Azərbaycanda qeyri-adi həkimlər peyda oldu: Pul istəmədən, görün necə resept yazırlar – FOTOFAKTLAR
Hazırda hər kəs süni intellektdən geniş istifadə edir. O, artıq insanların köməyə ehtiyacı olan zaman üz tutduğu ilk ünvan olub. İndi ən xırda məlumatı belə süni intellekt vasitəsilə əldə edir, hətta şübhə duyduqları informasiyanı da dəqiqləşdirirlər. Bu cür qəbul olunub ki, o nə təqdim edirsə, birmənalı olaraq doğrudur. İş o yerə çatıb ki, süni intellekt vasitəsilə şeir və ya hekayə yazdırıb, mahı da bəstələdirlər. Yəni hər kəs onun üstünlüklərindən özlərinə sərf edən formada faydalanmağa çalışır.
Bir sözlə, süni intellekt depressiyaya girib dərdini bölüşənlərə dost, hətta xəstələnib yatağa düşənlər üçün həkim rolunu oynayır. Ağrını və şikayətini deyirsən, resept yazır, nəyi nə vaxt edəcəyini də çox aydın izah edir. Həm də cəmi bir neçə saniyəyə. Bu rahatlığa görə həkimə getməyə ehtiyac duymayan, süni intellekt vasitəsilə müalicə kursu yazdıranlar da var. Pulun da cibində qalır, vaxtın da getmir. Bəs məsuliyyət? Süni intellektin yazdığı vitamin və ya dərman vasitələrinin əks təsirləri olsa, xəstənin səhhətində problem yaransa, buna görə kim məsuliyyət daşıyır?
Bu suala cavab tapmadan öncə süni intellektin yazdığı bir neçə resept və tövsiyə nümunəsini təqdim edirik:


Mövzu ilə bağlı danışan həkim-terapevt Günay Lətifova bildirdi ki, süni intellektə resept və ya hər hansı tibbi vasitə yazdırmaq ciddi problemdir:
“İnsanın özündə hiss etdiyi simptomlarla həkimin anamnez toplayarkən müəyyənləşdirdiyi simptomlar eyni deyil. Süni intellekt sadəcə sizin danışdığınız qədərini bilir. Məsələn, baş ağrınız varsa, “Spazmalqon” və s. kimi dərmanlar məsləhət görəcək. Lakin bu baş ağrısının əsl səbəbi yalnız həkim müayinəsi zamanı üzə çıxa bilər. Hələlik bu problemlə bağlı əlimizdə statistik olaraq nümunə yoxdur. Lakin belə halların yaşanmaması üçün insanları süni intellektdən müəyyən sərhədlər çərçivəsində istifadə etməyə çağırıram.

Hesab edirəm ki, süni intellektin psixoloji yardım göstərməsi pis hal deyil. “ChatGPT” və s. bu kimi tətbiqlərdə insanlar süni intellektlə məsləhətləşir, psixoloji dəstək alırlar. Bunu üstünlük hesab etmək olar, çünki hər birimizin mütəxəssisdən dəstək almaq üçün imkanımız olmur. Ancaq resept yazdırmağı, müalicə kursu təyin etdirməyi doğru hesab etmirəm”.
Azərbaycan Tibb Universitetinin dosenti, tibb elmləri namizədi Rəşid Mahmudovun fikrincə süni intellektin davamlı istifadəsi bir müddət sonra beyni deqradasiyaya uğradacaq:
“Süni intellektdən istifadə etmək olar, lakin onun beynimizi idarə etməyinə icazə verməməliyik. Beyin daim çalışmalıdır ki, inkişaf etsin. Mütəmadi informasiya mübadiləsi aparmalıdır. Hər şeyin hazır şəkildə cavabını almaq bizi robotlaşdıracaq. Yəni sonda bizim süni intellektdən bir fərqimiz olmayacaq”.
R.Mahmudov əlavə etdi ki, süni intellektin təqdim etdiyi dərman preparatlarının istifadə olunması dəhşətli mənzərədir: “Süni intellekt sadəcə hazır məlumatların məcmusunu təqdim edir. Bu məlumatların məsuliyyətini heç kim daşımır. Bu səbəbdən insanlar özləri diqqətli olmalı, süni intellekti sadəcə texniki məsələlərdə istifadə etməlidirlər”.

İnformasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov qeyd etdi ki, süni intellekti tam başa düşmədən, mahiyyətini anlamadan istifadə etmək təəssüf doğurur:
“Süni intellekt sadəcə köməkçi alətdir, yaxşı təhlil edir. Eyni anda milyonlarla fikri, məqaləni təhlil edib, onun nəticəsini bizə verə bilir. Bunların hər birinin fonunda deyə bilərik ki, süni intellekt dövrün ən faydalı alətidir. Lakin onunla necə münasibət quracağımızı, hansı məsləhətləri necə qəbul edəcəyimizi bilməli, təqdim olunan məlumatları hansı mənbədən emal etdiyinə diqqət etməliyik”.
Ekspert vurğuladı ki, süni intellekt insanların internetdə yazdıqları, akademik məqalələr, kitablar və digər məlumatlar əsasında bizə informasiya təqdim edir. Buna görə də bütün məlumatları dəqiq araşdırmalıyıq:

“Xüsusən də, sağlamlıqla bağlı məsələlər diqqət tələb edir. Süni intellekt xüsusilə texniki məsələlərdə daha çox faydalıdır. Amma sağlamlıq mövzusunda eyni şərhi bildirmək çətindir. Onun təqdim etdiyi məlumatların mütəxəssis tərəfindən təsdiqinə ehtiyac var. Həmçinin, süni intellekt istifadəsində hələ də etik məsələlər tam öz həllini tapmayıb, qanunvericilik təkmilləşməyib. Bu istiqamətdə tədirəcən işlər görülür. Ümid edirəm ki, gələcəkdə süni intellekti daha yaxşı başa düşəcəyik və onu hansı istiqamətdə istifadə etməli olduğumuzu düzgün qavrayacağıq”.