Azərbaycanda sənədsiz həyət evlərinə “kupça” veriləcək

Baxılıb:230
Azərbaycanda sənədsiz həyət evlərinə “kupça” veriləcək

Əmlak Məsələləri Dövlət Komitəsi sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlayır və yaxın zamanlarda Prezident Administrasiyasına təqdim ediləcək. 

AzTimes.az “Yeni Sabah”-a istinadən xəbər verir ki, bu haqda iqtisadçı Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, hündürmərtəbəli binalardakı mənzillərə çıxarış verildikdən sonra həyət evlərinin sənədləşdirilməsinə başlanılacağı güman olunur. O, rəhbərlik etdiyi İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) 2014-cü ildə sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi ilə bağlı təkliflər paketini Azərbaycan hökumətinə təqdim etdiyini xatırladıb: “Bizim təkliflərimiz “Əmlak Aministiyası”nı nəzərdə tutur. O baxımdan yaxın zamanda sənədsiz əmlaka aministiya verilməsi məqsədəuyğun olardı.

İlkin monitorinqlər göstərir ki, Bakı və ətrafdakı ərazilərdə sənədsiz həyət evlərinin sayı 450 mindir. Onların 70 minə yaxını inşaata icazə verilməyən və ya nisbətən riskli hesab edilən ərazilərdədir. Bunlar yüksək gərginlikli elektrik, mavi qaz, yaxud su xətlərinin yaxınlığında olan evlərdir.

Təklif edirik ki, əgər elektrik, ya da su xəttinin istiqamətini dəyişmək mümkünsə, o zaman evə toxunulmasın. Bununla da həmin ərazi təhlükəli zona anlayışından çıxarılsın. Amma su, qaz xəttinin üstündə tikilən evlərə real təhlükə varsa ev sahiblərinə kompensasiya ödənilməklə evlərin köçürülməsi təmin edilsin.

Bizim konsepsiyasında daha çox Rusiyada tətbiq edilən praktikadan istifadə olunub. Burda söhbət dövlət tərəfindən müəyyənləşdirilmiş kiçik tariflərə uyğun olaraq məsələnin həllindən gedir. Çünki həmin evlərin böyük bir qisminin icra hakimiyyətlərindən, yaxud bələdiyyələrdən sənədləri var. Mənzil sahiblərinin günahı deyil ki, bələdiyyə onlara sənəd verib, onlar da həmin sənədlə evlərini özəlləşdirə bilmirlər. Əgər bu cür sənədlərlə evi özəlləşdirmək mümkün deyilsə, həmin sənədlər verilməməli idi. Xüsusən də ev sahiblərinin həmin sənədləri müəyyən xərc bahasına aldıqları da nəzərə alınmalıdır.

Bizim mexanizm ondan ibarətdir ki, evlərin rəsmiləşdirilməsi üçün çox simvolik məbləğ müəyyənləşdirilməli və məbləğ ev sahibi üçün hər hansı bir ağırlıq yaratmamalıdır. Məbləğ ödənildikdən sonra evlərin qeydə alınması və “kupça” ilə təmin olunması prosesi başlanmalıdır”. 

V. Bayramov bildirib ki, əslində, bu prosedur dövlətin özü üçün də əhəmiyyətlidir. Bir tərəfdən ev sahiblərinin mülkiyyət hüquqları təmin edilir, digər tərəfdən də əmlak vergiyə cəlb olunur: “Ona görə problemin həlli dövlət qurumlarının özünün marağında olmalıdır və onlar qısa zamanda məsələnin aradan qaldırılmasına çalışmalıdır.

Bütövlükdə, uzun müddət gündəmdə olan sənədsiz həyət evləri probleminin yaxın zamanlarda həll ediləcəyi gözlənilir. Bizim təklif etdiyimiz mexanizm prosesin sürətlənməsi, ev sahiblərinin mülkiyyət hüquqlarının qorunması və real sektorda aktivliyin artırılması baxımdan əhəmiyyətli hesab edilə bilər”.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir