Azərbaycanda kreditlərə əlçatanlıq artırılacaq – ÖZƏL
Pandemiya ilə bağlı ölkə iqtisadiyyatının üzləşdiyi çətinliklərə baxmayaraq, bank sektorunun kredit portfeli əsasən sabit qalıb.
Bu barədə Oxu.Az-ın sorğusuna əsasən, Mərkəzi Bankdan məlumat verilib.
Bildirilib ki, cari ilin əvvəlindən kredit portfeli artır və bundan əlavə, kreditlərə əlçatanlıq səviyyəsinin artırılması istiqamətində tədbirlər davam etdirilir:
“Belə ki, daşınar əmlakın dövlət yüklülüyü reyestrinin formalaşdırılması borcalanların yeni növ girovlar təqdim etməklə kreditə çıxış imkanlarını artırıb. Həmçinin, beynəlxalq təşkilatlarla birgə həyata keçirən “Agent bankçılıq” modelinin tətbiqi layihəsi üzrə işlər görülməkdədir. Bu layihə çərçivəsində xüsusilə də regionlarda, bank şəbəkəsinin məhdud olduğu ərazilərdə maliyyə resurslarına çıxış imkanların formalaşdırılması nəzərdə tutulub”.
Hazırda ölkədə borcalan şəxslərə kreditlərin verilməsinə mane olan əsas amillər barədə də məlumat verilib:
“Banklar tərəfindən kreditlərin verilməsi zamanı kredit üçün müraciət edən potensial borcalanların qiymətləndirilməsi aparılır və bu zaman onların kreditləri geri qaytarma qabiliyyəti qiymətləndirilir. Kredit təşkilatları yarana biləcək riskləri minimallaşdırmaq məqsədi ilə bir sıra hallarda təminat tələbi müəyyən edir. Bəzi hallarda kredit üçün müraciət edən şəxslər və təşkilatlar qeyd olunan tələblərə cavab vermir, bu da kredit ayrılmasına mane olan əsas amillərdir”.
Qeyd edilib ki, bu halda iqtisadiyyatda dəyər zəncirinin formalaşması, iqtisadi subyektlərdə korporativ idarəetmə standartlarının təkmilləşməsi sahibkarların kreditlərə çıxışını daha da asanlaşdırar.