlar ilk dəfə olaraq BDU-nun 14 tələbəsinə təqdim olunub.

Mərasimdə çıxış edən BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, Təhsilin İnkişafı Fondunun (TİF) reallaşdırdığı bu layihə gənclərin təhsil həyatında önəmli rol oynayacaq:

“Təhsilin İnkişafı Fondu yarandığı gündən tələbəyönümlü müxtəlif layihələr həyata keçirir. “TələbəPlus” kartlarının verilməsi də bu uğurlu layihələrdən biridir. Ali təhsil müəssisələri yaradılan imkandan kifayət qədər bəhrələnəcək. Bu kartlar tələbələrə ən müxtəlif istiqamətlərdə geniş imtiyazlar təqdim edəcək. Tələbələr təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat və digər xidmətlərlə bağlı endirimlərdən faydalana biləcəklər”.

TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov bildirib ki, bir ildən artıq üzərində çalışdıqları layihə artıq reallaşıb:

“BDU tələbələri “TələbəPlus” kartlarının ilk istifadəçiləri olacaqlar. Təhsilin İnkişafı Fondu daim dövlət-özəl tərəfdaşlığı, universitet-sənaye işbirliyinə xüsusi önəm verib. Təhsil sahəsində aparılan islahatlar ölkədə ali təhsilə əlçatanlığı ən yüksək səviyyəyə çatdırıb. Bu il ilk dəfə ali təhsil alanların sayı 250 min nəfər olub. Bunu nəzərə alaraq, 250 min tələbə üçün tələbə kartları gətiriləcək. Növbəti mərhələdə bu, peşə və orta ixtisas təhsilinə də şamil ediləcək. Növbəti tədris ilində isə təhsil sahəsində çalışan əməkdaşlar da layihədən yararlana biləcəklər”.

Fondun İdarə Heyətinin sədri diqqətə çatdırıb ki, indiyədək 200-dən artıq şirkətdə – pərakəndə satış, geyim, yemək, qida sahələri üzrə tələbələrin ən çox müraciət etdikləri yerlərdə güzəşt və imtiyazların, endirimlərin edilməsinə nail olunub. Mədəniyyət Nazirliyi ilə imzalanan müqaviləyə əsasən, mədəniyyət obyektləri, muzeylər, sərgi salonlarından istifadədə də güzəştlər olacaq. Gələcəkdə idman, səhiyyə, nəqliyyat sahələrində də xidmətlər “TələbəPlus”a qoşulacaq.

Tədbirin sonunda qəbul imtahanlarında ən yüksək bal toplayaraq BDU-ya qəbul olan 14 I kurs tələbəsinə “TələbəPlus” kartı təqdim olunub.


Abunəlik