Azərbaycanda ötən illə müqayisədə qohum evliliklərinin sayı necə dəyişib?
Milli Məclisin komitə iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə Məlumatının müzakirəsindən sonra Azərbaycanda qohum evliliklərinin sayındakı artım yenidən gündəmə gəlib. Parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib ki, insanların çoxu qohumlar arasında nikahlarının ləğvi ilə bağlı dəyişikliyə hazır deyil: “Bir il ərzində sürətli şəkildə evlənmə halları baş verdi”.
Bəs görəsən, son aylarda və illərdə qohumlar arasındakı nikahların dinamikası necə dəyişib?
Ədliyyə Nazirliyindən bildirilib ki, cari ilin yanvar ayında 252, fevral ayında 131, mart ayında 176, aprel ayında isə 139 bioloji qohumluğu olan şəxslər arasında nikah qeydə alınıb.
Vurğulanıb ki, 2024-cü ilin yanvar ayında 155, fevral ayında 113, mart ayında 116, aprel ayında 111, may ayında isə 121 belə nikah qeydə alınıb.
Qeyd edilib ki, 2021-ci ildə 2 199, 2022-cü ildə 2 542, 2023-cü ildə 1 950, 2024-cü ildə 2 060, 2025-ci ilin ilk 4 ayı ərzində isə 698 belə nikah rəsmiləşdirilib.
Bu o deməkdir ki, 2024-cü ilin ilk dörd ayında 495, 2025-ci ilin eyni dövründə isə 698 belə nikah qeydə alınıb.
Dövlət Statistika Komitəsindən isə Trend-in sorğusuna cavab olaraq bildirilib ki, qohumlar arasında bağlanılan nikahların sayına dair məlumatlar illik dövriliklə 2022-ci ilin yekunlarından başlayaraq işlənilir.
Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən rəsmi qeydə alınan qohumlar arasında bağlanılan nikaha daxilolma hallarının sayı 2022-ci ildə 1 915, 2023-cü ildə 1 935, 2024-cü ildə isə 2 034 olub.
Qeyd edək ki, Ailə Məcəlləsinə əsasən, bu şəxslər arasında nikahın bağlanmasına yol verilməyəcək: qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları; bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu. Bu qadağa 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək.