Azərbaycanda kənd təsərrüfatının böyük problemi: Torpaqlar birləşdirilməlidir

Baxılıb:51
Azərbaycanda kənd təsərrüfatının böyük problemi: Torpaqlar birləşdirilməlidir

Dünya Bankının (WB) su uçotuna əsasən, Azərbaycanda il ərzində suvarılan torpaqlar 1,02 milyon hektar, suvarılabilən ərazilər isə 1,54 milyon hektardır. Bununla yanaşı Azərbaycandakı əkin sahələrinin təxminən 34 %-i suvarılmır. Həmçinin hesabatda qeyd edilib ki, hər bir məhsul sinfinin faktiki su istehlakı yerinə və iqlim şəraitindən asılı olaraq dəyişə bilər. Məsələn, Azərbaycanın quraq rayonlarındakı bağlar daha rütubətli rayonlardakı bağlardan daha çox suya ehtiyac duya bilər.

Məsələ ilə bağlı kənd təsərrüfatı məsələləri üzrə ekspert Cəfər İbrahimli bildirib ki, Azərbaycan torpaqlarının bir hissəsi dağlıq və dağ ətəyi ərazilərdə yerləşdiyi üçün bu relyef suvarma üçün uyğun deyil:

“Onsuz da bunlar təbiətin mövcud vəziyyətinə görə, yağış suları ilə sulanırlar. Yəni bu da normal bir şeydir. Yerdə qalan ərazilərimizin böyük hissəsi suvarılır. Bu suvarılan ərazilərdən yüksək məhsuldarlıq əldə edilir. Ona görə də suvarılan ərazilərə çox diqqət yetirilməlidir. Məsələn, suvarılan ərazilərdə növbəli əkin sisteminin tətbiq olunması ilə daimi məhsuldarlığı yüksəltmək olar. Azərbaycan su problemi olan ölkələrə daxildir. Ötən il Azərbaycanda su ehtiyatlarından səmərəli istifadə ilə bağlı komissiya yaradılıb. Bu komissiya tərəfindən çaylar üzərində su tutarlarının yaradılması, anbarların qurulması və bunun da suvarma vaxtlarında ərazilərə hissə-hissə verilməsi məsələləri müzakirə edildi”.

Ekspert əlavə edib ki, suvarma ilə bağlı Azərbaycanda köklü problemlər var:

“Torpaqlar çox xırda hissələrə bölünüb. Müasir suvarma sistemilərini 1, 2, 5 hektar ərazilər üçün qurmaq olmur. Ona görə də ənənəvi suvarma sistemindən istifadə olunur. Bu da torpağın münbitliyinin azalmasına və su itkilərinə ciddi mənfi təsir göstərir. Əhalini məlumatlandıraraq torpaqları suvarmaq üçün birləşdirmək lazımdır. Müasir suvarma üsullarına keçmək əkinçilikdə xeyli qənaətlərə gətirib çıxaracaq. Digər vacib məsələ odur ki, Azərbaycanda suların böyük hissəsi daha çox beton kanallarla yox, torpaq kanallar vasitəsilə gedir. Bu da ən böyük su itkisidir. Bu, olduqca ciddi problemdir.

Yəni su itkisinin qarşısını almaq üçün mövcud vəziyyəti dəyişmək lazımdır. Arxlardan beton kanallara keçmək lazımdır. Beləliklə suvarma sistemini gücləndirə bilərik. Azərbaycanda suvarmada artezian quyularından da geniş istifadə olunur. Bu da ara-sıra gündəmə gələn məsələlərdən biridir. Bu məsələ ilə bağlı artıq beynəlxalq təşkilatların da rəyi var. Azərbaycanda artezian quyuları çoxdur, bu da ekoloji tarazlığı pozur. Bu qərardan sonra ölkədə artezian quyuların sayı azalıb ki, bunu da müsbət amil saymaq olar”.


Abunəlik