Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF

Baxılıb:97
Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF

“Nikah yaşı ilə bağlı artıq Komitə tərəfindən təklif irəli sürülüb. Biz bu təklifi elə-belə verməmişik”.

Bunu Beynəlxalq Ailə Günü ərəfəsində keçirilən ənənəvi “Ailə Festivalı”nda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərin nikah yaşı ilə bağlı qanunvericilikdə hər hansı dəyişikliklərin gözlənilib-gözlənilmədiyinə dair sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, bu təklif müxtəlif araşdırma, tədqiqat və sorğuların nəticəsində formalaşıb:

“Bu gün real vəziyyəti nəzərə alaraq təklif vermişdik ki, nikah yaşında heç bir istisna olmasın və nikah yaşı vahid olaraq 18 yaş qəbul edilsin. Hər hansı istisna olmadan bu yaş həddi həm oğlan, həm də qızlara şamil edilsin. Çünki hər hansı istisna buna bənzər hadisələrin daha geniş yayılmasına vüsət yaradır. Buna görə də, biz nikah yaşının bir yaş aşağı – 17 yaş olmasının aradan qaldırılmasını təklif etmişik. Cəmiyyət artıq bunu müzakirə edir. Düşünürəm ki, bu, müəyyən zaman çərçivəsində artıq qanun layihəsində də öz əksini tapacaq, Ailə Məcəlləsinə bununla bağlı dəyişiklik ediləcək”.

B.Muradova onu da əlavə edib ki, 17 yaşdan da aşağı yaş qrupunda olan qızlar ailə qurmaq məqsədilə kimlərə qoşulub gedirsə, bu, xoşagələn hal deyil:

“Bu istiqamətdə valideynlərin yanaşması, onların maarifləndirilməsi ilə yanaşı gənclərin özlərinin də proqressiv düşüncəli olması vacibdir. Sadaladığımız yaş, yəni 16 yaş gənclərin təhsil alma, oxuma, öyrənmə, savad, bilik alma və gələcək üçün özünü cəmiyyətə hazırlama yaşıdır. Bu yaş nikah üçün çox erkəndir. Belə qurulan ailələr sonralar həm sosial, həm də psixoloji gərginlik yaradır. Biz bunun gənclərdə həm psixoloji, həm də fiziki zədə kimi müşahidə etmişik. Xüsusilə də ailələrdə bu məsələyə yanaşma qanun çərçivəsində olmalıdır. Uşaqların 18 yaşına qədər təhsilə yönləndirilməsinə diqqət yetirilməlidir. 18 yaşdan sonra isə oxumaq və ya ailə qurmaq istəyi gəncin öz qərarıdır”.


Abunəlik