Azərbaycanda koronavirus xəstələrinə verilən dərman saxtadır? – Şirkətdən ŞOK İDDİA

Baxılıb:187
Azərbaycanda koronavirus xəstələrinə verilən dərman saxtadır? – Şirkətdən ŞOK İDDİA

Azərbaycanda koronavirus xəstələrinə verilən dərman preparatlarının fotosunun əks olunduğu xəbər təqdim etmişdik. Nevroloq Qalib Əsədov Türkiyədə eyni məqsədlə verilən dərmanlarla bizdə verilənləri müqayisə etmiş və bunların arasında heç bir antiviral dərman olmadığını qeyd etmişdi. Amma burada daha maraqlı bir məqam ortaya çıxıb.

Yeniavaz.com xəbər verir ki, fotodakı “Selen L” məhsulunun saxta olması ilə bağlı iddia var.

Belə ki, “Selen” məhsullarının Azərbaycandakı rəsmi distributoru “Vita” Şirkətlər Qrupunun nümayəndəsi, saytımıza verdiyi açıqlamada bildirib ki, onlar Azərbaycana fotoda görünən “Selen L” adda məhsulu gətirmirlər:
“”Selen” məhsulu Avropa brendinə məxsusdur, biz onun Azərbaycandakı distributoruyuq. Biz “Vita” Şirkətlər Qrupu olaraq onun burada satışını təşkil edirik. Bu preparat ÜST-ün COVID-19-la mübarizədə immunitet məhsullarının içində olduğu üçün TƏBİB bizdən bunu “Zeytun Pharmaceuticals” şirkəti vasitəsilə alıb. Hətta biz onlara sonuncu satışı təxminən bir ay əvvəl etdik. Ola bilər ki, bu, başqa ad ilə hansısa üçüncü ölkələrdə istehsal edilib gətirilib Azərbaycana. Çünki o, “Selen L” məhsulunun aşağı etiket hissəsinə diqqətlə baxanda bizim şirkətin loqosu görünür. Amma bizim elə məhsulumuz yoxdur. “Selen” tərkibli 100 məhsul ola bilər. Söhbət bundan getmir. Məsələ bundan ibarətdir ki, bu eyni dizaynda, eyni loqo ilə istehsal olunub ki, bu aldatmaqdır.
Bunu istehsal etsələr belə bu istehlakçıları aldatmaqdır. Çünki bu, Avropa brendidir. Preparatın üstündə mən bizim şirkətin loqosunu – “Olimp Labs”ın loqosunu görürəm. Ağac var loqoda. Bizim TƏBİB-ə verdiyimiz məhsulun adı “Selen”dir və 110 mikroqramdır. Burada isə kimsə “L” hərfini əlavə edib və eyni dizayn, eyni loqo ilə gətirib verib, guya fərqli məhsuldur.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza İdarəsi var, hansı ki, məhsullar gələndə oradan rəy alır. Orada bütün aylar üzrə məhsulların siyahısı var. Mən o siyahıya baxdım, “Selen L” adda məhsul rəy almayıb. Yəni elə bir məhsul verilibsə, o, yüz faiz saxta məhsuldur”.
Məsələ ilə bağlı TƏBİB-in ictimaiyyətlə əlaqələr şöbəsindən Elnarə Baxış Yeniavaz.com-a bildirdi ki, bu işə Səhiyyə Nazirliyi nəzarət edir:
“Bunu Səhiyyə Nazirliyindən soruşa bilərsiniz. Çünki apteklərdi, dərmanlardı – buna Səhiyyə Nazirliyi nəzarət edir”.
Səhiyyə Nazirliyi ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.
“Zeytun Pharmaceuticals” şirkətindən Yeniavaz.com-a bildirdilər ki, sözügedən 100 mikroqramlıq “Selen L” preparatını “Olimp Labs” şirkətindən əldə ediblər. Onlara bir daha sözügedən şirkətin bu adda məhsul satmadığını bəyan etdiyini xatırlatdıq. Onların cavabı isə belə oldu:
“Onda gəlib bizə rəsmi müraciət etsinlər. Hər şey izah olunacaq”.
Xatırladaq ki, son günlərdə Azərbaycanda koronavirusa yoluxma və ölmə halları kəskin artıb. Fotoları müqayisəli şəkildə paylaşan Nevroloq Qalib Əsədov, Azərbaycanda koronavirus xəstələrinə verilən dərmanların antiviral olmadığını və sadəcə vitaminlərdən ibarət olduğunu açıqlamışdı.(Yeniavaz.com )


Abunəlik